Son səssiz və ilk səsli filmlər

post-img

Bakıda anadan olmuş rus rejissor və ssenarist Aleksandr Litvinovun ekranlaşdırdığı “Müxtəlif sahillərdə” tammetrajlı səssiz bədii filminin bu il 100 yaşı tamam olur. “Azərkino”da istehsal edilən və ilk tamaşası həmin ilin aprelində göstərilən bu tarixi ekran əsərində Mirzəağa Əliyev, Mustafa Mərdanov, Mikayıl Mikayılov və başqaları çəkiliblər. 

Detektiv dram elementləri ilə zəngin bu filmin digər adı “Əlbəyaxa”dır. Əsas süjet xətti neft mədənlərində gərgin əməklə məşğul olan fəhlə və mühəndislərlə onlara qarşı çıxan qüvvələrin konflikti ətrafında qurulub. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanda fəhlə sinfinin neft sənayesinin inkişafı uğrunda gördüyü işlərdən söhbət açılır. 

...Oktyabr çevrilişi nəticəsində dağıdılmış təsərrüfatı bərpa etmək üçün Bakıya Amerikadan mütəxəssislər dəvət olunurlar. Onların bəzisi tapşırılan işi qəsdən yerinə yetirmir. Bunu görən yerli mütəxəssislər özləri mədənlərdə qayda yaratmağa çalışırlar. Beləliklə, münaqişə yaranır və getdikcə kəskin şəkil alır. Məhz bu qarşıdurma filmin əsasını təşkil edir. Paralel olaraq, Amerikada işdən çıxaraq gəlib Bakıda işləyən neftçi Dik Tikstonla okeanın o üzündə qalmış nişanlısı Editin sevgi tarixçəsi kinolentə lirik ton qatır. 

Amerikalı fəhlə rolunu canlandıran Mirzəağa Əliyev bu filmə qədər “Arşın mal alan” (ilk variant) və “Bismillah” adlı ekran əsərlərində çəkilmişdi. Məhz onun sənətkarlığı sayəsində “Müxtəlif sahillərdə” filmi daha dolğun təsir bağışlayıb. Təəssüf ki, dəyərli film günümüzə qədər gəlib çıxmayıb...

Bu il çəkilməsindən 95 il ötən “Nikita İvanoviç və sosializm” tammetrajlı bədii filmi də “Azərkino”nun məhsuludur və Bakıda neft sənayesi bumundan fərqli olaraq, Rusiyada kollektivləşən kənd təsərrüfatına, qolçomaqlara qarşı mübarizəyə həsr edilib. Digər adları “Rusiya məhv oldu” və “Yer üzündə insanlar” olan filmin quruluşunu Aleksandr Makovski verib. Aktyor heyəti arasında heç bir azərbaycanlı yoxdur.

Azərbaycan kinosunda sonuncu səssiz iş olan, Cəfər Cabbarlının eyniadlı pyesi əsasında lentə alınmış “Almaz” (1936) ekran əsəri isə bu baxımdan fərqli əhəmiyyət kəsb edir. Filmin rejissorları Ağarza Quliyev və Qriqori Braginski, operatorları Əsgər İsmayılov və İvan Frolovdur. Hadisələri bəstəkarlar Zülfüqar Hacıbəyov və oğlu Niyazinin musiqiləri müşayiət edir. Bu filmdə bütün aktyor heyəti soydaşlarımızdan ibarətdir. Baş rollarda İzzət Oruczadə, Hökumə Qurbanova, Xeyri Əmirzadə, Əlisəttar Məlikov, Ələkbər Hüseynzadə və İsmayıl Hidayətzadə oynayıblar. Mirzəağa Əliyev, Ələsgər Ələkbərov, Əhməd Qəmərlinski, Rza Təhmasib və başqaları da filmdə rol alıblar. 

Bir əsr əvvəlki dövrdə kollektivləşmə ilə əlaqədar sinfi mübarizə və ucqar dağ kəndində işləməyə gəlmiş gənc müəllim Almazın burada qarşılaşdığı çətinliklər, şər-böhtan filmdəki həyat təzadlarının nüvəsini təşkil edir. Almaz min bir əzabla məktəbdə fəaliyyətə başlayır, sınaqlara sinə gərir. Onun keşməkeşli həyat yolu filmin əsas süjet xəttini təşkil edir. Yeni quruluşu və təhsili qətiyyətlə müdafiə edən Almaz obrazını İzzət Oruczadə məharətlə oynayır. 

