Ermənistanın müdafiə naziri Suren Papikyan növbəti dəfə Yunanıstana işgüzar səfər edib. O, səfər çərçivəsində ölkənin milli müdafiə naziri Nikos Dendiasla görüşüb. Hayastanın Afinadakı səfiri Tiqran Mkrtçyanın da iştirak etdiyi görüşdə Ermənistanla Yunanıstan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Tərəflər qarşılıqlı fəaliyyətin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə edərək, hərbi təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə, müxtəlif istiqamətlərdə və digər sahələrdə təcrübə mübadiləsinin aparılmasına hazır olduqlarını vurğulayıblar. Görüş zamanı regional və beynəlxalq təhlükəsizlik məsələləri də müzakirə edilib.
S.Papikyan səfər çərçivəsində “DEFEA–2025” beynəlxalq müdafiə sərgisinin açılışına həsr olunmuş təntənəli mərasimdə də iştirak edib. Sonra o, Ermənistan Respublikasının sərgidəki pavilyonuna baş çəkib və iştirakçı şirkətlərin nümayəndələri ilə görüşüb.
Qeyd edək ki, Yunanıstanla Ermənistan arasındakı hərbi və hərbi-texniki sahədə əməkdaşlıq son illərdə xeyli inkişaf edib. Afina və İrəvan bəyan edirlər ki, bu əməkdaşlıq “hər iki ölkənin təhlükəsizlik maraqlarını gücləndirmək və regional sabitliyi təmin etmək” məqsədini daşıyır. Ölkələr arasında hərbi əməkdaşlıq 2023-cü ilin martında imzalanan proqramla daha da möhkəmlənib. Proqram çərçivəsində xüsusi təyinatlı qüvvələrin, radioelektron mübarizə vasitələri ilə birgə təlimləri, sülhə dəstək əməliyyatları üzrə çoxmillətli təlim mərkəzində iştirakı, hava hücumundan müdafiə sistemləri sahəsində təcrübə mübadiləsini, habelə hərbi kəşfiyyat sahəsində əməkdaşlıq həyata keçirilir.
Yunanıstanla Ermənistan ikitərəfli hərbi əməkdaşlıq qurmaqla kifayətlənmir, bura üçüncü tərəfi – Kipr Respublikasını da daxil edirlər. 2021-ci ilin avqust ayında onlar arasında üçtərəfli müdafiə əməkdaşlığı proqramı imzalanıb. Bu proqram çərçivəsində xüsusi təyinatlı qüvvələrin birgə təlimləri, simulyatorlar vasitəsilə birgə təlimlər, hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları sahəsində təcrübə mübadiləsi, idarəetmə və liderlik mövzularında birgə təlimlər, hərbi kadr mübadiləsi və qarşılıqlı görüşlər keçirilir.
Hərbi sənaye sahəsində əməkdaşlığa gəldikdə isə qeyd etmək lazımdır ki, 2023-cü ilin avqustunda Afina və İrəvan bu istiqamətdə əməkdaşlıq müqaviləsi imzalayıblar. Müqavilə çərçivəsində texnologiyaların transferi, təcrübə mübadiləsi, partlayıcı maddələrin istehsalı sahəsində əməkdaşlıq, birgə sənaye müəssisələrinin yaradılması, hərbi təyinatlı məhsulların tədqiqatı həyata keçirilir.
Yunanıstan Fransa və Hindistan kimi Ermənistanın silahlanmasında xüsusi rola malik ölkəyə çevrilib. Bu isə ölkəmizdə haqlı olaraq narazılıq doğurur. Çünki Ermənistanın bir gün həmin silahları ölkəmizə doğru tuşlayacağı gün kimi aydındır. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış bir dövlətin demilitarizasiyasının həyata keçirilməsini müşahidə etməli olduğumuz bir vaxtda tamamilə fərqli mənzərəyə şahidlik edirik.
Yunanıstanın Ermənistanı silahlandırması təkcə Cənubi Qafqazda deyil, Şərqi Aralıq dənizi bölgəsində də geosiyasi balansı dəyişdirən vacib məqamdır. Bu, təkcə hərbi texnologiya mübadiləsi ilə məhdudlaşmır, həm də strateji ittifaqların qurulmasına xidmət edir.
