108 il əvvəl erməni quldurları xalqımıza qarşı dəhşətli zorakılıqlar törədiblər
Azərbaycan xalqı şanlı, şərəfli tarixi yol keçib. Təəssüf ki, millətimizin taleyinə bir çox ağır faciələr və soyqırımları da yaşamaq nəsib olub. 1918-ci ilin mart soyqırımları zamanı xalqımız xüsusilə ağır zorakılıqlarla üzləşib. Qaniçənlərin ideoloqları şovinist Şaumyan və onun “bolşevik silahdaşları”, qətliamların icraçıları başkəsən daşnak quldurları olublar.
Qeyd etmək lazımdır ki, 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə bəşər tarixinin ən qanlı faciələrdən biridir. Belə ki, erməni cəlladları o günlərdə etnik zəmində uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetiriblər. On minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanlar süngüdən keçirilib, diri-diri yandırılıb.
Sovet hökuməti 70 il ərzində bu qanlı cinayətləri ört-basdır etməyə çalışsa da, əsl həqiqəti xalqdan gizlətmək mümkün olmayıb. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yaranıb. Uzun illər gizli saxlanılan acı həqiqətlər üzə çıxarılaraq beynəlxalq ictimaiyyətə çatdırılıb.
Ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərman imzalayıb. Bu mühüm sənəd soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi istiqamətində araşdırma səylərinin artırılmasına təkan verib. Beləliklə, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Bakı Dövlət Universitetinin professoru Atamoğlan Məmmədli bizimlə söhbət zamanı dedi ki, azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilib. O ağır günlərdə daşnakların törətdikləri ağlasığmaz zorakılıqlar bu günün özündə də qəddarlığı ilə bəşəriyyəti dəhşətə gətirir.
BDU-nun professoru, həmçinin bildirdi ki, 1918-ci ilin mart qırğınlarının baş verdiyi dövrdə Bakı Sovetində hakimiyyət qatı şovinist Stepan Şaumyanın əlində idi. Məhz bu bolşevik cəlladının təşəbbüsü və göstərişi ilə silahlı cinayətkar dəstələr müsəlmanların qanına susamış erməni daşnakları ilə birlikdə Bakı əhalisinə qarşı kütləvi qətliamlar törədiblər.
Həmin dəhşətli günlərin şahidi olmuş Kulner familiyalı bir alman 1925-ci ildə Bakı hadisələri barədə bunları yazmışdır: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”. Erməni qaniçənləri o qədər quduzlaşmışdılar ki, onların amansız hücumlarından sığınmağa çalışan 2 min nəfərin yerləşdiyi şəhər xəstəxanası yandırılmış, gənc qadınlar diri-diri divara mıxlanmışdılar.
İrəvan quberniyası, Şərur-Dərələyəz, Sürməli, Qars və digər ərazilərdə azərbaycanlıların qırğınının fəal iştirakçılarından biri olmuş erməni zabiti Ovanes Apresyanın xatirələri əsasında amerikalı alim Leonard Ramsden Hartvillin qələmə aldığı “İnsanlar belə imişlər” adlı kitabda göstərilir ki, ermənilərin təkcə Bakıda mart qırğınları zamanı 25 min azərbaycanlını vəhşicəsinə öldürmüşlər.
1918-ci ilin mart-aprel aylarında Şamaxıda 8 minə qədər dinc sakin qətlə yetirilmişdir. Şamaxı Cümə məscidi də daxil olmaqla əksər mədəniyyət abidələri yandırılmış və ya uçurulmuşdur. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə yandırılmış, əhalisi məhv edilmişdir. 1918-ci il aprelin 29-da Gümrü yaxınlığında əsasən qadın, uşaq və yaşlılardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq son nəfərinədək qətlə yetirilmişdir.
Erməni silahlı dəstələri Zəngəzur qəzasında 115 azərbaycanlı kəndini məhv etmiş, 3 min 257 kişi, 2 min 276 qadın və 2 min 196 uşağı öldürmüşdülər. Bütövlükdə, bu qəza üzrə 10 min 68 azərbaycanlı öldürülmüş və ya şikəst edilmiş, 50 min azərbaycanlı qaçqın düşmüşdür. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı soyqırıma məruz qalmış, kəndlər isə yerlə-yeksan edilmişdir. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş etmiş, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kənd dağıdılmış, əhalisi məhv edilmişdir.
...2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən 1918-ci ilin may ayında erməni quldur dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutuna çevrilən kütləvi məzarlıq aşkar edilmişdir. Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.
2013-cü il sentyabrın 18-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışını ediblər. Dövlətimizin başçısı mərasimdə demişdir: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir”.
Memorial Kompleks 2012-2013-cü illərdə Quba şəhərində Qudyalçayın sol sahilində, keçmiş stadion ərazisində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır. Kompleksin ümumi sahəsi 3,5 hektardır və 5 hissədən ibarətdir. Memorial Kompleksi on minlərlə insan ziyarət etmişdir. İndiyədək Quba Soyqırımı Memorial Kompleksini 60-dan çox ölkədən gələn turist və nümayəndə heyətləri ziyarət edib. Ziyarətçilər arasında ölkə vətəndaşları ilə yanaşı, xarici vətəndaşlar da çoxdur.
Qeyd etmək lazımdır ki, Qubada daşnak-erməni işğalçılarına qarşı döyüşlərdə yerli vətəndaşlar Qafqaz-İslam Ordusu ilə birgə vuruşaraq ciddi müqavimət göstəriblər. Quba Rayon Ağsaqqallar Şurasının sədri İldırım Məmmədov dedi ki, o ağır günlərdə yerli sakinlərlə bərabər, qardaş türk əsgərləri də qəhrəmancasına həlak olublar. Hazırda Qubanın İqriq kəndində 2, Susay kəndində 1 naməlum türk əsgərinin məzarı var. Onların abidəsi həmişə sakinlər və rayona gələn turistlər tərəfindən ziyarət olunur.
İldırım Məmmədov sonra dedi ki, 1918-ci ildə bolşevik-daşnak quldur dəstələrinin xalqımıza qarşı törətdiyi ağır zorakılıqları heç vaxt unutmaq olmaz. Bu, bir həqiqətdir ki, tarix ondan ibrət dərsi çıxarmayanları daha ağır sınaqlarla qarşılaşdırır. Azərbaycan xalqı amansız mart qırğınları qurbanlarının əziz xatirəsini daim yad edərək bu qanlı cinayəti törədənləri qətiyyətlə lənətləyir.
Bu gün müstəqil Azərbaycanın hər bir vətəndaşının, bütün ziyalılarımızın qarşısında duran əsas vəzifələrindən biri 1918-ci ilin Mart qırğınları zamanı şovinist erməni millətçilərinin, onların cinayətkar dəstələrinin xalqımızın başına gətirdiyi müsibətləri dünya ictimaiyyətinin nəzərinə çatdırmaqdır. Dünya məkrli və qəddar erməni xislətindən xəbərdar olmalıdır ki, bəşəriyyət əleyhinə yönəldilmiş belə ağır cinayətlər bir daha təkrarlanmasın.
Məsaim ABDULLAYEV
XQ

