Gəncənin vurulması bəşəriyyətin qəlbinə açılan atəş idi

post-img

Birinci xanım Mehriban Əliyevanın paylaşımı isə yatmış vicdanları ayıltmaq çağırışı olmuşdu

2020-ci ilin 11 oktyabr gecəsi tarixə insanlıq adına utanc gətirən bir hadisə ilə yazıldı. Ermənistan ordusunun Gəncə şəhərinə endirdiyi raket zərbəsi nəticəsində çox sayda dinc sakin həyatını itirdi. Bu qanlı gecədə işğalçının təcavüzkar siyasətini yalnız cəbhə xəttinə deyil, həm də mülki əhalinin hədəfə alınmasına yönəltdiyi bir daha təsdiqini tapdı.

Həmin gecə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində yayımladığı bəyanatla təkcə xalqımızın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəltdi. Onun paylaşımı həm humanist çağırış, həm beynəlxalq hüququn pozulmasına qarşı kəskin etiraz, həm də milli həmrəyliyin simvolu idi.

Mehriban xanım Əliyeva bu bəyanatında Gəncə faciəsini beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu il Cenevrə konvensiyalarının açıq-aşkar pozulması kimi qiymətləndirdi. Ermənistan ordusunun yaşayış məntəqələrini və mülki obyektləri məqsədyönlü şəkildə hədəfə alması müharibə qanunlarının kobud şəkildə tapdanması idi. Atəşkəs rejiminin elan olunduğu bir vaxtda mülki insanların üzərinə raketlərin yağdırılması sadəcə hərbi əməliyyatın tərkib hissəsi deyildi, bu, planlaşdırılan terror aktı idi. Bu baxımdan, Birinci vitse-prezidentin paylaşımı həm beynəlxalq hüquqa, həm də humanitar dəyərlərə əsaslanan – “dünya artıq susmamalı, ədalət mütləq bərpa edilməlidir” – güclü siyasi mesaj kimi diqqət çəkdi.

Azərbaycanın Birinci vitse-prezidenti Gəncə faciəsini beynəlxalq aləmə təkcə bir şəhərin deyil, bütövlükdə Azərbaycanın sarsıdılması məqsədi daşıyan akt kimi təqdim etdi. O, öz paylaşımında humanitar atəşkəsin qüvvəyə mindiyi andan bəri Ermənistan ordusunun Azərbaycanın müxtəlif rayonlarına yüzlərlə mərmi atdığını qeyd etdi. Bu fakt Ermənistanın döyüş meydanında aldığı ağır məğlubiyyətlərə cavab olaraq dinc əhalini hədəf seçdiyini bir daha sübuta yetirdi. Məğlubiyyətin acısını günahsız insanların qanı ilə ört-basdır etməyə çalışan işğalçı dövlətin bu hərəkəti beynəlxalq hüquqa meydan oxumaq idi.

Birinci vitse-prezident çıxışında beynəlxalq ictimaiyyəti bu barbarlığa, vəhşiliyə laqeyd qalmamağa, münasibət bildirməyə səsləyərək, insan haqları institutlarını, media nümayəndələrini və ictimai rəyin liderlərini məsuliyyətli mövqe nümayiş etdirməyə çağırdı. Onun bu fikirləri həm diplomatik, həm də mənəvi cəhətdən böyük əhəmiyyət daşıyırdı. Çünki o dövrdə bir çox beynəlxalq təşkilat Ermənistanın törətdiyi cinayətlərə qarşı susqun mövqe sərgiləyir, regionda baş verən hadisələri birtərəfli şərh edirdi. Mehriban Əliyevanın paylaşımı isə bu susqunluğa mənəvi sarsıntı gətirdi, beynəlxalq vicdanın oyanışı üçün siqnal oldu.

Ermənistanın Gəncəyə endirdiyi zərbələr nəticəsində binalar dağıldı, dinc insanlar vəhşiliyin, barbarlığın qurbanı oldu, bu, eyni zamanda, beynəlxalq hüququn dayaqlarını sarsıtdı. Amma Mehriban Əliyevanın sözləri həmin dağıntılar içində yenidən dirçəlişin, inamın və birliyin təməlini qoydu. Birinci vitse-prezident müraciətində bu ağır sınaq günlərində Azərbaycan xalqının öz ən yüksək keyfiyyətlərini – birlik, mərhəmət, həmrəylik və qarşılıqlı yardım hisslərini nümayiş etdirdiyini vurğuladı.

Həqiqətən də Gəncə terrorunun ertəsi gün bütün ölkə bir ürək kimi döyünürdü. İnsanlar bir-birinə dayaq olur, xeyriyyə aksiyaları keçirilir, terror qurbanlarının ailələrinə mənəvi və maddi dəstək göstərilirdi. Mehriban xanım Əliyevanın çağırışı bu ümummilli həmrəyliyin ideya dayağına çevrildi.

