Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibəsində bu ölkənin modernləşməsinin və uğurlu islahatlar aparmasının bir çox dövlətlərə ilham verdiyini, onların inkişafını sürətləndirdiyini, eləcə də Çin təcrübəsindən səmərəli bəhrələnildiyini bildirib.
Ölkə rəhbəri, eyni zamanda, Azərbaycanda prezidentlik səlahiyyətlərinə başlayanda əsas məqsədinin respublikada siyasi və sosial sabitliyi qorumaq, xalqı yoxsul vəziyyətdən tezliklə çıxarmaq olduğunu da diqqətə çatdırıb: “Sonra biz güclü iqtisadiyyat qurmağa başladıq. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Siz qeyd etdiyiniz kimi, “yaşıl” gündəlik bizim üçün əsas prioritetlərdəndir. Beləliklə, Çin burada çox mühüm rol oynayır. Çünki Azərbaycanda quraşdırılmış Günəş panelləri Çində istehsal olunub”.
Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi rəqəmlərlə bağlı bəzi məqamları burada bir qədər geniş şəkildə diqqətə çatdırmaq istərdik. Belə ki, hazırda ölkəmizin xarici borcunun ÜDM-in 7 faizindən az olması faktı Azərbaycanın uğurlu iqtisadi siyasət yürütməsinin, bu istiqamətdə müəyyənləşdirilən strategiyanın yüksək səviyyədə gerçəkləşdirilməsinin bariz ifadəsidir.
Xatırladaq ki, bu il yanvarın 1-nə ölkəmizin dövlət borcu (daxili və xarici dövlət borcu) 27 milyard 380 milyon manat və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat məbləğində olan ümumi daxili məhsulun (ÜDM) 21,7 faizini təşkil edib. Ümumi dövlət borcunun 8 milyard 720,5 milyon manatı (5 milyard 129,7 milyon dollar) və ya 31,8 faizi xarici dövlət borcunun, 18 milyard 659,7 milyon manatı və ya 68,2 faizi daxili dövlət borcunun payına düşür.
Maliyyə Nazirliyinin məlumatına görə, yanvarın 1-nə xarici dövlət borcu 5 milyard 129,7 milyon dollar və ya 2024-cü il üzrə 126 milyard 337 milyon manat (74 milyard 315,9 milyon dollar) məbləğində olan ÜDM-in 6,9 faizini təşkil edib. Xarici dövlət borcu xarici valyuta məzənnələrində baş verən dəyişikliklər nəzərə alınmaqla 2024-cü ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 1 milyard 331,5 milyon dollar və ya 20,6 faiz azalıb. 2024-cü il ərzində kredit sazişləri çərçivəsində istifadə olunan vəsait müqabilində 1 milyard 376 milyon dollar məbləğində vaxtı çatmış əsas borc ödənişlərinin, o cümlədən beynəlxalq maliyyə bazarlarında 2014-cü ildə yerləşdirilmiş istiqrazlar (avrobondlar) üzrə 900 milyon dollar məbləğində ödənişlərin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.
Ümumilikdə, cari il yanvarın 1-nə xarici dövlət borcunun ÜDM-ə nisbətinin 2024-cü ilin əvvəli ilə müqayisədə 2 faiz bəndi azalması, mübadilə olunan valyuta ehtiyatlarının xarici borcumuzdan 14 dəfə çox olması, işsizlik, yoxsulluq səviyyəsinin 5 faizə endirilməsi ölkədə həyata keçirilən struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsinin, milli iqtisadiyyatın innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsinin məntiqi nəticəsidir.
Qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsinə isə son 10 ildə gerçəkləşdirilən genişmiqyaslı islahatların uğurlu nəticələri əsaslı təsir göstərib. Belə ki, bu müddətdə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik və dayanıqlıq təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi sayəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə effektiv inteqrasiya edib. Azərbaycan 4-cü Sənaye İnqilabının aktiv mərkəzlərindən biri olmaqla xarici investorlar üçün böyük fürsətlər məkanına çevrilib. Bu dövrdə milli iqtisadiyyat 15 faiz böyüyüb, qeyri-neft-qaz ümumi daxili məhsul (ÜDM) isə 1,4 dəfə artıb. 2011-ci illə müqayisədə qeyri-neft-qaz ixracının 78,3 faiz yüksəlməsinə nail olunub.