Bir müddət öncə Yunanıstan mediasında yayılan məlumatda bildirilirdi ki, Afina Rusiyanın istehsalı olan “S-300”, “Tor-M1” və “Osa-AK” hava hücumundan müdafiə sistemlərini Ermənistana verməyi planlaşdırır. Bu qərar Yunanıstanın silahlanma strategiyasının bir hissəsi olaraq, köhnəlmiş sovet istehsalı olan silahları daha müasir və Qərb istehsalı olan texnologiyalarla əvəz etməyi hədəfləyirdi. Yeni sistemlər arasında İsrail istehsalı olan “David's Sling”, “Barak MX” və “Spyder” hava müdafiə sistemləri yer alır. Bu dəyişikliyin əsas məqsədi Yunanıstanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək və Rusiya silah sistemlərindən asılılığı azaltmaq idi.
Ermənistan isə Rusiya istehsalı olan bu silah sistemlərini yaxşı tanıyır və əvvəlki illərdə bu sistemlərin istifadəsi üzrə təlimlər keçib. Ekspertlər hesab edirlər ki, bu səbəbdən Yunanıstanın verdiyi silahların Ermənistana inteqrasiyası nisbətən asan olacaq. Bundan əlavə, Fransa da Ermənistanı əlavə hərbi avadanlıqla təmin etməyi planlaşdırır.
***
Ermənistan–Yunanıstan hərbi yaxınlaşması bir sıra səbəblərdən Azərbaycan və Türkiyə üçün potensial strateji təhdid kimi qiymətləndirilə bilər. Aydındır ki, Yunanıstanın Cənubi Kipr və Ermənistanla birgə müdafiə alyansı formalaşdırması Türkiyənin Aralıq dənizi və Cənubi Qafqazdakı mövqeyinə qarşı balanslaşdırıcı güc yaratmaq cəhdidir. Ermənistan isə bu ittifaq vasitəsilə Azərbaycanla rəqabətdə öz mövqeyini möhkəmləndirmək niyyətindədir.
Afinanın bu əməlləri həm də İrəvanın revanşist siyasətinə psixoloji dəstəkdir. İrəvanın son aylarda hərbi modernizasiya səyləri fonunda Yunanıstan və Cənubi Kipr kimi aktorlarla yaxınlaşması, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətin revanşını almağa hesablanan psixoloji üstünlük yaratmaq məqsədi daşıya bilər. Bu da regionda sülh prosesini riskə ata bilər. Yunanıstanın NATO üzvü olması da bu əməkdaşlığa əlavə həssaslıq qatır. Hərçənd ki, bu əlaqələr
NATO-nun rəsmi mandatına daxil deyil, amma Yunanıstanın bəzi təlim və texniki imkanları bu struktur vasitəsilə formalaşır.
Beləliklə, Yunanıstan–Ermənistan hərbi yaxınlaşması sadəcə, iki ölkənin təhlükəsizlik gündəmi deyil, həm də regionda güc balanslarını dəyişmək potensialına sahib bir siyasi mesajdır. Bu prosesin diqqətlə izlənməsi və ehtiyac yaranarsa, strateji cavab mexanizmlərinin aktivləşdirilməsi Azərbaycanın milli maraqları baxımından vacib görünür.
***
Mövzu ilə bağlı fikirlərini XQ ilə bölüşən politoloq, yunanşünas İlyas Hüseynov bildirdi ki, Ermənistan müdafiə nazirinin Yunanıstana səfəri iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahəsində əməkdaşlıq, təcrübə mübadiləsi, eyni zamanda, “DEFEA-2025” beynəlxalq müdafiə sərgisinin açılış mərasimində iştirak etmək məqsədi daşıyır. Afina özünün müdafiə sənayesinə aid innovativ texnologiyalarını da təqdim etmək imkanı qazanır. Ermənistan və Yunanıstan arasında uzun illərdir ki, müdafiə sənayesi sahəsində işbirliyi var: “Rəsmi Afinanın təkidi və dəstəyi ilə NATO-nun müxtəlif təlim və seminarlarında erməni hərbçilər də iştirak edirlər. Onlar bu təlim və seminarlarda NATO standartlarına uyğun şəkildə təcrübə keçir, seminarlarda yeni bilik və bacarıqlar qazanırlar.
