Polşanın hava məkanına pilotsuz uçuş aparatlarının (PUA) daxil olması ilə bağlı insidentdən sonra NATO ölkənin müraciəti əsasında Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini işə salıb. Bu maddə alyans üzvlərinin ərazi bütövlüyünə və ya təhlükəsizliyinə təhdid yarandıqda təcili məsləhətləşmələrin keçirilməsini nəzərdə tutur.
Polşa hökumətinin mətbuat katibi Adam Şlapka Polsat News-a açıqlamasında 4-cü maddənin işə salındığını təsdiqləyib. NATO-nun baş katibi Mark Rutte isə alyansın Polşa ərazisindəki PUA insidenti ilə bağlı məlumatı diqqətlə araşdırdığını bildirib.
Çərşənbəyə keçən gecə Polşa ölkə hava məkanına daxil olan dronlara qarşı hərbi təyyarələr havaya qaldırıb. Rəsmi məlumata görə, bir neçə PUA vurulub, onların qalıqları Polşa sərhədi yaxınlığında tapılıb. Lyublin vilayətində yerləşən bir yaşayış binası da zədələnib.
Varşava hadisənin Rusiyaya məxsus dronlarla həyata keçirildiyini bəyan edib. Baş nazir Donald Tusk fövqəladə hökumət iclası çağırıb. Eyni zamanda, Polşa Xarici İşlər Nazirliyinə Rusiyanın müvəqqəti işlər vəkili Andrey Ordaş dəvət olunub. Ordaş isə dronların Ukrayna ərazisindən havaya buraxıldığını bildirib.
Bəzi ekspertlərin fikrincə, NATO-nun 4-cü maddəsinin işə salınması alyansın şərq cinahında gərginliyi daha da artıra bilər. Bu addım hələlik birbaşa hərbi müdaxiləni nəzərdə tutmasa da, Polşanın təhlükəsizlik məsələlərinin bütün alyans çərçivəsində müzakirəyə çıxarılması Moskva üçün ciddi siyasi siqnal hesab olunur. Hadisənin növbəti mərhələsi NATO ölkələrinin qəbul edəcəyi ortaq qərarlardan asılı olacaq və bu qərarlar həm Polşanın təhlükəsizlik təminatını, həm də alyansın gələcək strateji mövqeyini müəyyən edə bilər.
Səbuhi MƏMMƏDOV
XQ