Mayın 7-də gecə qırıcılar 1 saat bomba səpib
Bu il aprelin 22-də Pahalqamda (şəhər Kəşmirin hazırda Hindistanın nəzarətində olan ərazidə yerləşir–müəllif) baş verən və 26 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra Hindistanla Pakistan arasında gərginlik son nöqtəsinə çataraq silahlı münaqişəyə çevrilib. Belə ki, mayın 7-nə keçən gecə Hindistan Hərbi Hava Qüvvələri (HHQ) Pakistanın nəzarətində olan Kəşmir vilayətinə, eləcə də bu ölkənin bir neçə böyük şəhərinə aramsız raket zərbələri endiriblər. Pakistan aviasiyası qarşı tərəfə adekvat aviazərbələrlə cavab verib.
CNN xəbər verir ki, Pakistan və Hindistan qırıcıları arasındakı hava döyüşü yeni aviasiya tarixində ən geniş miqyaslı və uzunmüddətli döyüşlərdən biridir. Belə ki, “hava dueli”ndə hər iki tərəfdən, ümumilikdə, 125 qırıcı təyyarə iştirak edib. Pakistan rəsmisi mediaya açıqlamasında bildirib ki, Hindistan tərəfinin hücumu zamanı Pakistan HHQ qarşı tərəfin 5 qırıcısını və 10-dan çox PUA-sını vurub.
“Barışmaz rəqiblər” arasında raket və dron mübadiləsi dünən də davam edib. Ən son məlumatlara görə, Hindistanın Pakistana hava hücumları nəticəsində 31 dinc sakin həlak olub, 57 nəfər yaralanıb. Rəsmi İslamabad bildirib ki, Hindistan aviasiyası müharibə qanunlarını pozaraq, əsasən, əhalinin kütləvi toplaşdığı əraziləri hədəfə alır.
Təbii ki, hər iki tərəfdə sadə, sıravi insanlar ciddi narahatlıq və təşviş keçirirlər. Vəziyyət, həqiqətən, günbəgün gərginləşir. Hindistan rəsmilərinin kəskin savaş ritorikası diqqətdən yayınmır. Tərəflər bir-birinə mümkün qədər çox aviazərbələr endirməyə cəhd edirlər. Bu ağır savaşın tezliklə dayanacağına ümidlər azalır.
Dünən Hindistan ərazisindən atılan çox sayda dronlar nəticəsində Pakistanın ikinci böyük şəhəri Lahorun “Uolton” hava limanı yaxınlığında güclü partlayışlar baş verib. Çox sayda dağıntıların olduğu bildirilir. Ölən və yaralananların olduğu qeyd olunur. Vəziyyətin daha da gərginləşəcəyini nəzərə alaraq, ABŞ-ın Lahordakı Baş Konsulluğu ABŞ vətəndaşlarını ərazini tərk etməyə çağırıb.
Hərbi ekspertlər savaşın ilk nəticələri barədə ilkin qənaətlərini bildirirlər. Onların çoxu hesab edir ki, Pakistan HHQ texniki cəhətdən daha modern və güclü təsir bağışlayır. Dünən Pakistanın Baş naziri Şahbaz Şərif ölkə parlamentində çıxışı zamanı deyib ki, Milli Silahlı Qüvvələr 7 may gecəsi Hindistan HHQ-nin kütləvi hava hücumunun qarşısını alarkən yüksək peşəkarlıq, vətənpərvərlik nümayiş etdiriblər və Pakistan xalqı bundan qürur duymalıdır.
Pakistan hökumətinin başçısı, həmçinin “X” sosial şəbəkəsindəki hesabındakı paylaşımında vurğulayıb ki, “suverenliyimizi və ərazi bütövlüyümüzü nəyin bahasına olursa-olsun qoruyacağıq. Pakistan heç vaxt Hindistanın təzyiqlərinə boyun əyməyəcək!”.
