Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə martın 16-18-də Rusiyada silsilə tanıtım tədbirləri həyata keçirilib.
Dövlət Turizm Agentliyindən XQ-yə bildirilib ki, “Şahdağ” Turizm Mərkəzi və “Azərbaycan Hava Yolları” QSC (AZAL) daxil olmaqla 13 yerli turizm sənayesi nümayəndəsinin iştirakı ilə keçirilən tədbirlər Moskva və Sankt-Peterburq şəhərlərində təşkil olunub.
Rusiyadan olan 240-dan çox turizm şirkəti və media nümayəndəsinin qatıldığı görüşlərdə Azərbaycan ilboyu cəlbedici turizm istiqaməti kimi təqdim edilib. İştirakçılara ölkəmizin sağlamlıq turizmi, qastronomiya, mədəniyyət və işgüzar tədbirlər sahəsində mövcud imkanları barədə ətraflı məlumat verilib, həmçinin B2B formatında görüşlər keçirilib.
Moskvada keçirilən tədbirdə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev də iştirak edib.

