Heydər Əliyevin elm və təhsil strategiyası

post-img

Milli intellektual potensialın gücləndirilməsi

(əvvəli ötən sayımızda)

Ümummilli lider Heydər Əliyevin ölkənin görkəmli elm xadimlərinin yubileylərinin təntənə ilə qeyd edilməsi üçün sərəncamlar verməsi, onlara təbrik məktubları ünvanlaması da Ulu ­öndərin elm adamlarına verdiyi qiymətin parlaq göstəriciləri kimi milli elm tariximizin şərəf səhifələrini təşkil edir.

28 sentyabr 1993-cü il: akademik Azad Mirzəcanzadəyə təbrik 

Həmin gün Azərbaycanın dünyaşöhrətli elm xadimini yubileyi münasibtilə təbrik edən Azərbaycan lideri bildirmişdi: “Hörmətli Azad Xəlil oğlu! Sizi 65 illiyiniz münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizi Azərbaycanın elm, təhsil və iqtisadiyyatının, xüsusən də neft sənayesinin inkişafında elmi istiqamətlərin əvəzsiz banilərindən biri kimi tanıyır və bu sahədə Azərbaycanın dünya şöhrəti qazanmasında misilsiz xidmətlərinizi yüksək qiymətləndirirəm. Ümidvaram ki, Azərbaycan elminin inkişafında xalqın rifahı naminə atdığınız addımlar bundan sonra da səmərəli və uğurlu olacaq və siz vətənimizin tərəqqisi yolunda istedadınızı, zəkanızı, bacarığınızı əsirgəməyəcəksiniz.

Ömrünüzün kamillik çağında sizə xoş diləklərimi bildirirəm”.

20 dekabr 1993-cü il: Elmlər Akademiyasının vitse-prezidenti, akademik Ziya Bünyadova təbrik 

Prezident Heydər Əliyev görkəmli şərqşünas, akademik Ziya Bünyadovu da yubileyi münasibətilə səmimi təbrik etmişdi: “Hörmətli Ziya müəllim! Anadan olmağınızın yetmiş illiyi münasibətilə Sizi ürəkdən təbrik edirəm, müdriklik yaşınızda möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıram.

Siz uzun illər boyu tarix elmimizin inkişafı yolunla gərgin axtarışlar aparmağı ömrünüzün mənasına çevirmisiniz. Orta əsrlər Azərbaycanının açılmamış səhifələrinin araşdırılmasına, öyrənilməsinə həsr edilən onlarca kitabınızla, yüzlərcə məqalənizlə şərqşünaslıq və tarix elmimizə beynəlxalq nüfuz qazandırmağa çalışmısınız. Alim səbriniz və işgüzarlığınız sayəsində Şərq tarixinin əvəzsiz örnəkləri dilimizə tərcümə edilmişdir. Müqəddəs “Qurani-Kərim”i son yetmiş ildə yenidən tərcümə edənlərdən və nəşrə hazırlayanlardan biri kimi böyük savab iş görmüsünüz.

Azərbaycan Respublikası Elmlər Akademiyasının vitse-prezidenti, akademik kimi siz indi də elmi fəaliyyətinizi davam etdirərək xalqımızın tarixi sınağa çəkildiyi bir zamanda əlinizdən gələni əsirgəmirsiniz.

Ümidvaram ki, müstəqil Azərbaycanımız naminə bundan sonra da yorulmadan çalışacaq, bizi elm cəbhəsindəki uğurlarınızla sevindirəcəksiniz”.

23 fevral 1995-ci il: görkəmli ictimai-siyasi xadim, akademik İmam Mustafayevə təbrik 

Müstəqil Azərbaycanın dövlət başçısı sovet dövründə respublikanın siyasi rəhbəri olmuş görkəmli seleksiyaçı alimə təbrikində daha bir elm xadiminin xidmətlərini yüksək dəyərləndirmişdi: “Hörmətli İmam Mustafayev! Sizi 85 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Azərbaycan xalqı sizi həyatını kənd təsərrüfatının müxtəlif sahələrinin inkişaf etdirilməsinə sərf etmiş görkəmli alim, tanınmış ictimai xadim, fəaliyyətini Vətəninə, xalqına xidmətə həsr etmiş böyük vətəndaş kimi tanıyır.

