“Dostluğun memarı – Heydər Əliyev” adlı tədbir və fotosərgi keçirilib

post-img

Bu gün “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) birgə təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Dostluğun memarı – Heydər Əliyev” adlı tədbir və fotosərgi keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli şəhərinin meri Daur İsmayılov, Marneuli merinin birinci müavini Qiorqi Qodabrelidze, Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze və sədr müavini Vasil Xaxulaşvili, həmçinin meriya və bələdiyyə məclisinin struktur bölmələrinin rəhbər heyəti, QMİ-nin Gürcüstan üzrə səlahiyyətli nümayəndələri Məhəmməd Şamilov və Sabir Musayev, Türkiyənin “MAARİF” məktəblərinin Gürcüstan nümayəndəliyinin baş direktoru Faruk Tekşen və Marneuli filialının rəhbəri Murat Kördemir, Gürcüstan Parlamentinin sabiq deputatları İsaq Novruzov, Ramiz Bəkirov və Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin rəhbəri Nizami Məmmədzadə, eləcə də Kvemo Kartli bölgəsinin ictimaiyyət nümayəndələri, ziyalılar və din xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Daha sonra “Azərbaycan Evi”nin və Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin (GAİM) direktoru Məhəbbət İmanov giriş nitqi ilə çıxış edərək bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, xalqın milli birliyinin təmin olunmasında, həmçinin Azərbaycan–Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm rol oynayıb.

O qeyd edib ki, Heydər Əliyevin siyasi irsi bu gün də Azərbaycan xalqı üçün mühüm yol xəritəsidir və onun əsasını qoyduğu strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bildirilib ki, ulu öndərin rəhbərliyi dövründə regionda sabitliyin, qarşılıqlı əməkdaşlığın və xalqlar arasında dostluq münasibətlərinin inkişafına xüsusi önəm verilib.

Azərbaycanın Gürcüstandakı Səfirliyinin nümayəndəsi Fəxrəddin Ağayev çıxışında qeyd edib ki, ulu öndər Heydər Əliyev hər zaman Azərbaycan–Gürcüstan dostluq münasibətlərinə xüsusi önəm verib, Gürcüstanda yaşayan azərbaycanlılara daim diqqət və qayğı göstərib.

Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətlərindən biri müstəqil və güclü Azərbaycan dövlətinin formalaşdırılması olub. Onun həyata keçirdiyi uzaqgörən siyasət, dövlətçilik prinsipləri və milli maraqlara söykənən strateji qərarlar bu gün öz nəticəsini aydın şəkildə göstərir.

Qeyd olunub ki, bu siyasət Azərbaycanın regionun aparıcı dövlətlərindən birinə çevrilməsində, siyasi sabitliyin və iqtisadi inkişafın təmin olunmasında mühüm rol oynayıb. Heydər Əliyev təkcə Azərbaycanın dövlətçilik tarixində deyil, bütövlükdə regionun inkişafında mühüm rol oynamış böyük siyasi xadim idi.

Bildirilib ki, məhz Heydər Əliyev və Eduard Şevardnadzenin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və Gürcüstan arasında möhkəm dostluq, mehriban qonşuluq və strateji tərəfdaşlıq münasibətlərinin təməli qoyulub və bu münasibətlər bu gün də yüksək səviyyədə davam edir.

Vurğulanıb ki, Prezident İlham Əliyevin aprel ayında Gürcüstana səfəri çərçivəsində keçirilən görüşlər və aparılan müzakirələr bir daha göstərib ki, ölkələr arasında əlaqələr sarsılmazdır və ortaq gələcəyə hesablanıb.

Çıxışlarda qeyd olunub ki, Gürcüstanda yaşayan azərbaycanlılar üçün bu dostluq münasibətləri xüsusi əhəmiyyət daşıyır. Çünki xalqları yalnız siyasi əlaqələr deyil, həm də tarix, mədəniyyət, qarşılıqlı hörmət və qardaşlıq bağları birləşdirir.

Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze çıxışında bildirib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Gürcüstanın və gürcü xalqının yaxın dostu olub. O qeyd edib ki, iki ölkə arasında dostluq, strateji tərəfdaşlıq və mehriban qonşuluq münasibətləri bu gün yüksək səviyyədə inkişaf edir, hər iki ölkə rəhbərliyinin siyasi iradəsi nəticəsində Cənubi Qafqazda sülh, əmin-amanlıq və sabitlik hökm sürür.

Bələdiyyə Məclisinin sədr müavini Vasil Xaxulaşvili isə çıxışında vurğulayıb ki, Gürcüstan və Azərbaycan əsrlər boyu dostluq və qardaşlıq münasibətlərinə malik olub. O qeyd edib ki, Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra iki ölkə arasında münasibətlər daha da möhkəmlənərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu gün gürcü xalqı da Azərbaycan xalqı kimi Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edir.

Tədbirin davamında Bələdiyyə Məclisinin üzvü Anar Piriyev, sabiq deputatlar İsaq Novruzov və Ramiz Bəkirov, Azərbaycan Respublikasının əməkdar jurnalisti Nizami Məmmədov, din xadimi Yasin Əliyev ziyalı və ictimaiyyət nümayəndəsi Növrəstə Məhərrəm qızı və digər çıxışçılar Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycan və Gürcüstan arasında əsası qoyulan dostluq və strateji tərəfdaşlıq münasibətlərindən danışıblar.

Tədbirin sonunda iştirakçılar üçün furşet təşkil olunub.







Sosial həyat