Mayın 15-də Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyada Azərbaycan İctimai Televiziyasına verdiyi müsahibədə Ermənistan konstitusiyasında mövcud ərazi iddiaları, habelə Minsk qrupunun ləğvi məsələsində növbəti dəfə beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhd edib.
Ermənistan tərəfi üçün beynəlxalq müqavilələrdə ərazi bütövlüyünə dəstək ifadə edilməsinin heç bir əhəmiyyətə malik olmadığı danılmaz bir faktdır. Bunu sübut etmək üçün, Ermənistanın Almatı bəyannaməsinə qoşulması prosesini və bu razılaşmanı necə kobud şəkildə pozduğunu xatırlatmaq yerinə düşər. Ermənistan tərəfinin daim istinad etdiyi Almatı Bəyannaməsinə qoşulan zaman verdikləri qeyd-şərtləri, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa qarşı çıxan qüvvədə olan qanunvericilik aktlarının mövcudluğu hər kəsə məlumdur.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistanın baş nazirinin İctimai Televiziyaya müsahibəsi zamanı irəli sürdüyü iddialarla bağlı şərhində yer alıb.
Onun sözlərinə görə, baş nazir Ermənistanın tərəf çıxdığı və ratifikasiya edilmiş beynəlxalq müqavilələrin yerli qanunlar üzərində üstünlüyə malik olduğu barədə konstitusiya müddəasına istinad etməklə öz iddialarını arqumentlərlə sübut etməyə çalışması da tamamilə əsassızdır. O bildirib ki, 2022-ci ilin oktyabr ayından etibarən müzakirə olunan sülh sazişi layihəsində ərazi bütövlüyünə dəstək barədə müvafiq müddəaya razılıq verilməsi ilə yanaşı, paralel olaraq Ermənistan rəhbərliyinin 2023-cü ilin sentyabrında antiterror tədbirlərinə qədər qondarma rejimə necə dəstək verdiyini, onu legitimləşdirməkdə davam etdiyini heç kim unutmayıb. Həmçinin 1991-ci ilin sərhədləri və Almatı Bəyannaməsi əsasında ərazi bütövlüyünə istinad edən Ermənistan tərəfinin son 35 ilə yaxın müddətdə nəyə görə bu xəritələrə və razılıqlara əməl etmədiyinə, sovet xəritələrində əksini tapmış sərhədləri qəbul etməkdən imtinaya görə izahat verməsi daha yaxşı olardı.
“Qeyd edilənlərlə yanaşı, Ermənistan Konstitusiya Məhkəməsinin qərarlarına mütəmadi olaraq istinad edən baş nazirə Ermənistan tərəfinin hələ 2010-cu ilin yanvarında Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair protokolların onun konstitusiyasına uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinin qərarının təfərrüatlı şəkildə əsaslandırıldığı zaman qondarma “Qərbi Ermənistan” iddialarından əl çəkmədiyini, eyni məntiq və yanaşmanın məhkəmənin Azərbaycanla Ermənistan arasında sərhəd komissiyalarının reqlamentinin Ermənistan konstitusiyasına uyğunluğu ilə bağlı 2024-cü il 26 sentyabr tarixli qərarının qəbulu zamanı tətbiq etdiyini xatırlamaq kifayətdir. Xüsusən də, məhkəmə qərarında preambula və dolayısı ilə Müstəqillik Bəyannaməsinin “erməni dövlətçiliyinin əsas prinsipləri” kimi səciyyələndirilməsi və onların dəyişilməz müddəalar olduğunun qeyd edilməsi, Ermənistanın Azərbaycan ərazilərinə qarşı iddialarından irəli gələn təhdidin miqyasını nümayiş etdirir”, - deyə XİN sözçüsü vurğulayıb.
XQ