Prezident İlham Əliyev müsahibəsində Azərbaycanın “yaşıl” enerji siyasətini uğurla həyata keçirdiyini də diqqətə çatdıraraq deyib: “Hələ ki, bizim imzaladığımız və icra fazasında olan müqavilələr respublikamıza 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək. Sadəcə, müqayisə üçün deyim ki, Azərbaycanın ümumi quraşdırılmış gücü 8 min meqavat təşkil edir. Beləliklə, beş ildən sonra biz demək olar ki, elektrik enerjisinin bugünkü tutumunu iki dəfə artırmış olacağıq – 6 min meqavat Günəş və külək elektrik enerjisindən əldə olunacaq, 500 meqavat hidroelektrik stansiyalarından gələcək. Bu, bizim üçün həlledici olacaq”.
Dövlətimizin başçısı bunun səbəbini ölkəmizin elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə olunmasını dayandıracağı ilə əlaqələndirərək bildirib ki, Azərbaycan elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcək və təbii qazı beynəlxalq bazarlara ixraca yönəldəcək. Əlbəttə ki, bu yolla geniş mənfəət əldə ediləcək. Eyni zamanda, daxili ehtiyaclar üçün də enerjiyə qənaət olunacaq.
Ölkə rəhbərinin sözlərinə görə, Azərbaycan artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus alıb, əlavə 200 avtobusun respublikaya gətirilməsi üçün podrat müqaviləsi bağlanılıb. Ən vacibi isə odur ki, Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə respublikamızda elektrik avtobus istehsalının lokallaşdırılması layihəsi üzrə “Layihənin icra müqaviləsi” imzalanıb. Müqaviləyə əsasən Azərbaycanda yerli istehsalın qurulması və 2030-cu ilədək mərhələli şəkildə lokallaşdırma səviyyəsinin 40 faizə çatdırılması planlaşdırılıb. Onu da qeyd edək ki, BYD şirkətilə bağlanmış müqavilə əsasında COP29 konfransı çərçivəsində pilot olaraq ölkəmizə 160 ədəd elektrik mühərrikli avtobus gətirilib və marşrut xəttinə çıxarılıb.
Yeri gəlmişkən, 1995-ci ildə yaradılan BYD şirkəti 2023-cü ildə 3 milyon yeni enerji avtomobilinin rekord satışını həyata keçirməklə dünya birincisi kimi qeydə alınıb. Şirkətin fəaliyyəti beynəlxalq aləmdə avtomobil istehsalı, elektronika, elektrik batareyaları, bərpaolunan enerji və dəmir yolu nəqliyyatı sahələrində son yeniliklərin tətbiqini gerçəkləşdirən dünyamiqyaslı aparıcı texnologiya şirkət olaraq yüksək dəyərləndirilib.
Prezident İlham Əliyev müsahibəsində ölkələrimiz arasında turizm sektorunun inkişaf etdirilməsinin zəruriliyi ilə bağlı fikirlərini də diqqətə çatdırıb. Dövlətimizin başçısı respublikamızın turizm sektorunu inkişafın yeni mərhələyə yüksəltmək üçün Azərbaycanın geniş coğrafi üstünlüklərə malik olması, Xəzər dənizi, xizək kurortları, meşələr və çaylar, hətta yarımsəhra ərazinin mövcudluğunu xatırlatması qarşıya qoyulan məqsədin reallığından irəli gəlib. Ölkə rəhbəri bundan əlavə, Azərbaycanın çox yaxşı mətbəxinin, qonaqpərvər əhalisinin də olmasını turizmin sürətli inkişafına müsbət təsir göstərən amillərdən olduğunu vurğulayıb.
Ölkə rəhbəri daha sonra dost ölkə ilə viza rejiminin ləğvini yüksək dəyərləndirib: “Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həmçinin həmkarlarımla aviareyslərin sayının artırılması barədə danışdıq. Hazırda düşünürəm ki, həftədə 6 və ya 7 aviareys həyata keçirilir. Ötən il viza rejimi ləğv ediləndən sonra Çindən bundan demək olar ki, iki dəfə çox turist qəbul etdiyimizi nəzərə alsaq, ümidvaram, bu rəqəm artacaq. Bu gün mən öyrəndim ki, 150 milyon çinli xaricə səfər edir. Görüşlərimdən birində söylədim ki, onların cəmi 1 faizi Azərbaycana gəlsə, bizim üçün yetərli olacaq”.
Dost ölkə respublikamızla iqtisadi münasibətlərində nəqliyyat əlaqələrinin genişlənməsinə də xüsusi diqqət yetirir. Bu baxımdan Çinin Şərq–Qərb və Şimal–Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla bu sahədə əməkdaşlığa verdiyi dəyər xüsusi əhəmiyyətə malikdir. “Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi hesab olunan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi (Orta Dəhliz) Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat marşrutudur.
