Şirvan Şəhər İcra Hakimiyyətinin, şəhərin mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruza həsr olunmuş ümumşəhər bayram şənliyi keçirilib.
Mərasimdə şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, şəhər sakinləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Şirvan şəhər Məhəmməd Füzuli adına Mədəniyyət və istirahət parkında yerləşən Zəfər abidəsinin önündə keçirilən mərasimdən öncə şəhər icra hakimiyyətinin başçısı İlqar Abbasov şəhid övladları ilə birlikdə bayram tonqalını alovlandırıb.
Ulu ozan Dədə Qorqud qədim bayram münasibətilə xalqımıza xeyir-duasını, xoş arzularını bildirib. Keçəl və Kosa şənliyə gələn qonaqları salamlayaraq şən söhbətləri ilə onlara bayram əhvali-ruhiyyəsi bəxş ediblər.
İcra hakimiyyətinin başçısı İlqar Abbasov xalqımızın milli-mədəni sərvətlər xəzinəsində xüsusi yeri olan Novruz bayramı münasibətilə şəhər sakinlərini təbrik edib, möhkəm can sağlığı, xoş ovqat, bahar əhvali-ruhiyyəsi və bol ruzi-bərəkət arzulayıb.
Sonra Şirvan idmançılarının cəngi sədaları altında müxtəlif idman növləri üzrə nömrələrinə, şəhər ümumtəhsil məktəblərinin hazırladıqları Novruz atributlarına, milli mətbəximizin və geyimlərimizin nümunələri, əl işləri və rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilib.
N.MİKAYIL,
XQ-nin bölgə müxbiri


