Yaxud dövlətlər və dövlət içində dövlət barədə qeydlər
İranla İsrail və ABŞ arasındakı müharibə həddinə çatmış hərbi münaqişə davam etdikcə ortaya müxtəlif məqamlar çıxır. Yazıda həmin məqamları təhlil edəcək və nəticəyə gələcəyik. Əlbəttə, qarşıdurma tərəflərinin daxilinə və onlarla əlaqəli müxtəlif nüanslara nəzər salmağı da düşünürük.
Başlayaq Birləşmiş Ştatların Terrorla Mübarizə Milli Mərkəzinin direktoru Co Kentin vəzifəsindən istefa verməsindən. O, bu barədə özünün “X” platformasındakı hesabında bildirib və deyib ki, İranla müharibəni vicdanla dəstəkləyə bilmir. Çünki İslam Respublikası tərəfindən ABŞ-a qarşı qaçılmaz təhlükə mövcud olmayıb. Həmçinin keçmiş direktorun sözlərinə görə, müharibə İsrailin təzyiqinin nəticəsidir.
“Aydın oldu ki, biz bu müharibəni İsrail və onun Amerikadakı güclü lobbisinin təzyiqi altında başlamışıq”, - deyən Kent onu da bildirib ki, tutduğu vəzifədə xidmət aparmaq onun üçün şərəf işi olub, lakin hərbi əməliyyatları dəstəkləyə bilməyəcəyi üçün istefa qərarına gəlib.
Əslində, cənab Kent bu mövqeyi ilə heç də ilkə imza atmır. Qeyd edək ki, ABŞ siyasətində Corc Uolden Boll (1909-1994-cü illərdə yaşayıb) adlı məşhur diplomat olub. O, ABŞ-ın Vyetnama qarşı 1955-1975-ci illərdəki müharibəsini dəstəkləməyərək, tutduğu dövlət katibinin müavini postundan istefa vermişdi. Boll hesab etmişdi ki, ölkəsinin Vyetnama hərbi müdaxiləsi kökündən səhvdir. ABŞ-da sonralar da oxşar yolu tutanlara rast gəlinib. Məsələn, Birləşmiş Ştatların Dövlət Departamentinin nümayəndəsi Mattev Hoy 2009-cu ildə ölkəsinin Əfqanıstandakı hərbi kampaniyasını “strateji səhv” adlandıraraq istefa ərizəsi yazmışdı.
ABŞ-ın timsalında Qərbin İraqa qarşı hərbi intervensiyası da bir sıra vəzifəli şəxslərin tutduqları postlarla könüllü vidalaşmaları reallığını doğurmuşdu. Birləşmiş Ştatlarda bu baxımdan Ann Rayt fərqlənir. Diplomat və ehtiyatda olan polkovnik Rayt 2003-cü ildə müharibəyə nümayişkəranə şəkildə etiraz edərək, Dövlət Departamentini tərk etmiş, sülh aktivistinə çevrilmiş və beynəlxalq humanitar təşəbbüslərə qoşulmuşdu.
Yeri gəlmişkən, İraq müharibəsi Böyük Britaniyada da səs-küylü istefalar doğurmuşdu ki, bu baxımdan 1997-2001-ci illərdə xarici işlər naziri postunu tutmuş, dövrünün tanınmış intellektuallarından sayılan Robin Kukun məşhur parlament çıxışından sonra partiya sıralarından ayrılmasını, habelə, Elizabet Vilmşurtsun İraqa hərbi müdaxilənin beynəlxalq hüquqa zidd olduğunu, heç nə ilə əsaslandırılmadığını vurğulayaraq, XİN-də tutduğu vəzifədən getməsini yada salmaq mümkündür.
Əlbəttə, əlahəzrət tarix belə istefalara az şahidlik etməyib. Yəni başqa misallar da var. Amma onları diqqətə çatdırmağa lüzum görmürük. Keçək İrana.
