Təqvimin unudulmaz səhifələri

post-img

Nurəddin Babayev – 105

Görkəmli publisist, media nəzəriyyəçisi

Nurəddin Babayev Azərbaycan jurnalistikasının vicdanı, sarsılmaz intizamı hesab olunan, qələmi ilə xalqının mənəvi ucalığına xidmət edən nadir şəxsiyyətlərdəndir. 1921-ci ildə dünyaya göz açan görkəmli nasir ömrünün 70 ilini sözün qüdrətinə və həqiqətin işığına həsr etdi. Onun həyat yolu həm də mürəkkəb bir dövrün sənədli salnaməsidir.

N.Babayevin jurnalistlik fəaliyyəti 1940-1941-ci illərdə, hələ gənclik xəyallarının qanadlandığı bir vaxtda “Azərbaycan pioneri” qəzetində sadə ədəbi işçi kimi başlamışdı. Lakin taleyin amansız sınağı olan İkinci Dünya müharibəsi gənc qələm sahibini yazı masasından ayırıb barıt qoxulu səngərlərə atdı. 1941-1943-cü illərdə ön cəbhənin qaynar nöqtələrində vuruşan Nurəddin Babayev, təkcə sözü ilə deyil, silahı ilə də vətənin keşiyində durdu. Ağır yaralanaraq baş leytenant rütbəsi ilə doğma Bakıya qayıtması onun cismində müharibənin ağrılarını, ruhunda isə sarsılmaz qələbə əzmini daşıdığının sübutu idi.

Cəbhədən qayıtdıqdan sonra yarımçıq qalan yaradıcılıq həvəsi daha da artdı. 1943-1945-ci illər arasında “Kommunist” qəzeti kimi nüfuzlu bir redaksiyada şöbə müdiri, “Azərbaycan müəllimi” qəzetində isə redaktor müavini vəzifələrini icra edərək mətbuatın idarəçilik mexanizmlərini dərindən mənimsədi. 1953-cü ildən etibarən “Uşaqgəncnəşrdə” baş redaktor kimi fəaliyyət göstərməsi isə onun gənc nəslin maariflənməsinə, uşaq ədəbiyyatının və mətbuatının inkişafına verdiyi ən böyük töhfələrdən biri kimi tarixə düşdü.

Nurəddin müəllimin bu sahədəki misilsiz xidmətləri 1966-cı ildə ona mətbuatımızın nüfuzlu mükafatlarından biri olan “Qızıl qələm”i qazandırdı. Şöhrəti ölkə sərhədlərini aşaraq beynəlxalq aləmə yayıldı. Fransadan Kubaya, Bolqarıstandan Finlandiyaya qədər müxtəlif ölkələrdə elmi məqalələri bir çox xarici dillərə tərcümə olunaraq çap edildi.

1991-ci ildə əbədiyyətə qovuşan görkəmli nasir mətbuat tariximizdə öz dəst-xətti, prinsipial mövqeyi və səmimi təhkiyəsi ilə silinməz iz qoydu.

Əli Kərim – 95
Yarımçıq ömrün əbədi şeiriyyəti

Əli Kərim XX əsr Azərbaycan poeziyasının istedadlı şairləri sırasında yer alıb. Onun yaradıcılığı ruhun səmimi etirafı, insanın daxili aləminin poetik xəritəsidir. 1931-ci ildə Göyçayda dünyaya göz açan şair Azərbaycan ədəbiyyatında modernizmə və intellektual lirikaya qiymətli töhfələr verib. Onun uşaqlıq illərinin İkinci Dünya müharibəsinin qorxulu və qıtlıq dolu günlərinə təsadüf etməsi qəlbində erkən yaşda həssaslıq və dərin ağrılar yaratmışdı. Müharibənin gətirdiyi yoxsulluq və parçalanmış talelər balaca Əlinin qəlbində dərin yaralar açmışdı. Sonralar bu sarsıntılar onun şeirlərində kədər dolu motivlərə çevrilmişdi.

Bakı Dövlət Universitetinin filologiya fakültəsində keçən tələbəlik illəri Əli Kərim üçün həm də sözün ilahi gücünü kəşf etmək mərhələsi idi. Burada klassik irsin dərinliklərinə nüfuz edən gənc şair, eyni zamanda, dünya ədəbiyyatının nəhəngləri ilə tanış olaraq öz bənzərsiz üslubunun təməllərini qoydu. Onun poeziyası hələ o illərdən səmimiyyəti və süni pafosdan uzaqlığı ilə seçilirdi. Şairin yaradıcılığında sevgi, tənhalıq və vətənpərvərlik motivləri bir-birini tamamlayır. “İki sevgi”, “Qaytar ana borcunu”, “Nə xoşbəxt imişəm bir zaman Allah” kimi incilər oxucunu həm həyəcanlandıran, həm də düşündürən sənət nümunələridir.

Əli Kərimin poeziya aləminə gəlişi Azərbaycan ədəbiyyatının durğun sularını hərəkətə gətirən dalğa, intellektual tufan idi. 1950-ci illərin əvvəllərində “Azərbaycan gəncləri”, “Ulduz”, “Ədəbiyyat və incəsənət” kimi mətbu orqanlarda işıq üzü görən misraları ilə o, oxucuya fərqli təfəkkür tərzi təqdim etdi. Əli Kərim sözü bəzəmirdi, sözün mahiyyətini insanın daxili aləminin ən gizli künclərinə işıq salmaq üçün bir vasitəyə çevirirdi.