Burada xüsusi vurğulamaq lazımdır ki, Ermənistan 30 ilə yaxın Azərbaycan torpaqlarını işğal altında saxlamış dövlətdir. İşğal etdiyi ərazilərdə vandallıq, barbarlıq hərəkətləri törədib, çoxsaylı cinayətlərə imza atıb. Bu cinayətlərə mülki infrastrukturun məqsədyönlü şəkildə kütləvi miqyasda dağıdılması (urbisid), mədəni irsin dağıdılması, saxtalaşdırılması və talan edilməsi (kultursid), ətraf mühitə və biomüxtəlifliyə sağalmaz yaralar vurulması (ekosid), mülki əhalimizə, girov və ya əsir götürülmüş vətəndaşlarımıza münasibətdə törədilən əməllər, ərazilərimizin minalarla kütləvi şəkildə çirkləndirilməsi və sair mənfur əməllər daxildir. Yunanıstan isə Ermənistanın yanında dayanaraq işğalçının əməllərinə dəstək nümayiş etdirib”.
Politoloq bildirdi ki, Vətən müharibəsi zamanı və lokal xarakterli antiterror əməliyyatınınn gedişində də Afina tərəfindən İrəvana dəstək ifadə olunmuşdu. Bütün bunlar Cənubi Qafqazda sülhə, sabitliyə və təhlükəsizliyə təhdid törədir: “Biz anlayırıq ki, Yunanıstan və Ermənistanın ortaq düşməni Türkiyədir. Afina Ankaranın Cənubi Qafqazda möhkəmlənməsini qəbul edə bilmir. Məhz türk düşmənçiliyinə, türkofobiyaya qarşı Yunanıstan Ermənistanı silahlandırır və ona hərbi dəstək, yeni növ silah-sursat verir. Məhz buna görə də NATO daxilində fikir ayrı-seçkiliyi mövcuddur”.
İ.Hüseynov onu da bildirdi ki, bu gün Avropanın bir sıra ölkələrində türkofobiya geniş yayılıb. Onun sözlərinə görə, biz Türkiyənin Suriyada qazandığı uğurlar əleyhinə ayrı-ayrı qrupların, koalisiyaların formalaşdığını görürük: “Vətən müharibəsindən öncə də Cənubi Kipr–Yunanıstan–Ermənistan geosiyasi oxu formalaşmışdı. Bu xüsusda Prezident İlham Əliyev Yunanıstanın ölkəmizə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edərkən narahatlığı ali səviyyədə diplomatın diqqətinə çatdırmışdı. Odur ki, hazırda cərəyan edən proseslər, daha sıx əməkdaşlıq, intensiv səfərlər, hərbçilərin mütəmadi görüşləri, heç şübhəsiz, Azərbaycanı da narahat edir. Bizi daha ayıq-sayıq olmağa, operativ reaksiyalara sövq edir”.
Türkiyənin Azərbaycanın strateji müttəfiqi olduğunu vurğulayan müsahibimiz 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsini bölgədə sülhü, təhlükəsizliyi, dayanıqlı sabitliyi təmin edən ən önəmli dövlətlərarası sənəd adlandırdı: “Əgər Yunanıstan–Ermənistan hərbi əməkdaşlığı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı təhdidlər formalaşacaqsa, bu dövlətlər anlamalıdırlar ki, qarşılarında Türkiyə–Azərbaycan birliyi dayanacaq. Bu baxımdan bölgədə sülhə töhfə verən addımların müşahidə olunması daha yaxşı olardı”.
İ.Hüseynov onu da bildirdi ki, hazırda Yunanıstanın müdafiə naziri Nikos Dendias Vətən müharibəsinin gedişi zamanı xarici işlər naziri idi: “O, çox tez-tez İrəvana telefon zəngi edir, Ermənistana səfərlərin təşkil olunmasına səy göstərir və xüsusi canfəşanlığı ilə seçilirdi. Biz bütün bunları unutmamışıq. Ölkəmizdəki ciddi analitik təhlil mərkəzləri baş verən bütün prosesləri qeydə alır və əlbəttə, üçtərəfli, habelə çoxtərəfli müstəvidə həyata keçirilən əməkdaşlıqda bunu qarşı tərəfin diqqətinə çatdırır. Ermənistan–Yunanıstan hərbi əməkdaşlığı heç də sülhə xidmət etmir. Hərbçilərin görüşləri ayrı-ayrı gərginliklərin yaranmasına, eskalasiyaya gətirib çıxarır. Rəsmi Afina bu cür addımlardan çəkinməlidir”.
Səxavət HƏMİD
XQ