Bu gün planetimiz tufana düşmüş gəmiyə bənzəyir. Bu, təlatümlü vaxtda qardaş türk xalqlarının bir-birilərinə dəstək, həyan olmaları çox vacibdir. Həyat özü bunu bizə israrla diktə edir: Biz birlikdə güclüyük!
Əsrlər boyu qara, şər qüvvələr bizim birliyimizə qənim kəsiliblər. Onlar hələ də öz məkr və hikkələrindən əl çəkmir, türk xalqlarına qarşı hər cür fitnə və fəsad törətməyə çalışırlar. Lakin bu düşmənçilik onlara fayda gətirməz. Axı, bu dəfə qarşılarında güclü, qüdrətli Böyük Turan var!
Dünya bu gün yalnız güc tanıyırsa, bizim də gücümüz yetərlidir! Qoy dünya eşitsin: Turanın heç bir xalqın, dövlətin varında, sərvətində, torpağında gözü yoxdur. Eyni zamanda, türk xalqları öz milli heysiyyatını, ləyaqət və şərəflərini qorumaq gücündədir!
Bu gün zaman türkün xeyrinə işləyir. Türk dövlətləri bir qardaşlıq bayrağı altında birləşiblər, yaxın və uzaq ölkələrə, onların xalqlarına sülh və dostluq əli uzadırlar. Türkdən heç kimə zərər gəlməyib və gəlməz!
Öz keçmişinə hörmət edən, elm və tərəqqi yolunda zəhmətə qatlaşan, ağıllı idarəçilik yolu seçən, haqqa və ədalətə tapınan xalqların işıqlı gələcəyi olur. Türklər qeyrət və hünərlə ulu babalarının milli-mənəvi, əxlaqi dəyərlərini qoruyub gələcəyə daşıyırlar. Biz ədaləti təkcə özümüz üçün deyil, bütün dünya üçün arzulayırıq! Axı kainatın ruhu ədalətdir!
Türklər tarix boyu dosta dost, düşmənə düşmən olan toplumlar olublar. Onlar onlarla güclü dövlət və böyük imperiyalar qurublar. Bundan daha önəmlisi isə odur ki, bəşəri, humanist sivilizasiyalar yaradıblar.
Akademik Lev Qumilyov türkləri gənc və passionar xalq adlandırmışdı! Böyük dövlət adamı Turqut Ozal isə XXI əsri türklərin Zəfər əsri kimi tarixdə qalacağına əmin idi. 2020-ci ilin 8 noyabrında Şuşanın fəthi bu qaçılmaz tarixi prosesi sürətləndirdi!
Xoşbəxtlikdən bu gün nəhəng coğrafi məkanda Böyük Turanın inamlı addım səsləri eşidilir! Üfüqdən yeni türk sivilizasiyası boylanır. Böyük Atatürkün qürurla dediyi kimi, “Nə mutluyam, türkəm deyənə!”.
Məsaim ABDULLAYEV
XQ