***
Deməli, SSRİ-ni ölkənin “KQB” adlandırılan Dövlət Təhlükəsizliyi Komitəsinin dağıtmasına dair klişeləşmiş deyim var. Sovetlər Birliyinin ən qorxunc strukturu sayılan bu qurumun daxildəki sabitliyə zərbə vuran müxtəlif hadisə və proseslərin gerçəkləşməsində bilavasitə əli olub. Məsələn, Sumqayıt hadisələrini götürək. Həmin vaxt “KQB”çilər erməni millərçiləri ilə əl-ələ verib şəhər ermənilərini qanlarına-qəltan etmişdilər. Məqsəd Qarabağ avantürası üçün zəmin hazırlamaq idi. O avantüra ki, ölkədəki nizamın pozulmasının ilk göstəricisi olmuşdu. SSRİ-nin müxtəlif yerlərində də “KQB” tərəfindən oxşar əməllər törədilmişdi ki, bunlar nəticə etibarilə nəhəng imperiyanı iflasa sürüklədi. İflas nəticəsində isə müttəfiq respublikalar öz müstəqilliklərini elan etdilər.
İranda müharibənin ilk günlərindən diqqətçəkən mənzərə var. Sanki SEPAH adlanan İran İslam İnqilabı Keşikçiləri Korpusu dövlət içində dövlətdir. Qurumun təmsilçilərinin və onlara yaxın şəxslərin bəyanatlarının ölkə rəsmilərinin fikirləri ilə tərs mütənasibliyi diqqətdən yayınmır. İstər-istəməz, yada sovet “KQB”si düşür. Əlbəttə, biz arzulamırıq ki, İran Sovetlər Birliyinin aqibətini yaşasın. Sadəcə, hadisə və proseslər arasında müəyyən oxşarlıq görürük və bu görüntü Cənub qonşumuzda daxili böhran ehtimalının mövcudluğuna dair şübhələr yaradır. Ona görə İran hakimiyyətinin əsas fiqurlarının aradan götürülməsi fonunda İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın SEPAH-ın ünvanına sərt tənqidlərlə çıxış etməsi üzərində dayanaq. Məlum olduğu kimi, cənab Pezeşkian güc strukturlarının hərəkətini “ağılsızlıq” adlandırıb və bu, son dərəcə ciddi siqnaldır.
Durum həm də ona görə ciddidir ki, ölkə Prezidentinin istefa verəcəyinə dair fikirlər dolaşır. Belə ki, ayrı-ayrı mənbələr dövlət başçısının güc strukturlarının hərəkətlərindən qəzəbli olduğunu vurğulayırlar. Onlar bildirirlər ki, fikir ayrılığını gücləndirən olay Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölümüdür. Yəni Pezeşkian hesab edir ki, yüksək vəzifəli məmurun təhlükəsizliyini təmin edə bilməmək, SEPAH-ın səhlənkarlığı yox, siyasi rəqibin xarici qüvvələrin əli ilə fiziki aradan götürülməsinə yönəlmiş qəsdən atılmış addımdır. Mənbələr Laricani ilə yanaşı, onun qardaşının zərərsizləşdirilməsi məsələsinə də toxunurlar. Onlar iddia edirlər ki, SEPAH təhlükəsizliyi təmin etməməklə, nüfuzlu Laricani ailəsinin siyasi təsirini tamamilə aradan qaldırmaq planı qurubmuş. Görəsən niyə?
***
Soyuq yanaşma ortaya bir neçə mühüm nəticəni çıxarır. Nəticələrdən biri İranın hərbi idarəetmə modelinə keçididir. Əslində, bu, müharibə şəraitindəki ölkə üçün məqbul sayılsa da, idarəetmədəki hərbi təmayüllü radikallaşma labüd kimi görünən transformasiya prosesinin kortəbiiliyi barədə təsəvvür formalaşdırır. Axı lap əvvəldə də bildirdik ki, SEPAH dövlət içində dövlətdir və bu, idarəçilik baxımından mənfi tendensiyadır. Elə bir tendensiya ki, cəmiyyətin xarici amillərə qarşı konsolidasiya və konsentrasiyasını pozur. Ortaya suallar çıxır: SEPAH-ın indiki, belə demək mümkünsə, fövqəlgörüntü ampluası qurumun gerçək missiyasına uyğundurmu? Sürətli radikallaşma nə üçündür? Dövləti qorumaq və qalib gəlməyəmi görə? Bəs mülki idarəçilik və onun hərbi elita ilə koordinasiyalı hərəkəti? Əslində, suallar çoxdur və İranda onları doğuran amillər görünür, daha əvvəldən olub. Sadəcə, Ali Dini Lider Ayətullah Əli Xamaneinin varlığı bir çox mətləbləri ört-basdır edirmiş. Müvafiq olaraq, onun zərərsizləşdirilməsinin problemləri üzə çıxardığını da söyləyə bilərik.