Siz 65 illik yorulmaz, məhsuldar fəaliyyətiniz sayəsində geniş xalq kütlələrinin məhəbbət və ehtiramını qazanmışsınız. İnanıram ki, siz bundan sonra da elmi və ictimai fəaliyyətinizi davam etdirəcək, yeni-yeni nailiyyətlər əldə edəcəksiniz. Sizə bu şərəfli yolda uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik arzulayıram”.

21 aprel 1996-cı il: akademik  Mark Dalinə təbrik 

Ölkə rəhbəri neft kimyası sahəsində görkəmli alimin də yubileyini yaddan çıxarmamışdı: “Hörmətli Mark Aleksandroviç!

Sizi – Azərbaycanın qocaman alimini, Əməkdar elm xadimini anadan olmağınızın 90 illiyi münasibətilə təbrik edirəm.

Siz bütün ömrünüzü Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən neft-kimya məhsullarının sənaye istehsalının elmi əsaslarının işlənməsinə sərf etmişsiniz. Çoxsaylı elmi əsərləriniz və ixtiralarınız Azərbaycan və dünya elminin inkişafına xidmət etmişdir. Fitri istedad, yüksək təşkilatçılıq bacarığınız sayəsində siz böyük nüfuzu olan alim, istehsalat rəhbəri və ictimai xadim kimi tanınmışsınız. Azərbaycan elmi kadrlarının yetişdirilməsində də sizin zəhmətiniz əvəzsizdir. Bu gün Azərbaycanın neft-kimya sahəsində çalışan alim və mütəxəssislərin böyük qismi sizin yetirmələrinizdir.

Əziz Mark Aleksandroviç, bir daha sizi ürəkdən salamlayır, möhkəm cansağlığı, xoşbəxtlik arzulayır, bütün niyyətlərinizin gerçəkləşməsini diləyirəm”.

Bu təbrik məktubları ümummilli lider Heydər Əliyevin elmə, alimə və intellektual əməyə verdiyi böyük dəyərin bariz və parlaq nümunələridir. Həmin məktublarda dövlət başçısının alim şəxsiyyətinə yalnız rəsmi münasibəti deyil, eyni zamanda, dərin hörmətə, səmimi ehtirama və yüksək mənəvi qiymətləndirməyə əsaslanan yanaşması aydın şəkildə görünür. Heydər Əliyev alimləri cəmiyyətin mənəvi-intellektual dayağı, milli inkişafın aparıcı qüvvəsi kimi dəyərləndirir və onların əməyini dövlətçilik baxımından strateji əhəmiyyət daşıyan fəaliyyət kimi təqdim edir.

Akademik Azad Mirzəcanzadəyə ünvanlanmış məktub Heydər Əliyevin nəzəri elmi-tədqiqatların praktikada tətbiqinə verdiyi dəyərlərin əhəmiyyətini göstərməklə müstəqil respublikamızın iqtisadiyyatının dayanıqlı inkişafının elmi inkişafla üzvi şəkildə bağlı olduğunun nümunəsidir.

Akademik Ziya Bünyadova ünvanlanmış məktubda Heydər Əliyev alimin çoxillik elmi fəaliyyətini, tarix və şərqşünaslıq sahəsində apardığı fundamental tədqiqatları yüksək qiymətləndirir. Orta əsrlər Azərbaycan tarixinin araşdırılması, nadir Şərq mənbələrinin dilimizə tərcüməsi, xüsusilə də “Qurani-Kərim”in tərcümə və nəşrindəki xidmətlərinin vurğulanması Ulu öndərin elmi əməyin həm milli-mənəvi, həm də beynəlxalq əhəmiyyətini dərindən dərk etdiyini göstərir. Məktubda alimin yalnız keçmiş xidmətləri deyil, həm də müstəqillik dövründə üzərinə düşən məsuliyyətə sədaqətlə yanaşması xüsusi qeyd olunur ki, bu da Heydər Əliyevin alimləri xalqın taleyüklü məqamlarında fəal mövqedə görmək istədiyini nümayiş etdirir.

