Azərbaycan rəqəmsal transformasiya ilə gələcəyə inamla addımlayır

post-img

Rəqəmsal inkişaf ölkəmizin strateji fəaliyyət prioritetlərinin əsas istiqamətlərindən birini təşkil edir. Sirr deyil ki, bu sahədə həyata keçirilən ardıcıl islahatlar dövlət idarəçiliyinin səmərəliliyini artırır, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətini yüksəldir və ölkəmizin dayanıqlı inkişafına mühüm töhfə verir. Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə ölkəmizdə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi də rəqəmsal transformasiya sahəsində dövlət siyasətinin ardıcıl şəkildə davam etdirildiyini və bu istiqamətdə yeni mərhələnin başlandığını göstərən mühüm addımdır. 

Bu fikirləri Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib. Deputat söyləyib ki, Birinci vitse-prezident çıxışında rəqəmsallaşma prosesinin prioritet istiqamətlərini diqqətə çatdıraraq bu sahədə qarşıda duran əsas vəzifələrə toxundu. 

Mehriban xanım bildirdi ki, bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilir, cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkənin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilib və verilən tapşırıqlara uyğun olaraq Rəqəmsal İnkişaf üzrə Fəaliyyət Planı təsdiqlənib. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edəcək konkret Yol Xəritəsi müəyyənləşdirilib.

Mehriban xanım Əliyeva haqlı olaraq bildirdi ki, Şuranın əsas vəzifəsi dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək, vahid yanaşma formalaşdırmaq və qəbul edilən qərarların vaxtında, səmərəli icrasını təmin etməkdir. Əsas məqsəd yeni texnologiyaların tətbiqi, eyni zamanda ölkə iqtisadiyyatına güclü təkan vermək, müasir innovasiya ekosistemi formalaşdırmaq, yerli və xarici investisiyaları cəlb etmək, startapların inkişafını dəstəkləmək və daha səmərəli dövlət idarəetmə sistemi yaratmaqdır.

Birinci vitse-prezident diqqətə çatdırdı ki, süni intellekt artıq bu günün əsas inkişaf amillərindən biridir. Eyni zamanda onun dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu getdikcə artır və strateji əhəmiyyət kəsb edir.  Həmçinin dünyanın aparıcı ölkələrində süni intellektin inkişafının gözlənilən proqnozlardan daha sürətlə irəlilədiyi, bunun isə həm yeni imkanlar, həm də yeni risklər yaratdığı qeyd olundu. Bu baxımdan, kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində mövcud və yarana biləcək çağırışlara daim hazır olmağın vacibliyi xüsusi vurğulandı.

Deputat sonda qeyd edib ki, Mehriban xanım Əliyevanın bildirdiyi kimi qarşıya qoyulan məqsədlərə nail olmaq bütün dövlət qurumlarının əlaqələndirilmiş, fəal və səmərəli fəaliyyətini tələb edir. Məqsəd Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Bunun üçün beynəlxalq təcrübə öyrənilməli, uğurlu modellərdən istifadə edilməli, eyni zamanda bütün qərarlar Azərbaycanın milli maraqlarına və strateji ehtiyaclarına uyğun şəkildə qəbul olunmalıdır.

Bütün bunlar bir daha təsdiq edir ki, rəqəmsal transformasiya Azərbaycanın gələcəyini formalaşdıran strateji inkişaf kursu olmaqla yanaşı ölkənin innovativ və dayanıqlı inkişafının əsas təminatıdır.

İKT