Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr yüksələn xətlə inkişaf edir. İki ölkə arasında münasibətlər Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra daha da intensivləşdi. Azərbaycanın xarici siyasət kursunu mükəmməlcəsinə yenidən quran Ümummilli lider Çin Xalq Respublikası ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdı.
1994-cü ildə Heydər Əliyevin Prezident kimi Çinə rəsmi səfəri zamanı iki ölkə arasında 8 mühüm müqavilə imzalandı ki, bu da qarşılıqlı əməkdaşlığın və dostluğun möhkəmlənməsi baxımından böyük əhəmiyyət kəsb edirdi. Beləliklə, Ulu öndərin milli maraqlara söykənən xarici siyasət kursu Azərbaycanı beynəlxalq münasibətlərin vacib aktoruna çevirdi.
Sonrakı dövrlərdə Prezident İlham Əliyev bu strategiyaya sadiq qalaraq beynəlxalq aləmlə, o cümlədən, dünyanın iqtisadi nəhənglərindən olan Çin ilə əlaqələrin inkişafına xüsusi diqqət ayırdı. 2003-cü ildən etibarən dövlətimizin başçısının Çinə rəsmi səfərləri, 2015-ci ilin dekabrında dost ölkəyə yenidən səfəri çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalanması münasibətlərin dərinləşməsi, əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində önəmli hadisə oldu.
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına növbəti dövlət səfəri isə ikitərəfli münasibətlərin inkişafı, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından olduqca mühum məqamlarla yadda qaldı. Dövlətimizin başçısının yüksək səviyyədə qarşılanması, Prezident İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin iştirakı ilə Azərbaycan-Çin sənədlərinin imzalanması onu deməyə əsas verir ki, iki ölkə arasında əlaqələr keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Bununla yanaşı, Pekində Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında imzalanan Birgə Bəyanat isə, strateji tərəfdaşlığın genişləndirilməsi baxımından son dərəcə əhəmiyyətli və tarixi sənəd oldu. Bu bəyanat Azərbaycan və Çin arasında mövcud olan sıx əlaqələri daha da möhkəmləndirmək, uzunmüddətli əməkdaşlıq əlaqələri üçün zəmin yaratmaq məqsədi daşıyır və siyasi-iqtisadi əlaqələrin gücləndirməsinə daha geniş imkanlar açır. Birgə Bəyanat Azərbaycanın "Bir kəmər, bir yol” layihəsindəki rolunun da möhkəmlənməsinə şərait yaradacaq.
Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində CGTN (China Global Television Network) telekanalına müsahibəsi də mühum məqamlarla yadda qaldı. Ölkəmizin başçısı müsahibəsində Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanata toxunaraq vurğuladı ki, bu sənəddə ikitərəfli əlaqələrin geniş gündəliyi açıq şəkildə görünür. Birgə Bəyanatın mahiyyətinin çox əhəmiyyətli oldğunu söyləyən Prezident bəyan etdi ki, Azərbaycan öz bölgəsində bir çox ölkələrlə, eləcə də bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Lakin Çin ilə Bəyanat onların daxilində ən güclüsüdür. Məhz buna görə bu sənədin xüsusi vacibliyi bir daha göz qarşısındadır. Ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir. “Vahid Çin” siyasətini qətiyyətlə dəstəklədiyini bildirən Prezident İlham Əliyev Tayvanda qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ilk ölkələrdən birinin də Azərbaycan olduğunu qeyd etdi.
Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmağın tərəfdarı olduğunu qeyd edən dövlətimizin başçısı Prezident Si Cin tərəfindən bu qurumun Zirvə toplantısına dəvət olunduğunu və bir neçə aydan sonra yenidən Çinə səfər edəcəyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev qətiyyətlə bildirdi ki, bu təşkilatla yaxınlığımız həm təşkilat, həm də Azərbaycan üçün faydalı olar: “Çinlə strateji tərəfdaş olmağımız Şanxay Əməkdaşlıq Təşkilatının çətiri altında əməkdaşlığımız baxımından bizə bir çox imkanlar açır”.
Çünki Azərbaycan güclü siyasi münasibətlərə və eyni zamanda nəqliyyat layihələrinə malik Cənubi Qafqaz ölkəsidir, bu da ŞƏT üçün cəlbedici məqamdır.
Beləliklə, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına səfəri, keçirdiyi yüksək səviyyəli görüşlər, imzalanan sənədlər, səsləndirilən bəyanatlar onu deməyə əsas verir ki, Çin və Azərbaycan tərəfdaşlığı yüksələn xətt üzrə inkişaf edir. İki dövlət arasındakı iqtisadi-siyasi münasibətlərin inkişafı həm də qlobal arenada böyük önəm daşıyır.
Xumar Məmmədova,
Naxçıvan MR Ali Məclisinin deputatı, Naxçıvan Dövlət Universitetinin dosenti