Akademik İmam Mustafayevə ünvanlanmış təbrik məktubu isə Heydər Əliyevin elmi fəaliyyəti ictimai və praktiki sahələrlə üzvi şəkildə əlaqələndirən alimlərə verdiyi yüksək dəyərin göstəricisidir. Burada alimin kənd təsərrüfatı sahəsində uzunmüddətli və məhsuldar fəaliyyəti, onun xalqın rifahına xidmət edən elmi axtarışları xüsusi vurğulanır. Heydər Əliyevin İmam Mustafayevi təkcə görkəmli alim deyil, eyni zamanda, böyük vətəndaş və ictimai xadim kimi təqdim etməsi onun elmə sosial məsuliyyət prizmasından yanaşdığını bir daha təsdiqləyir.

Akademik Mark Dalinə ünvanlanan təbrik məktubunda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev yüksək mənəvi biliklərə malik alimin necə bir elm təşkilatçısı, respublikanın neft-kimya sahəsində aktual problemlərin qarşıya qoyulması və həlli istiqamətində böyük xidmətləri olan mütəxəssis kimi xarakterizə olunur. Onun elmi-tədqiqatlarının nəticələrinin tez bir zaman ərzində tətbiq olunması akademik Mark Dalinin yüksək mühəndislik qabiliyyətinə əsaslanırdı.

Məktublarda diqqətçəkən əsas məqamlardan biri Heydər Əliyevin alimlərə yalnız yubiley münasibətilə deyil, bütövlükdə ömür yolu, xidmətləri və cəmiyyətə verdikləri töhfələr kontekstində yanaşmasıdır. O, alimlərin əməyini dövlət səviyyəsində tanıyır, onların fəaliyyətinə mənəvi dayaq olur və gələcək fəaliyyətlərinə inam ifadə edir. Bu yanaşma Heydər Əliyevin elm siyasətinin humanist və uzaqgörən mahiyyətini açıq şəkildə ortaya qoyur.

Ümumilikdə, bu məktublar Heydər Əliyevin Azərbaycan alimlərinə göstərdiyi yüksək ehtiramın, elmi fəaliyyətə verdiyi strateji əhəmiyyətin və intellektual potensialı milli inkişafın əsas dayağı kimi dəyərləndirməsinin canlı nümunələridir. Onlar sübut edir ki, Heydər Əliyev üçün alim – təkcə elmi nəticələr əldə edən mütəxəssis deyil, həm də xalqın yaddaşını, milli kimliyini və gələcəyini formalaşdıran mühüm ictimai missiya daşıyıcısıdır.

23 fevral 1997-ci il:  akademik Ziya Bünyadovla vidalaşma mərasimi

Düşmən qüvvələrin təşkil etdiyi amansız terrorun qurbanı olmuş akademik Ziya Bünyadovun acı aqibəti Ulu öndəri möhkəm sarsıtmış, dərindən kədərləndirmişdi:

“Hörmətli bacılar, qardaşlar, əziz həmvətənlər!

İkinci gündür ki, Azərbaycan Respublikası, Azərbaycan xalqı matəm içindədir. Xalqımıza böyük itki üz veribdir. Xalqımızın böyük oğlu Ziya Bünyadovun vəhşicəsinə qətlə yetirilməsi hamımızı kədərləndirib, qəzəbimizi coşdurub, hiddətləndirib. Biz hamımız matəmə qərq olmuşuq.

Dəhşətli bir hadisədir, təsəvvür etmək mümkün deyil. Azərbaycanın ən dəyərli insanlarından, şəxsiyyətlərindən biri vəhşi, namərd gülləsi ilə qətlə yetirilibdir. Hər bir itki insanı kədərləndirir. Ziya Bünyadov kimi insanların dünyadan getməsi, şübhəsiz ki, böyük itkidir və böyük qəm-qüssə doğurur. Ancaq bu qədər vəhşicəsinə, bu qədər amansız cinayət nəticəsində itkimiz bizi həddindən artıq kədərləndirib, həddindən artıq hiddətləndiribdir və hamımızı ağrıdır, incidir.

