Gəncədə Ulu Öndərin şəhərin memarlıq mühitindəki rolundan bəhs olunub

post-img

Gəncədə müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi dövründə Gəncə şəhərində formalaşmış memarlıq mühiti” mövzusunda tədbir keçirilib.

XQ xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin Gəncənin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət olunub, önünə tər çiçəklər düzülüb, xatirəsinə dərin ehtiram ifadə edilib.

Daha sonra Ümummilli Lider Heydər Əliyevin birinci və ikinci hakimiyyəti illərində siyasi fəaliyyətini əks etdirən fotoşəkillərə baxış keçirilib.

Tədbirin rəsmi hissəsində Ulu Öndər Heydər Əliyevin, həmçinin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Ulu Öndərin Gəncəyə olan münasibəti həmişə fərqli və səmimi olub: “Ulu Öndər Heydər Əliyev Gəncəyə gələndə sadəcə rəsmi açılışlar etməzdi. O, insanlarla səmimi ünsiyyət qurar, hər bir gəncəlinin qayğısı ilə maraqlanardı. Məhz bu səmimiyyət və xalq sevgisi bu gün Gəncənin simasında yaşayır”.

O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən eyni qətiyyətlə davam etdirilir. Ulu Öndərin ən böyük vəsiyyəti olan torpaqlarımızın azadlığı artıq reallıqdır və biz bu gün bu tədbiri qalib bir xalqın nümayəndələri kimi keçiririk.

YAP Gəncə Şəhər Təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti bu gün də Azərbaycanın inkişaf strategiyasının əsasını təşkil edir. Onun müəyyən etdiyi siyasi kurs ölkəmizin davamlı inkişafını təmin etmiş, Azərbaycanı regionun lider dövlətlərindən birinə çevirmişdir. Bu siyasət bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.

Tədbirin davamında AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, SN “Gəncə Tibb Kolleci” PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev və “Gəncə Əlvan Metal Emalı” ASC-nin İdarə Heyətinin sədri Nurəddin Hüseynov çıxış ediblər. Çıxışlarda Heydər Əliyevin Azərbaycana birinci rəhbərliyi illərində Gəncə şəhərinin planlı şəkildə böyüdülməsi, yeni yaşayış massivlərinin salınması, təşəbbüsü ilə Gəncənin ölkənin mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi, həmçinin ölkənin ikinci böyük şəhərində səhiyyənin inkişafı istiqamətində görülən işlərdən bəhs olunub.

Yekunda Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

 

Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti 















Sosial həyat