Energetika Nazirliyinin bp ilə yeni layihə müzakirəsi

post-img

Dünən energetika naziri Pərviz Şahbazovla bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Ciovanni Kristofoli arasında görüş keçirilib. Bu barədə XQ-yə Energetika Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, görüşdə bp şirkəti ilə strateji tərəfdaşlıq çərçivəsində neft-qaz və bərpaolunan enerji sahələrində həyata keçirilən layihələrin icra vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu kontekstdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağında hasilatın sabit saxlanılması, yeni texnologiyaların tətbiqi və əməliyyat səmərəliliyinin artırılması istiqamətində görülən işlər nəzərdən keçirilib.

Eyni zamanda, “Şahdəniz” yatağında aparılan fəaliyyətlər, “Şahdəniz Kompressiya” layihəsinin inkişafı və AÇG-dən sərbəst təbii qazın işlənməsi layihəsi çərçivəsində ilk qazın əldə olunması ilə bağlı yeniliklər diqqətə çatdırılıb. Söhbət əsnasında, həmçinin “Şəfəq-­Asiman”, “Qarabağ” və “Babək” yataqlarının işlənməsi ilə bağlı məsələlərə toxunulub, bu sahədə perspektiv imkanlar dəyərləndirilib. Qeyd olunub ki, sözügedən layihələr ölkənin qaz ixrac potensialının artırılmasına mühüm töhfə verəcək.

Görüşdə neft-qaz platformalarının və “Səngəçal” terminalının elektrikləşdirilməsi, eləcə də “Şəfəq” Günəş Elektrik Stansiyasının 2027-ci ildə istismara verilməsi istiqamətində görülən işlər də nəzərdən keçirilib.

Söhbət zamanı enerji bazarlarında mövcud vəziyyət fonunda enerji təhlükəsizliyinin prioritetliyi, enerji mənbələrinin, marşrutlarının və təchizatın şaxələndirilməsinin əhəmiyyəti vurğulanıb. Bərpaolunan enerji sahəsində sürətli inkişafla yanaşı, karbohidrogenlərin hələ də qlobal enerji istehlakında əsas paya malik olduğu və gələcəkdə də mühüm rol oynamaqda davam edəcəyi bildirilib. Azərbaycanın neft, qaz, elektrik enerjisi və bərpaolunan enerji sahələrində diversifikasiya siyasətini ardıcıl şəkildə davam etdirdiyi qeyd olunub.

Görüşdə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, regional enerji təhlükəsizliyinin gücləndirilməsi və Azərbaycanın beynəlxalq enerji mərkəzi kimi rolunun daha da möhkəmləndirilməsi istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi ifadə olunub.

XQ

 

İqtisadiyyat