Bir də qeyd edirəm, Ziya Bünyadovun həyatdan getməsi bizim üçün böyük itkidir. Çünki o, xalqımızın XX əsrdə yetirdiyi ən görkəmli alimlərdən, ən görkəmli tarixçilərdən və ən görkəmli insanlardan biri idi. Ziya Bünyadov haqqında çox danışmaq olar və güman edirəm, bundan sonra daha da çox danışılacaq, haqqında kitablar, xatirələr yazılacaqdır. 

Ziya Bünyadov adi bir tarixçi, adi bir tarix tədqiqatçısı deyildi. O, mübariz bir tarixçi idi. O, daim mübarizə aparan tarixçi idi. Onun mübarizəsi də Azərbaycanın milli mənafelərinin müdafiəsi ilə bağlı olmuşdur. 

Ziya Bünyadov öz yaradıcılığı ilə, öz böyük yolu ilə özünə böyük heykəl yaratmışdır, özünə böyük bir abidə qoymuşdur. Biz Ziya Bünyadovun xidmətlərini heç vaxt unutmayacağıq”. 

Azərbaycan şərqşünası, Sovet İttifaqı Qəhrəmanı, astaralı tarixçi Ziya Bünyadov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış 91 nəfər ziyalıdan biri idi. Alimin qəbirüstü abidəsinin müəllifi akademik Ömər Eldarov olmuşdur.

Bu nitq ümummilli lider Heydər Əliyevin elmə, alimə və elmi şəxsiyyətin cəmiyyətdə tutduğu mövqeyə verdiyi böyük dəyərin son dərəcə təsirli və mənəvi baxımdan dərin ifadəsidir. Görkəmli alim və ictimai xadim, akademik Ziya Bünyadovun faciəli şəkildə qətlə yetirilməsi ilə bağlı söylənilən bu çıxış təkcə matəm nitqi deyil, eyni zamanda, alim şəxsiyyətinin milli yaddaşdakı yerini, elmin dövlət və xalq üçün daşıdığı strateji əhəmiyyəti açıq şəkildə ortaya qoyan tarixi sənəddir.

Heydər Əliyevin nitqində Ziya Bünyadovun itkisi bütöv Azərbaycan xalqının itkisi kimi təqdim olunur. Bu yanaşma Ulu öndərin alimləri yalnız elmi fəaliyyət sahəsində çalışan mütəxəssislər deyil, xalqın mənəvi dayağı, milli düşüncənin qoruyucuları və daşıyıcıları kimi qiymətləndirdiyini aydın şəkildə göstərir. Onun “xalqımızın böyük oğlu” ifadəsi alim şəxsiyyətinə verilən ən yüksək mənəvi və ictimai qiymətin göstəricisidir.

Nitqdə Ziya Bünyadovun “adi bir tarixçi” deyil, “mübariz tarixçi” kimi xarakterizə edilməsi Heydər Əliyevin elmə fəal və məsuliyyətli mövqedən yanaşdığını nümayiş etdirir. Ulu öndər üçün əsl alim yalnız elmi faktları araşdıran deyil, həm də milli mənafeləri qoruyan, tarixi həqiqətləri cəsarətlə müdafiə edən ziyalıdır. Bu baxımdan Ziya Bünyadovun elmi fəaliyyəti dövlətçilik və milli ideologiya kontekstində dəyərləndirilir.

Heydər Əliyevin Ziya Bünyadovun yaradıcılığını “özünə qoyduğu böyük abidə” kimi səciyyələndirməsi elmi irsin maddi abidələrdən daha qalıcı və dəyərli olduğunu vurğulayan dərin fəlsəfi yanaşmadır. Bu fikir Ulu öndərin elmə uzunmüddətli, tarixi perspektivdən yanaşdığını, elmi irsi xalqın yaddaşında əbədi yaşayan mənəvi sərvət kimi qəbul etdiyini göstərir.

Ümumilikdə, bu nitq Heydər Əliyevin alimlərə olan münasibətinin səmimiliyini, onların əməyinə verdiyi yüksək dəyəri və elmi şəxsiyyətlərin cəmiyyətin inkişafında oynadığı əvəzsiz rolu aydın şəkildə nümayiş etdirir. Nitq sübut edir ki, Heydər Əliyev üçün elm – sadəcə bilik sahəsi deyil, milli varlığın, tarixi həqiqətin və dövlət müstəqilliyinin mühüm təminatçısıdır. Akademik Ziya Bünyadovun xatirəsinə göstərilən bu dərin ehtiram, əslində, bütövlükdə Azərbaycan elminə və alimlərinə verilən ən yüksək qiymətin parlaq təzahürüdür.

