Qərbi Azərbaycandan deportasiya olunmuş insanların hüquqlarının qorunması və onların doğma ata-baba yurdlarına qayıdışı məsələsinə uzun illər ərzində laqeyd yanaşılması diqqətçəkən məqamlardan biridir. Halbuki tarixi reallıq ondan ibarətdir ki, həmin ərazilərdə əsrlər boyu azərbaycanlılar yaşamış, zəngin maddi və mənəvi irs formalaşdırmışlar.
Ağır və keşməkeşli taleyin canlı şahidlərindən biri – 5 fevral 1949-cu ildə Qərbi Azərbaycanın Əştərək rayonunun Cadqıran kəndində dünyaya gəlmiş Mehtiyev Həmid Musa oğlu yaşadıqları faciəni dərin kədər hissi ilə xatırlayır. Onun sözlərinə görə, valideynləri, qohumları və həmkəndliləri heç bir əsas göstərilmədən doğma torpaqlarından köçürülmüşdür.
Cadqıran kəndi İrəvan şəhərindən, təxminən, 10 kilometr məsafədə yerləşirdi. Kənd Axta, Gümüş və Zəngibasar rayonları ilə yanaşı, İrəvan ərazisindən keçərək axan, nəğməli səsi ilə yaddaqalan Zəngi çayının yaxınlığında salınmışdı. Sonralar bu çayın adı dəyişdirilərək Razdan adlandırılmışdır. Ərazinin relyefi əsasən dağətəyi zonadan ibarət idi, saf və sərin bulaqları, münbit torpaqları, əlverişli iqlimi burada kənd təsərrüfatının, xüsusilə meyvəçilik və tərəvəzçiliyin inkişafına geniş imkan yaradırdı. Eyni zamanda, heyvandarlıq üçün də əlverişli şərait mövcud idi.
Kəndin aşağı hissəsində yerləşən səfalı Ərzini sanatoriyası, eləcə də Damcılı və Zağalı kimi bulaqlar bölgənin içməli su təminatında mühüm rol oynayırdı. Qədim Ayvazalı qəbiristanlığı isə bu torpaqların tarixən azərbaycanlılara məxsus olduğunu təsdiqləyən mühüm maddi sübutlardan biridir.
Həmid Mehtiyev bildirir ki, 1947–1950-ci illərdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində onların ailəsi də zorla köçürülənlər sırasında olub. 1898-ci il təvəllüdlü nənəsi Şərəbanı xanımın sözlərini xatırlayan müsahibim qeyd edir ki, insanlar tələsik şəkildə yük vaqonlarına mindirilərək “Azərbaycana aparılırsınız” deyə aldadılmışdılar. Günlərlə davam edən ağır yol şəraitində insanlar böyük əzab-əziyyət çəkmiş, bu çətinliklərə tab gətirməyənlər həyatını itirmiş, onların taleyi ilə maraqlanan isə olmamışdır.
Kür-Araz ovalığında məskunlaşmaq təklif edilsə də, sərin iqlimə alışmış insanların isti və əlverişsiz şəraitə uyğunlaşması son dərəcə çətin olmuşdur. Bu səbəbdən ailə sonradan Tərtər rayonuna köçmək məcburiyyətində qalmışdır. Müsahibim qeyd edir ki, valideynləri ömürlərinin sonunadək vətən həsrəti ilə yaşamışlar. Onun Zəngibasar rayonunda qalan qohumları isə 1988-ci ildə kütləvi şəkildə deportasiyaya məruz qalmışdır. Nəticədə, Ermənistan monoetnik dövlətə çevrilmişdir.
Həmid Mehtiyev əmindir ki, Qərbi azərbaycanlılar gec-tez öz doğma torpaqlarına qayıdacaqlar. Bu qayıdış yüz minlərlə insanın hüquqlarının bərpası və beynəlxalq hüququn tələblərinin təmin olunması baxımından ədalətli həll kimi qiymətləndirilir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, azərbaycanlıların Ermənistana qayıdışı heç kimdə narahatlıq doğurmamalıdır və bu proses gec-tez reallığa çevriləcəkdir.
Digər müsahibim – əslən Qərbi Azərbaycanın Vedi rayonunun Kolanı kəndindən olan Məmmədov Faiq Mərdan oğlu 1957-ci ildə Tərtər rayonunun İrəvanlı kəndində anadan olmuşdur. Qeyd edək ki, bu kəndin sakinlərinin böyük əksəriyyəti Qərbi Azərbaycandan deportasiya edilmiş ailələrdən ibarətdir.
Onun valideynləri Vedi rayonunun Kolanı kəndindən köçürülmüşlər. Rayon mərkəzindən uzaqda yerləşən bu kənd zəngin təbii bulaqları ilə seçilirdi. Azərbaycanlılara məxsus ərik, üzüm, fındıq və qoz bağlarında yetişdirilən məhsullar İrəvan şəhərinin mərkəzində yerləşən Qara bazarda satılırdı. Həmin dövrdə İrəvanda azərbaycanlıların sayının ermənilərdən daha çox olduğu qeyd olunur.
Kolanı kəndində azərbaycanlılara məxsus qədim qəbiristanlıq bu gün də mövcuddur. Ərazidə yerləşən qədim karvansara isə vaxtilə uzaq səfərlərə çıxan yolçulara xidmət göstərmişdir. 1948-ci ildən etibarən Vedibasar bölgəsindən, o cümlədən Kolanı kəndindən əhali qısa müddət ərzində tamamilə köçürülmüşdür.
Faiq Məmmədovun valideynləri əvvəlcə Salyan rayonunun Şorsulu kəndinə yerləşdirilmiş, lakin iqlim və yaşayış şəraiti ilə bağlı ciddi çətinliklərlə üzləşmişlər. Qərbi Azərbaycandan gətirilən mal-qara tələf olmuş, insanlar yeni mühitə uyğunlaşmaqda çətinlik çəkmişlər. Bir müddət sonra ailə Tərtər rayonunun İrəvanlı kəndinə köçmüşdür. Qeyd edək ki, bu kəndin əsası 1928-ci ildə qoyulmuşdur.
Hazırda Qərbi Azərbaycan İcmasının Tərtər rayonu üzrə nümayəndəsi olan 69 yaşlı Faiq Məmmədov doğma yurduna qayıdacağı günü böyük ümid və səbirsizliklə gözləyir.
Vəli VƏLİYEV
XQ