İllər ötür, lakin taleyin amansız hökmü ondan yan keçmir. 1969-cu ildə cəmi 36 yaşında dünyasını dəyişir. Onun vaxtsız vəfatı Azərbaycan ədəbiyyatında böyük itki kimi qəbul edilir.

Rafiq Babayev – 90
Novator bəstəçi, ünlü caz ustası

Xalq artisti Rafiq Babayev milli caz janrının istedadlı təmsilçisidir. Onun yaradıcılığı Şərq və Qərb musiqi təfəkkürünün nadir vəhdətini əks etdirir. Rafiq Babayev həm virtuoz pianoçu, həm mahir aranjimançı, həm də novator bəstəçi kimi milli musiqimizi zənginləşdirən şəxsiyyətlərdəndir. R.Babayevin sənət yolu muğamlarımızın fəlsəfi dərinliyi ilə cazın azad ruhunun qovuşduğu bir nöqtədir ki, bu da onu dünya musiqi arenasında fərqləndirən əsas amildir.

Rafiq Babayevin həyat hekayəsi musiqi mədəniyyətinin həm ən parlaq, həm də ən kədərli səhifələrindən biridir. 1936-cı ilin martında Bakıda dünyaya göz açan bəstəkar repressiya dövrünün ağır sınaqları ilə hələ körpə ikən qarşılaşmışdı. Atası Fərzi Babayevin güllələnməyə məhkum edilməsi ailənin sonrakı həyatına ağır və sarsıdıcı təsir göstərsə də, anası Şahbəyim xanımın iradəsi sayəsində altı övladın hər biri cəmiyyət üçün faydalı şəxsiyyət kimi yetişdi.

Bu çətinliklər içində böyüyən Rafiqin musiqi istedadı özünü çox erkən büruzə verdi. 160 nömrəli musiqi məktəbində təhsil alarkən ilk caz kvartetini yaratması onun azad ruhlu sənətə olan meylinin xəbərçisi idi. Asəf Zeynallı adına Musiqi Məktəbində aldığı təhsil onun texniki ustalığını cilaladı. Xalq Çalğı Alətləri Ansamblındakı fəaliyyəti ilə gənc bəstəkar milli musiqinin incəliklərini dərindən mənimsədi.

Musiqiçi kimi formalaşdığı illərdə Rafiq Babayev təkcə icraçı deyil, həm də novator kimi tanındı. 1967-ci ildə dünyaşöhrətli müğənni Rəşid Behbudovun dəvəti ilə Mahnı Teatrının musiqi rəhbəri vəzifəsini icra etməsi onun yaradıcılığında yeni bir mərhələ açdı. Teatrlaşdırılmış böyük konsert proqramlarının hazırlanmasında göstərdiyi fədakarlıq və peşəkarlıq Azərbaycan səhnə mədəniyyətinə yeni nəfəs gətirdi.

Elə həmin il Tallində keçirilən Beynəlxalq Caz Festivalında laureat adını qazanması və “Bayatı-kürd” ladı əsasında təqdim etdiyi kompozisiyanın dünya caz mütəxəssisləri tərəfindən yüksək qiymətləndirilməsi onun Şərq muğamı ilə Qərb cazını hansı ustalıqla sintez etdiyinin əyani sübutu idi. Gennadi Stepanişşevdən Səyavuş Kərimiyə, Tofiq Cabbarovdan Cəmil Əmirova qədər böyük bir nəsil Rafiq Babayev məktəbinin yetirmələri idilər.

1991-ci ildə “Cəngi” folklor-caz kollektivini yaratmaqla Rafiq Babayev milli musiqi tariximizdə inqilab etdi. Öz səsyazma studiyasını quraraq folklor alətlərinin səs imkanlarını müasir harmoniya ilə zənginləşdirdi. 1993-cü ildə Xalq artisti fəxri adına layiq görülməsi onun illərlə çəkdiyi zəhmətin bəhrəsi oldu. 1994-cü ilin müdhiş mart günü təkcə bir bahar sevincini deyil, həm də Azərbaycan musiqisinin döyünən qəlbi olan sənətkarın ömür nəğməsini yarımçıq qoydu. Novruz bayramı ərəfəsində, şəhərin üzərinə yaz nəfəsi qonmağa başladığı gündə metronun qaranlıq tunellərində partlayan bomba bütöv bir mədəniyyət sütununu sarsıtdı. Erməni ekstremizminin xain və amansız siması o gün günahsız insanların, qocaların və uşaqların qanına susamışdı; həmin qanlı siyahıya Rafiq Babayev kimi bir dühanın da adı əbədi həkk olundu.

Musiqi ilə sülhün vəhdətini yaradan bir insanın həyatına nifrətin və vəhşətin dili ilə son qoyulması taleyin ən acı təzadı idi. Rafiq Babayev o gün həyatla vidalaşdı.

Bu il onun 90 illik yubileyi tamam olur. Tanınmış bəstəkarın miras qoyduğu irs hər bir azərbaycanlının qəlbində əbədiyaşardır.

Fidan ƏLİYEVA
XQ

Mədəniyyət