Naxçıvanda “Zəfər yolunun davamçıları” yay düşərgəsi təşkil olunub

post-img

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının birgə təşkilatçılığı ilə “Ağbulaq” istirahət mərkəzində xüsusi kateqoriyadan olan uşaqlar üçün 3 günlük “Zəfər yolunun davamçıları” yay düşərgəsi təşkil olunub.

XQ AHİK-ə istinadən xəbər verir ki, iştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Sonra düşərgədə iştirak edən uşaqlarla görüş keçirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli qeyd edib ki, gələcəyimiz olan uşaqlara xüsusi qayğı Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Dövlət başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva da bu istiqamətdə siyasəti uğurla davam etdirir, uşaqlara göstərilən diqqət və qayğının miqyası ildən-ilə genişlənir. Bu baxımdan, təşkil olunan “Zəfər yolunun davamçıları” yay düşərgəsi də dövlət-uşaq siyasətinin tərkib hissəsi kimi önəmli əhəmiyyət daşıyır.

Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Naxçıvanda xüsusi kateqoriyadan olan uşaqlar üçün düşərgənin təşkili və digər tədbirlərin keçirilməsinin davamlı xarakter aldığını vurğulayıb, yay və qış düşərgələrinin bundan sonra da davam etdiriləcəyini bildirib.

Qeyd edək ki, 9-11 sentyabr tarixlərini əhatə edəcək “Zəfər yolunun davamçıları” yay düşərgəsində müxtəlif yaş qrupları üzrə 29 uşaq, eləcə də 5 nəzarətçi iştirak edir. Düşərgə iştirakçıları arasında Naxçıvanla yanaşı, Bakı şəhərindən də dəvət olunmuş uşaqlar var.

Müşfiq Mirzə
XQ





Sosial həyat