Borçalıda Ağbaba həsrəti

post-img

Qərbi Azərbaycandan zorla köçürülmüş yüz minlərlə azərbaycanlı hələ də doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayır. Vaxtilə ata-baba torpaqlarını tərk etməyə məcbur edilmiş Ağbaba mahalının Öysüzlü kəndindən olan İlham və Rövşən Əhmədov qardaşları da illərdir bu həsrətlə yaşayırlar. 

Bu qardaşlar Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası zamanı öz doğma kəndlərini, demək olar ki, ən sonda tərk edən ailələrdən olublar. Əhmədovlar ailəsi əvvəlcə Azərbaycanda məskunlaşıb, sonralar isə doğma yurdlarına daha yaxın olmaq üçün Gürcüstanın Marneuli rayonunun İmircala kəndinə köçərək burada özlərinə yeni yurd-yuva qurublar.

Axır uzun illərdən sonra bütün çətinliklərə baxmayaraq, Vətən və yurd həsrəti onları doğma kəndlərinə — Ermənistan ərazisinə getməyə vadar edib. Əhmədov qardaşları Gürcüstanın Ermənistanla sərhədindəki Sadaxlı gömrük-keçid məntəqəsindən keçərək Amasiya rayonunda yerləşən ata-baba torpaqlarını ziyarət etməyə nail olublar. Doğma kəndlərinə qayıdan qardaşlar üçün bu səfər ağır olub. Uşaqlıqlarının keçdiyi, hər daşında-divarında xatirələri yaşayan evlərinin sökülüb dağıdıldığını görmək onlar üçün təsirli olub. Lakin kənd qəbiristanlığı və ocaq yerlərinin hələ də yerində qaldığını görərkən bir qədər təsəlli tapıblar.

İlham və Rövşən Əhmədovlar ailələri ilə birgə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qərbi Azərbaycan məsələsini beynəlxalq müstəviyə daşıdığına və soydaşlarımızın hüquqlarının müdafiəsini ali dövlət siyasəti səviyyəsinə qaldırdığına görə dərin minnətdarlıqlarını bildiriblər. 

Onlar vurğulayıblar ki, məhz Azərbaycanın Prezidentinin qətiyyətli mövqeyi və “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası bütün qaçqın düşmüş soydaşlarımızda, o cümlədən Əhmədov qardaşlarında doğma yurd yerlərinə bir gün mütləq və əbədi qayıdacaqlarına böyük ümid və inam hissi yaradıb. 

Əhmədov qardaşları indi reallaşdırdıqları bu ziyarəti, sadəcə, keçmişə səyahət deyil, gələcəkdə həyata keçiriləcək böyük qayıdışa mənəvi hazırlıq hesab edirlər... 

Nəriman ƏLİYEV

 

Sosial həyat