Orta Dəhlizlə Çindən Avropaya 12 gün ərzində 10 min deyil, 7 min kilometr məsafə qət etməklə daşınmalar mümkündür. Avropa ölkələrilə Çin arasında illik ticarət dövriyyəsi 700 milyard dolların üzərindədir. 2020-ci ildən etibarən Orta Dəhliz ilə ayda 2 dəfə olmaqla Türkiyədən Çinə müntəzəm olaraq konteynerlərin daşınması həyata keçirilir və 2020-2024-cü illərdə daşınma həcmi 2,5 dəfə artıb.
Prezident İlham Əliyev Orta Dəhlizin inkişafına və modernləşdirilməsinə xüsusi önəm verir. Dəhliz çərçivəsində yerləşən infrastrukturların fəaliyyətinin səmərəliyinin artırılmasını diqqətdə saxlayır. Dövlətimizin başçısının Bakı Beynəlxalq Dəniz Ticarət Limanının malik olduğu indiki 100 min TEU və 15 milyon ton ümumi yükaşırma qabiliyyətinin yetərli olmadığnı bildirməsi və limanın ümumi yükaşırma qabiliyyətinin 25 milyon tona və 500 yüz min, yaxud, hətta bir milyon TEU-ya çatdırılmasını zəruri hesab etməsi də vurğulanan fikrin bariz ifadəsidir.
Dövlətimizin başçısı müsahibəsində ölkələrimiz arasında idxal-ixrac əməliyyatlarının vəziyyətinə də toxunub. Ölkə rəhbəri Çinin, həqiqətən, idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi cəhətdən isə 4-cü tərəfdaş olduğunu vurğulayıb: “Biz Çində 6 Azərbaycan Ticarət Evi açmışıq. Biz artıq Çinə şərab ixrac etməyə başlamışıq. Sizin bazarınızda daha çox payımızın olmasını istəyirik. “Bir kəmər, bir yol” layihəsinə gəlincə, bizim üçün bu təşəbbüs yalnız bir tranzit marşrutu deyil. Biz bu marşrut üzərində şirkətlər qurmaq istəyirik, çünki bizim coğrafi mövqeyimiz əlverişlidir. Biz Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizləri üzərində yerləşirik. Bağlantılara gəlincə, biz artıq bütün infrastrukturu – dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişik. Biz qlobal miqyasda ən böyük yükdaşıma, hava yolu ilə yükdaşıma şirkətlərindən birinə sahibik. Beləliklə, hədəfimiz bu marşrut üzərində biznes qurmaqdır”.
Şərq–Qərb (Orta Dəhliz) marşurut xətti Çindən Türkiyəyə və Avropa ölkələrinə, eləcə də əks istiqamətdə yük daşımalarının artırılmasına xidmət edir. Bu nəqliyyat dəhliz üzrə hərəkət edən blok qatarı orta hesabla 14-16 günə Çindən Avropaya yükləri çatdırır. Bu da adıçəkilən dəhlizinin əsas üstünlüklərindən biridir.
Orta Dəhlizin inkişafı və səmərəliyinin artırılması çərçivəsində indiyədək Sian (Çin) limanında Qazaxıstan terminalının tikintisi və Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolu xəttinin modernləşdirilməsi və ötürmə qabiliyyətinin artırılması üzrə işlər başa çatdırılıb, Dostık–Moyıntı dəmir yolu hissəsində ikinci, Almatıdan yan keçən xəttin, eləcə də Poti limanında bu il işə salınması nəzərdə tutulan konteyner terminalının tikintisinə başlanılıb. Bundan əlavə, 2025-ci ilin ortalarına qədər Aktau limanında konteyner qovşağının inşası, eləcə də Qazaxıstan tərəfinin Kurık və Bakı limanları arasında fəaliyyət göstərəcək öz bərələrini alması planlaşdırılıb.
Hazırda respublikamızda Bakı limanının 2-ci fazasının tikintisi davam etdirilir, quru yük körpüsü və liman stansiyalarının ötürücülük qabiliyyəti artırılır, eləcə də ölkəmizin dəmir yolları üçün vaqon parkının yenilənməsi nəzərdə tutulur, dəmir yollarının Ələt–Böyük Kəsik hissəsinin modernləşdirilməsi sürətlə həyata keçirilir.
Gürcüstan tərəfində keçid dəmir yolunun modernləşdirilməsi üzrə işlər artıq başa çatdırılıb və ilin sonunadək bu marşrutda ötürücülük qabiliyyətini artırmaq məqsədilə əlavə lokomotivlərin alınması planlaşdırılıb.
Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafına önəm verilməsi daim diqqətdə saxlanılıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, artıq qonşularımızla birlikdə yüklərin keçidini xeyli asanlaşdırmaq və sürətləndirmək üçün birgə müəssisə yaradılıb. Məsələn, bu gün nəqliyyat infrastrukturu və həmçinin gömrüyümüzdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədəkdir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Bu, yalnız başlanğıcdır. Azərbaycan vasitəsilə nəqliyyat marşrutları, həqiqətən, hazırda mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaq.
Lətif ZEYNALLI,
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin aparıcı məsləhətçisi, iqtisad üzrə fəlsəfə doktoru
Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ın imzalanması münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaradır. Səfər çərçivəsində hər iki dövlətin xarici işlər nazirləri tərəfindən Azərbaycanla Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi ilə bağlı saziş imzalanıb.
Dövlət başçılarının birgə bəyanatında da qeyd olunub ki, tərəflər insanlar arasında mübadilənin daha da sadələşdirilməsinə kömək etməyə hazır olduqlarını bildirirlər, bütün sahələrdə əlaqələrin və əməkdaşlığın genişləndirilməsi üçün təkan olacaq ümumvətəndaş pasportuna malik şəxslər üçün “Vizaların qarşılıqlı ləğvi haqqında hökumətlərarası Saziş”in razılaşdırılmasını və imzalanmasını alqışlayırlar.
Vizasız səyahət imkanlarının yaradılması iki ölkə arasında qarşılıqlı etimadın və əməkdaşlığın dərinləşməsinə, eləcə də turizm, iqtisadi və mədəni əlaqələrin genişlənməsinə mühüm töhfə vermək məqsədi daşıyır. Hələ ötən il qəbul olunmuş “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə əsasən, etibarlı ümumvətəndaş pasportuna malik Çin vətəndaşları üçün vizasız rejim tətbiq olunur.
Bunun nəticəsində turizm sahəsində dinamika yüksəlib. 2024-cü ildə ölkəmizə səfər edən Çin vətəndaşlarının sayı 2023-cü ilə nəzərən 1,93 dəfə artıb. 2025-ci ilin yanvar ayı isə turizm statistikası baxımından ümidverici göstəricilərlə yadda qalıb və ölkəmizə gələn xarici turistlərin ümumi sayında ötən ilin eyni dövrü ilə müqayisədə 4 faizlik artım qeydə alınıb. Yanvar ayında Şərqi Asiya ölkələrindən Azərbaycana gələn 2983 turistin 2603 nəfəri, yəni 87,3 faizi Çin vətəndaşları olub. Diqqəti cəlb edən məqamlardan biri də odur ki, 2025-ci ilin yanvar ayında Azərbaycana səfər edən Çin turistlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 116 faiz artıb. Bu göstərici təkcə statistik rəqəm deyil, iki ölkə arasında böyüyən qarşılıqlı marağın real ifadəsidir.
2020–2024-cü illər ərzində Çinə səfər edən Azərbaycan vətəndaşlarının sayında 2,2 dəfə artım müşahidə olunub. 2025-ci ilin yanvar ayında isə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə Çinə səfər edən Azərbaycan vətəndaşlarının sayında 32,4 faiz artım qeydə alınıb. Qarşıdakı dövrdə Azərbaycan vətəndaşları üçün Çinə vizasız giriş rejiminin tətbiqi iki ölkə arasında turizm əlaqələrini daha da inkişaf etdirəcək. Bu təşəbbüs sayəsində Azərbaycan turistləri Çin iqtisadiyyatına valyuta axını təmin edəcək, müxtəlif sahələrdə alış-veriş edərək yerli bazarı canlandıracaq, şəxsi vəsaitlərini sərf etməklə daxili istehlakı artıracaq və eyni zamanda Çin xalqının zəngin mədəniyyəti və tarixi irsi ilə yaxından tanış olma imkanı əldə edəcəklər. Bu, təkcə diplomatik münasibətlərin deyil, xalqlar arasında dostluğun və mədəni yaxınlığın da inkişafına güclü impuls verəcək, əməkdaşlığın yeni mərhələyə keçməsinə zəmin yaradacaq.
Azərbaycanla Çin arasında olan bu dinamika ölkələrarası münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu və qarşılıqlı turizm potensialının sürətlə genişləndiyini nümayiş etdirir. Bu tərəfdaşlıq hər iki ölkənin iqtisadiyyatının müxtəlif sahələrində, xüsusən də turizm, ticarət və xidmət sektorlarında yeni imkanlar yaratmaqla yerli bazarların canlanmasına və iş imkanlarının artmasına töhfə verəcək. Qeyd olunan müsbət tendensiya Azərbaycanın dünya turizm xəritəsində artan cazibədarlığını bir daha təsdiq edir, ölkənin beynəlxalq turizm sahəsindəki mövqeyini gücləndirir.
V.BAYRAMOV
XQ