Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının ilk iclasında səsləndirdiyi fikirlər müasir dünyanın əsas inkişaf istiqamətlərini əks etdirən mühüm mesaj kimi qiymətləndirilə bilər. "Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir" ifadəsi göstərir ki, rəqəmsal transformasiya artıq seçim deyil, dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas faktorlardan biridir.
Bu gün dünyanın aparıcı dövlətləri süni intellekt texnologiyalarına milyardlarla dollar investisiya yatırır, iqtisadiyyatın, səhiyyənin, təhsilin, nəqliyyatın və dövlət idarəçiliyinin müxtəlif sahələrində bu texnologiyaların tətbiqini genişləndirirlər. Eyni zamanda, süni intellekt milli təhlükəsizlik konsepsiyalarının da ayrılmaz hissəsinə çevrilib. Kiberhücumların qarşısının alınması, strateji məlumatların qorunması, risklərin əvvəlcədən müəyyənləşdirilməsi və operativ qərarların qəbulunda süni intellekt imkanları getdikcə daha böyük əhəmiyyət qazanır.
Lakin bu inkişaf yeni riskləri də özü ilə gətirir. Dezinformasiyanın yayılması, kibertəhlükələr, şəxsi məlumatların qorunması, etik və hüquqi məsələlər dövlətlərin qarşısında yeni çağırışlar yaradır. Buna görə də süni intellektin inkişafı ilə yanaşı, onun təhlükəsiz və məsuliyyətli tətbiqini təmin edən hüquqi və institusional mexanizmlərin formalaşdırılması da vacibdir.
Azərbaycanın rəqəmsal inkişaf sahəsində həyata keçirdiyi siyasət məhz bu reallıqları nəzərə alır. Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması dövlət idarəçiliyində innovativ yanaşmaların genişləndirilməsi, rəqəmsal iqtisadiyyatın inkişafı və süni intellektdən səmərəli istifadənin sistemli şəkildə həyata keçirilməsi baxımından mühüm addım hesab oluna bilər.
Birinci-vitse Prezident, xanım Mehriban Əliyevanın çıxışında vurğulanan məqamlar Azərbaycanın qlobal texnoloji transformasiya proseslərində fəal iştirak etmək, rəqəmsal imkanlardan maksimum faydalanmaq və eyni zamanda, yeni təhlükələrə qarşı dayanıqlı müdafiə mexanizmləri formalaşdırmaq niyyətini nümayiş etdirir. Müasir dövrdə süni intellekt sahəsində uğur qazanan dövlətlər yalnız texnoloji üstünlük əldə etmir, həm də iqtisadi, siyasi və təhlükəsizlik baxımından daha güclü mövqeyə sahib olurlar.
Jalə Əliyeva
Milli Məclisin deputatı