28 sentyabr 1998-ci il: Tibb Universitetinin yeni tədris binasının açılışı 

Həmin mərasimdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin  nitqindən: 

“Hörmətli alimlər, müəllimlər, əziz tələbələr!

Mən bu gün sizinlə burada, Tibb Universitetinin yeni böyük, möhtəşəm binasının açılışı münasibətilə görüşümdən çox məmnunam, çox şadam, çox sevinirəm və sizi ürəkdən salamlayıram. Azərbaycan Tibb Universitetinin böyük tarixi vardır. Tibb universiteti Azərbaycan Respublikası, xalqı qarşısında böyük xidmətlər göstərmişdir. 

İndi bu gözəl, möhtəşəm bina bizim qarşımızdadır və biz bu gün bunu böyük iftixar hissi ilə açırıq. Azərbaycanda həkimlər, tibb alimləri həmişə ziyalılarımızın görkəmli hissəsini təşkil ediblər. Bəlkə gənclər bunu bir o qədər bilmir, ancaq kitablardan oxuya bilərlər. Burada bizim hörmətli professorlarımız bu işlərin şahididirlər. Mən də onlarla bərabər ötən onilliklərdə və Azərbaycanın tarixində həkimlərin, tibb alimlərinin respublikamızda təkcə insanların sağlamlığını qorumaq sahəsində yox, tibb elminin inkişaf etdirilməsi sahəsində yox, eyni zamanda, Azərbaycanda ziyalılığın, ziyalı təbəqəsinin yaranmasında, elmin inkişafında, dövlət quruculuğu işində iştirakını yaxşı bilirəm və bu gün xüsusi qeyd edirəm. 

Azərbaycanda böyük tibb alimləri olubdur, onlar sizin xatirinizdədir. Azərbaycanda 1945-ci ildə Elmlər Akademiyası yarananda onun ilk prezidenti həkim, professor, alim Mirəsədulla Mirqasımov olubdur. Elmlər Akademiyasını yaradanlardan biri böyük cərrah, alim Mustafa bəy Topçubaşov olubdur. Azərbaycanda tibb elminin, səhiyyənin inkişafında böyük xidmətlər göstərmiş, uzun müddət tibb institutunun rektoru, səhiyyə naziri olmuş, Azərbaycanın rəhbərliyində olmuş, Dağıstana rəhbərlik etmiş böyük tibb alimi, professor Əziz Əliyev olubdur. 

Bəli, bu insanlar və onlarla bərabər yüzlərlə belə insanlar Azərbaycanda mədəniyyəti, ziyalılığı, yüksək tərbiyəni, mənəviyyatı yaradıblar və Azərbaycanın mühitinə çox böyük təsir ediblər. Bu gün də Azərbaycanın səhiyyə, tibb elmi sahəsində fədakarcasına çalışan alimlərimiz, həkimlərimiz, ziyalılarımızın gözəl bir hissəsini təşkil edir və Azərbaycanın mədəniyyətinin, elminin, səhiyyəsinin inkişafında böyük xidmətlər göstərirlər. Əziz dostlar! Mən sizinlə görüşməyimdən xoşbəxt olduğumu bir daha bildirirəm: Hamınıza cansağlığı, səadət arzulayıram. Hər bir insan üçün çox gərəkli olan şərəfli peşənizdə sizə yeni uğurlar arzulayıram.

Eşq olsun Tibb Universitetinə! Eşq olsun Azərbaycanın gözəl tələbələrinə, gənclərinə! Eşq olsun həkimlərə! Yaşasın müstəqil, demokratik Azərbaycan! İndi mən bu universitet binasının qapılarını açıram ki, siz buraya daxil olasınız, burada işləyəsiniz, təhsil alasınız”.

(ardı var)

Arif HƏŞİMOV,
akademik

 







Sosial həyat