AİB-in rəqəmsal dəhlizlər layihəsi

post-img

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanın da iştirak etdiyi daha bir regional təşəbbüsü – CORRIDOR layihəsini nəzərdən keçirir. Xüsusi Texniki Yardım Fondunun 1 milyon ABŞ dolları məbləğində dəstəklədiyi bu layihə Asiya və Sakit okean regionu ölkələrində iqtisadi artımın sürətləndirilməsi, dayanıqlığın və rəqabət qabiliyyətinin artırılması məqsədilə regional rəqəmsal dəhlizlərin inkişafına yönəlib.

Azərbaycanla yanaşı, təşəbbüs Banqladeş, Gürcüstan, Hindistan, İndoneziya, Qazaxıstan, Monqolustan, Pakistan, Filippin, Çin, Şri-Lanka, Tailand, Türkmənistan, Özbəkistan və Vyetnam da daxil olmaqla çox sayda ölkələri əhatə edir. “CORRIDOR” proqramı digər subregional platformalar çərçivəsində təhlükəsiz, inklüziv və uyğunlaşdırılmış sərhədlərarası rəqəmsal transformasiyanın təşviqinə yönəlib. Təşəbbüs “Asia-Pacific Digital Highway” və “Connect Asia-Pacific” layihələrinin həyata keçirilməsi üçün ilkin layihələndirmə və tənzimləyici hazırlıq işlərini təmin edən əməliyyat mexanizmi kimi təqdim olunur.

Layihənin əsas istiqamətlərinə 5 prioritet üzrə biliklərin yaradılması, potensialın artırılması və tərəfdaşlıqların inkişafı daxildir: regional əlaqəliliyin və ümumi rəqəmsal infrastrukturun inkişafı, o cümlədən fiberoptik şəbəkələri, data mərkəzləri, bulud xidmətləri və rəqəmsal ictimai infrastruktur; ticarətin rəqəmsallaşdırılması və təchizat zəncirlərinin səmərəliliyini artırmaq üçün “ağıllı sərhəd sistemləri”nin tətbiqi; regional rəqəmsal ictimai faydaların, “yaşıl data infrastrukturu”nun və süni intellekt əsaslı sistemlərin uyğunlaşdırılması; texnoloji sahibkarlığın və innovativ ekosistemlərin dəstəklənməsi üçün regional investisiya mexanizmlərinin formalaşdırılması; kibertəhlükəsizlik, məlumatların idarə olunması və rəqəmsal ictimai infrastruktur sahələrində model qanunlar və tənzimləyici “sandbox”lar vasitəsilə rəqəmsal siyasət və tənzimləmələrin harmonizasiyası.

XQ

İqtisadiyyat