Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurasının növbəti iclası keçirilib.
İclasda mədəniyyət nazirinin müavini Səadət Yusifova Ekspert Şurası tərəfindən həyata keçirilən işlərin nəticələri barədə məlumat verib. Qeyd edib ki, bu günə qədər müzakirə edilən 681 abidə və yeni aşkar edilmiş nümunəyə dair qanunvericiliyə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından rəy alınıb. Ümumilikdə isə 4000-ə qədər abidə və yeni aşkar edilmiş nümunə barədə Ekspertiza aktı hazırlanıb.
Ekspert Şurasının sədri, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professor Gülçöhrə Məmmədova müzakirəyə çıxarılan məsələlər haqqında məlumat verib.
İclasda 4 şəhər və 15 rayon üzrə 70 yeni aşkar edilmiş nümunənin dövlət mühafizəsinə götürülməsi, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən dövlət mühafizəsində olan 10 abidənin məlumatlarına dəyişiklik edilməsi müzakirə olunub. Tarixi, memarlıq və arxeoloji əhəmiyyəti daşıyan obyektlərin dövlət qeydiyyatına alınması üçün müvafiq tədbirlərin görülməsi barədə qərarlar qəbul edilib.
XQ


