Vətən müharibəsinin xronikası

post-img

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhə boyu törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsi 30 illik işğala son qoyan şanlı Qələbə ilə nəticələndi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm Zəfər Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

6 noyabr

• Noyabrın 5-i gün ərzində və 6-na keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində gedib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

• Cəbhənin Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun atəş zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məlum olub ki, Ermənistandan gətirilərək müdafiə zolağına yerləşdirilən 556-cı və 522-ci motoatıcı alayların bölmələri onlara tapşırılan hədlərə çıxmayıb. Eyni zamanda, şəxsi heyət hazırlıqsız, təcrübəsiz və intizamsız olmaqla yanaşı, verilən əmr və tapşırıqlara da səhlənkar yanaşıb.

• Düşmənin minaatanlarının atış nöqtələrinə və döyüş mövqelərinə zərbələr endirilib.

• Müdafiə Nazirliyi Füzuli rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.

• Ötən sutka ərzində düşmən bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini, Tərtər, Goranboy daxil olmaqla, bir sıra yaşayış məntəqələrimizi, o cümlədən Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları istiqamətindən Tovuz, Gədəbəy və Daşkəsəndə yerləşən mövqelərimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bu barədə noyabrın 6-da Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə bildirib. A.Eyvazov deyib ki, əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində gedən döyüş əməliyyatlarında düşmən bölmələri şəxsi heyət və texnika sarıdan itkilər verərək geriyə çəkilməyə məcbur edilib. Ordumuz Ağdam və Ağdərə istiqamətlərində pusquya salmaqla və atəş zərbələri ilə düşmənin hərbi kolonunu, artilleriya batareyasını və silah-sursat anbarını sıradan çıxarıb.

Düşmənin komandir heyəti daxil olmaqla xeyli sayda canlı qüvvəsi, bir rabitə avtomobili, sursatla dolu iki “KamAz” maşını və qoşqusunda top olan üç “Ural” maşını, xeyli sayda digər sursat və artilleriya qurğuları məhv edilib.

Qubadlı-Laçın istiqamətində gedən döyüşlərdə ordumuzun zərbələrinə tab gətirə bilməyən düşmən mövqeləri ataraq qaçıb.

Müzəffər Ali Baş Komandanın əmri ilə Azərbaycan əsgəri hazırda düşmənin işğal edilmiş ərazilərdə 30 il müddətində tikdiyi istehkam maneələrini yarır, qurduğu pusquları dağıdır və hədəfə yaxınlaşır. Əks-hücum əməliyyatında ordumuzun qarşısında duran əsas tapşırıq çətin relyef və iqlim şəraitində mütəşəkkil qaydada irəliləmək və işğal altında olan torpaqlarımızı cinayətkar ordu qruplaşmasından xilas etməkdir.

Mustafa KAMAL
XQ

Siyasət