Mayın 10-da Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına start verilir

post-img

Mayın 10-da Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışına start veriləcək. Nüfuzlu yarışda 20 ölkəni təmsil edən 24 komanda iştirak edəcək.

Yarış öncəsi “Sea Breeze”də keçirilən mətbuat konfransında Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov bildirib ki, əvvəllər də Azərbaycanda belə beynəlxalq yarışlar uğurla keçirilib. İşğal altında olan torpaqlar azad edildikdən sonra yarışın coğrafiyasının genişləndirilməsi qərara alınıb və velosipedçilər beşgünlük yarışa Bakıda başlayıb Xankəndi şəhərində yekun vuracaqlar. Ölkəmizin 21 şəhər və rayonunun ərazisindən keçəcək yarışın maskotları isə “Zəfər” və “Qarabağ” adlı məşhur Qarabağ atlardır.

Sahib Ələkbərov bildirib ki, bu cür yarışlarda maksimum icazə verilən komanda sayı 25-dir. Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında 4 qitədən 20 ölkəni təmsil edən 24 komanda iştirak edəcək: "Azərbaycanın hər bir bölgəsində bu yarışı keçirmək mümkündür. Növbəti illərdə planlarımızda coğrafiyanı bir qədər də genişləndirməklə Kəlbəcər istiqamətinə mərhələ daxil edilməsi də var" - deyə, o bildirib.

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının texniki direktoru, Avropa Velosipedçilər Birliyinin (UEC) fəxri baş katibi Roland Hofer yenidən ölkəmizdə olmasından məmnunluğunu bildirib: "Çox şadam ki, buradayam və 5 gün ərzində müxtəlif relyefli ərazilərdə maraqlı mübarizə izləyəcəyik. Əvvəlki illərin təcrübəsi də göstərir ki, Azərbaycan bu cür yarışları təşkil etmək baxımından dünyada ən öndə gedənlərdəndir. Hətta “Tour de France” iştirakçıları bu cür otellərdə qalmırlar. Yollarınız da kifayət qədər yaxşıdır”.

Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 1-ci mərhələsi sabah keçiriləcək. İştirakçılar saat 09:25-də “Sea Breeze”dən start götürməklə paytaxt Bakının müxtəlif görməli yerlərindən keçəcəklər və 159.3 km məsafə qət edərək Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında qalibi müəyyən edəcəklər.

Fotolar Cavid Qaçayev

XQ







































İdman