Baş nazirin sözlərinə görə, mayın 7-də gecə Hindistan 80 qırıcı təyyarə ilə Pakistanın 6 fərqli ərazisinə, o cümlədən Azad Cammu və Kəşmir, Bahavalpur, Şakargarh və Sialkot bölgələrinə hava zərbələri endirməyə cəhd edib. Lakin Pakistan HHQ rəqibin 5 təyyarəsini, o cümlədən 3“Rafale” (Fransa istehsalıdır-müəllif) qırıcısını vurub.
Hindistanla Pakistan arasında müharibənin genişlənərək nüvə müharibəsinə keçməsi ehtimalı bütün dünyanı narahat edir. Ekspertlər düşünürlər ki, əgər Hindistanın piyada qoşunları Pakistanın sərhədlərini aşaraq quruda hücum əməliyyatını başlamağa cəhd edərsə, həqiqətən, nüvə müharibəsi təhlükəsi kəskin arta bilər. Dünyanın bir çox böyük dövlətlərinin liderləri də bunun fərqindədirlər və tərəflər arasında sülh yaratmaq məqsədilə vasitəçilik etməyə hazır olduqlarını bildirirlər.
Məsələn, ABŞ Prezidenti Donald Tramp dünən Ağ evdə bu məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, o, şəxsən 2 ölkə arasında hərbi güc tətbiqi ilə müşayiət olunan zorakılıqların aradan qaldırılmasında yardım göstərməyə hazırdır. Amerika lideri deyib: “Onların dayanmasını istəyirəm. Ümid edirəm ki, indi onlar dayana bilərlər. Onlar “qana-qan” prinsipi ilə hərəkət ediblər və ümid edirəm ki, indi dayana bilərlər...Və əgər mən kömək etmək üçün nəsə edə bilərəmsə, mən orada olacağam”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hindistanın Pakistana qarşı sərgilədiyi aqressiv hərəkətlərdən narahatlığını dilə gətirib. Yeri gəlmişkən, dünən Türkiyə və Pakistan liderləri arasında telefon danışığı baş tutub. R.T.Ərdoğan Ankaranın birmənalı olaraq Pakistanla həmrəy olduğunu bildirib, hücumda həlak olan pakistanlılara Allahdan rəhmət, yaralılara isə şəfa diləyib. Türkiyənin dövlət başçısı, eyni zamanda, ölkəsinin regionda gərginliyin artmasının qarşısını almaq üçün əlindən gələni etməyə hazır olduğunu və bu mövzuda diplomatik təmasların davam etdiriləcəyini deyib.
Avropa İttifaqının rəsmiləri də Hindistan və Pakistan arasında artan gərginliyi böyük narahatlıqla izləyirlər. Dünən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas mediaya açıqlamasında deyib ki, “Aİ rəhbərliyi hər iki tərəfi təmkinli olmağa, gərginliyi azaltmağa və hər iki tərəfdən mülki şəxslərin həyatını qorumaq üçün əlavə hücumlardan çəkinməyə, dialoqa çağırır”. K.Kallasın sözlərinə görə, Brüssel vəziyyətin gərginliyini azaltmaq üçün bütün tərəflərlə işləməyə hazırdır.
Qərbi Xəzər Universitetinin Regional Araşdırmalar İnstitutunun elmi işçisi Şeraz Mehmud bildirib ki, mayın 7-si gecəsi Hindistan Pakistana raket zərbəsi endirməklə, regionda son dərəcə təhlükəli oyuna başlayıb. Regional güclər vəziyyət nəzarətdən çıxmazdan əvvəl ciddi düşünməlidirlər.
Ş.Mehmud hesab edir ki, Pakistan regionda onilliklər boyu terror və daxili üsyanlara qarşı mübarizə aparan güclü dövlətdir. O, öz suverenliyini və ərazi bütövlüyünü qorumağa tam qadirdir. Rəsmi İslamabad sülh tərəfdarıdır. Təəssüf ki, Pakistandan fərqli olaraq, Hindistan bu ağır münaqişədə eskalasiya yolu seçib. Bu, əlbəttə, yolverilməzdir!
Məsaim ABDULLAYEV
XQ