İkinci üzərində dayanacağımız məqam da birincinin davamı kimi nəzərdən keçirilə bilər. Məlum olduğu kimi, Ayətullah Əli Xamanenin ölümündən sonra onun yerinə oğlu Müctəba Xamanei Ali Dini Lider postunu tutdu. Yəni, bir növ, varislik xətti götürüldü və ilk baxışdan burada təəccüblü nə isə yoxdur. Amma mövcud konfiqurasiyada M.Xamaneinin SEPAH-a yaxınlığı məsələsi ön plana çıxdı. Bu xüsusda isə onu sözügedən orqanın generallarının əlində “marionet” fiqur qismində qiymətləndirilən baxışlar var ki, həmin baxışların heç də hamısı birmənalı qarşılana bilməz.
Nəzərə alaq ki, İranda Ali Dini Liderlik institutu mahiyyətcə mülki hakimiyyət, dini və hərbi elita arasında tənzimləyici missiya daşıyır. Əgər bu missiyanı yerinə yetirən şəxs, göründüyü qədərilə, hadisə və proseslərin episentrində deyilsə, mərkəzdə dayanmırsa, deməli, konfliktli durumun yaranacağı ehtimalı üzərində düşünməyə dəyər. Siyasi ekspertlər də bu qənaətdədirlər və hesab edirlər ki, hazırda İranda güc strukturları, yəni SEPAH, faktiki olaraq, mülki hakimiyyət institutlarını nəzərə almadan təkhakimiyyətliliyi ələ keçirib. Mövcud durum müharibə aparan ölkə üçün nə dərəcədə məqbuldur?
***
Sonda ümumiləşdirmə apararaq bildirək ki, müharibə iştirakçıları olan tərəflərin daxilində savaş nəticəsində yaranmış vəziyyət fərqlidir. ABŞ-da qlobal qarşıdurma xüsusundakı etiraz tonu fərdi mahiyyət daşımaqla, sistemin böhranı kazusunu şərtləndirmir. Tarixdən gətirdiyimiz ayrı-ayrı istefa misalları da ümumi mənzərəni dəyişməmişdi. Digər tərəfdən, hazırda İsraildə də müharibənin doğurduğu şərait fonunda hansısa ikitirəlik ab-havası müşahidə edilmir. Deməli, İranda vəziyyətin məxsusiliyi var və qeyd etdiklərimiz qənaətimizin təsdiqi kimi qiymətləndirilə bilər.
Əlbəttə, ABŞ və İsraildən fərqli olaraq, İran müdafiə olunan tərəf statusundadır. Yəni ölkənin, müəyyən mənada, zəiflik görüntüsü var. Hərçənd, tarix müdafiə olunan ölkədə siyasi və mənəvi konsolidasiyanın getdiyinə dair örnəklərə şahiddir və hazırkı İranı bu baxımdan nümunə saymaq olmaz. Belə bir şəraitdə Tehranda vəziyyət son dərəcə qeyri-sabit təəssüratı yaradır.
Deməli, Prezident Pezeşkianın haqqında söz açdığımız istefası İranın mövcud siyasi sistemi üçün dönüşü olmayan nöqtəyə çevrilə bilər. Hər halda, dövlət başçısı ilə hərbi elitanın konfrontasiyasının detalları ilə bağlı fikirləri diqqətə çatdırdıq.
Ə.CAHANGİROĞLU
XQ