Birinci vitse-prezident çıxışındakı “Həqiqət və ədalət bizim tərəfimizdədir! Biz zəfər çalacağıq!” sözləri təkcə o günün deyil, bütövlükdə, 44 günlük Vətən müharibəsinin mənəvi manifestinə çevrildi. Bu ifadə xalqda böyük ruh yüksəkliyi yaratdı, ordumuza, döyüşçülərimizə, cəbhədə canını fəda edən igidlərimizə inamı daha da gücləndirdi. Mehriban Əliyevanın səmimi, ürəkdən gələn bu çağırışı hər bir vətəndaşın içindəki qələbə əzmini daha da alovlandırdı. Bu gün biz o günlərin tarixini vərəqləyərkən aydın görürük ki, qələbə yolunun ideoloji dayaqlarından biri də məhz belə mənəvi mesajlar olub.

Mehriban xanım Əliyevanın paylaşımında xüsusi vurğulanan məqamlardan biri də Ermənistanın beynəlxalq konvensiyalara və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə qarşı açıq-aşkar etinasızlığı idi. İşğalçı ölkə uzun illər boyu beynəlxalq sənədlərə məhəl qoymadan regionda qeyri-sabitlik yaradan təxribatlar törədirdi. Gəncə terroru isə bu etinasızlığın kulminasiya nöqtəsi idi. Bu fakt beynəlxalq sistemin ikili standartlardan uzaqlaşmayacağı təqdirdə təcavüzkar dövlətlərin cəzasız qalmaqda davam edəcəklərini bir daha göstərdi.

Mehriban Əliyevanın sözügedən paylaşımı beynəlxalq ictimaiyyətə ünvanlanan açıq mesaj – “ədalət yalnız bəyanatlarda deyil, əməli addımlarda öz əksini tapmalıdır” çağırışı idi. Eyni zamanda, Birinci vitse-prezidentin sözləri dərin mənəvi dərinliyi ilə diqqət çəkirdi. Belə ki, o, faciəvi hadisə qarşısında xalqımıza səbir, təmkin və inam aşılayır, şəhidlərə rəhmət, yaralılara şəfa diləyirdi. Bu, sadəcə rəsmi bəyanat deyildi, bu, bir ananın, bir vətən övladının, xalqının dərdini öz dərdi bilən liderin səsi idi. Hər zaman humanist dəyərləri ilə seçilən Mehriban xanımın Gəncə faciəsi ilə bağlı bəyanatı da insan həyatına, ədalətə, sülhə olan sarsılmaz inamın ifadəsi idi.

Xatırladaq ki, bu hadisədən sonra Azərbaycan dövləti Ermənistanın törətdiyi müharibə cinayətlərinin beynəlxalq səviyyədə tanınması istiqamətində mühüm addımlar atdı. Prezident İlham Əliyevin siyasi iradəsi, Mehriban xanım Əliyevanın humanitar sahədəki səmərəli fəaliyyəti nəticəsində bu cinayətlər sənədləşdirildi, beynəlxalq tribunalarda səsləndirildi. Gəncə terroru artıq dünya mediasında mülki əhaliyə qarşı törədilmiş cinayət kimi təqdim olunmağa başladı. Bu məsələdə Birinci vitse-prezidentin sözügedən paylaşımında səsləndirdiyi çağırışın rolu danılmaz idi.

Həmin bəyanat təkcə bir hadisəyə münasibət deyildi. Bu, Azərbaycan qadınının, Azərbaycan dövlətçiliyinin, Azərbaycan humanizminin təntənəsi idi. Mehriban Əliyeva bu çağırışla bir daha sübut etdi ki, Vətənə sədaqət, insanlığa inam və ədalətə bağlılıq onun fəaliyyətinin əsas qayəsidir. Onun sözləri təkcə xalqımıza təsəlli vermədi, həm də dünya miqyasında sülhə, ədalətə, insan haqlarına çağırış kimi səsləndi.

Bu gün Gəncə faciəsindən illər keçsə də, o gecənin ağrısı hələ də unudulmayıb. Amma Azərbaycan xalqı o ağrını qürura, ədalət uğrunda mübarizəyə çevirdi. Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə o qaranlıq gecələrin, o itkilərin, o çağırışların məntiqi nəticəsi idi. Mehriban xanımın “Uca Tanrı Ordumuzu, xalqımızı və Vətənimizi qorusun!” duası bu gün də hər bir azərbaycanlının dilində, qəlbində yaşayır.

Beləliklə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsində yayımladığı 11 oktyabr 2020-ci il tarixli bəyanatı sadəcə bir sosial şəbəkə paylaşımı deyildi, o, diqqətə çatdırılan andan milli yaddaşa, milli birliyin və beynəlxalq ədalət mübarizəsinin tarixinə yazıldı və tarixin heç zaman unudulmayacaq parlaq bir səhifəsinə çevrildi. Mehriban Əliyevanın paylaşımındakı sözlərlə həm o günün, həm də gələcəyin tarixi yazıldı. Çünki bu sözlərdə xalqına sevgi, dövlətinə sədaqət və ədalətə inamın əbədi izləri var idi.

Vaqif BİNYATOĞLU
XQ





Siyasət