Qeyd edək ki, böyük dramaturq Cəfər Cabbarlı özü filmə quruluş verməli imiş. O, hətta ekran əsərinin bütün hazırlıq işlərini də görüb başa çatdırmışdı. Lakin qəfil ölümü bu işi yarımçıq qoyub. Dostları isə ona vəfa borcu olaraq “Almaz”ı tam ərsəyə gətiriblər və film C.Cabbarlının vəfatının 2-ci ildönümü münasibətilə ilk dəfə ekranlara buraxılıb. 2019-cu ildə Nazirlər Kabinetinin qərarı ilə “Almaz” ölkəmizdə dövlət varidatı elan edilmiş filmlərin siyahısına salınıb. 

Daha bir yubilyar film “Səbuhi”dir. 1941-ci ildə tarixi-bioqrafik janrda çəkilib və böyük maarifçi, dramaturq, filosof Mirzə Fətəli Axundova həsr olunub. Filmdə onun xalqına olan sevgisi, sədaqəti, eyni zamanda, dövrünün qabaqcıl ideyaları uğrunda mübarizəsi öz əksini tapıb. Yazıçı Mikayıl Rəfilinin ssenarisi əsasında çəkilən filmə görkəmli rejissor Rza Təhmasib Amo Bek-Nəzərovla birlikdə quruluş verib. Operatorlar isə Dmitri Felman və Əsgər İsmayılov olublar. 85 yaşlı bu film həm də bəstəkar Tofiq Quliyevin ilk kino işidir.

Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında azad düşüncə tərzinin ən böyük nümayəndəsi Axundov bədii yaradıcılığına “Səbuhi” təxəllüsü ilə şeirlər yazmaqla başlayıb. Səbuhi sübh sözündəndir, sübhə məxsus olan, səhər adamı deməkdir. O, İslam dünyasının ictimai, sosial və siyasi sahələrində radikal islahatların zəruriliyi fikrini müdafiə edib. “Səbuhi” filmində gənc Mirzə Fətəli öz xalqının sədaqətli oğlu, dövrünün qabaqcıl ideyaları uğrunda alovlu mübariz kimi göstərilib.

Tanınmış kinoşünas-jurnalist Aydın Kazımzadə yazır ki, filmdə qəhrəmanın həyatı və fəaliyyəti ilə bağlı çoxlu faktlardan istifadə olunub: “Onun 1834-cü ildə Tiflisə gəlməsi, ozamankı Cənubi Qafqazın qabaqcıl adamları və sürgündə olan rus dekabristləri ilə yaxınlaşması, Qafqaz canişininin baş dəftərxanasında mülki işlər sahəsində Şərq dilləri mütərcimi vəzifəsində çalışması, mütərəqqi rus və Qərbi Avropa ədəbiyyatını, ictimai-fəlsəfi fikrini öyrənməsi, evlənməsi, ərəb əlifbasının latın qrafikası ilə əvəz olunması üçün mübarizə aparması və s. hadisələr ekranda öz əksini tapmışdır”.

Ekran əsərində Səbuhi rolunu İsmayıl Dağıstanlı, onun həyat yoldaşı Tubu xanımı Leyla Bədirbəyli, Abbasqulu ağa Bakıxanovu Ağadadaş Qurbanov, Mirzə Şəfini Ələsgər Şərifov, Vanonu Möhsün Sənani, Rzanı İsmayıl Əfəndiyev, Şeyx Əlini Kazım Ziya, akademiya rəisini Mustafa Mərdanov yaradıblar. Filmdə Aşıq Səttarın mahnılarını Zülfi Adıgözəlov oxuyub.

Bu da bir faktdır ki, İkinci Dünya müharibəsi dövründə belə bir film çəkmək çətin idi. Çünki, əsasən, hərbi-vətənpərvərlik mövzusuna üstünlük verilirdi. Üstəlik də, “Səbuhi”nin ssenarisi qəbul üçün müzakirə olunanda ciddi mübahisələr yaranıb və bəzi düzəlişlər edilib. Məsələn, M.F.Axundovun Bestujev-Marlinski və Tiflisdə sürgündə olan başqa dekabristlərlə olan görüş səhnələrinin artırılması, onun formalaşmasında rus ziyalılarının təsirinin aydın göstərilməsi xüsusi cidd-cəhdlə filmin müəlliflərinə tapşırılıb. Mikayıl Rəfili bunu könülsüz qəbul etsə də, amiranə şəkildə tövsiyə olunan səhnələrin filmdə çox yığcam şəkildə göstərilməsi gözdən qaçmır. Böyük milli ziyalımız olan Rza Təhmasib də cavabdehlik daşıdığı filmin yüksək səviyyədə alınması üçün xeyli əziyyət çəkib. 

Nəhayət, qeyd edək ki, “Almaz” kimi, “Səbuhi” ekran əsəri də ölkəmizdə dövlət varidatı elan olunmuş filmlərdəndir.

Ə.DOSTƏLİ 
XQ

 



Mədəniyyət