ABŞ İranı nüvə proqramından imtina qarşılığında iqtisadi əməkdaşlığa çağırır
Yaxın Şərqdə ABŞ–İran qarşıdurması diplomatik mesajlar, hərbi ritorika və iqtisadi risklərin paralel artdığı mərhələdədir. Beynəlxalq media Vaşinqtonun Tehrana şərtli razılaşma təkliflərini və danışıqların davam etdirilməsi niyyətini ön plana çıxarır. Bununla yanaşı, bölgədə hərbi təzyiq, blokada iddiaları və qarşılıqlı ittihamlar gərginliyin hələ də yüksək səviyyədə qaldığını göstərir.
“BBC”: ABŞ İrana nüvə silahının hazırlanmasından qeyd-şərtsiz imtina müqabilində qlobal iqtisadiyyatın bir hissəsi olmaq şansı təklif edir. ABŞ-ın Vitse-prezidenti Ceymis Devid Vens bunu Corcia ştatında universitetdə keçirilən forumda çıxışı zamanı bildirib: “Biz danışıqları davam etdirmək və bu planı həyata keçirmək üçün çalışmaq niyyətindəyik, çünki bu, dünya, ölkəmiz, hər kəs üçün gözəl nəticə olardı. Buna görə də mən bunu reallaşdırmaq üçün hər cür səy göstərəcəyəm”. Onun sözlərinə görə, Vaşinqton Tehranla danışıqları davam etdirmək niyyətindədir və güman edir ki, İran tərəfi də bunda maraqlıdır.
“Fox News”: ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin sona yaxınlaşdığını, lakin hələ bitmədiyini bildirib. Ağ Ev rəhbəri bu barədə “Fox News”a müsahibəsində deyib. Telekanal müsahibənin fraqmentlərini yayıb, tam versiyası isə daha sonra yayımlanacaq. Jurnalist Mariya Bartiromo daha əvvəl Trampın İran münaqişəsinin bitdiyini elan etdiyini bildirmişdi.
“Reuters”: ABŞ Mərkəzi Komandanlığının rəhbəri Bred Kuper İranın limanlarının və sahilyanı ərazilərinin genişmiqyaslı blokadası sayəsində əslində onun dəniz ticarətini kəsdiklərini bəyan edib. Bu barədə komandanlığın “X”dəki rəsmi məlumatında deyilir: “İran limanlarının blokadası tam həyata keçirilib, ABŞ isə Yaxın Şərqdə dəniz üstünlüyünü qoruyub saxlayır”.
“Al Jazeera”: Beynəlxalq Valyuta Fondu (IMF) Yaxın Şərqdə müharibənin daha da kəskinləşməsi və neft bazarında davam edən pozuntular səbəbindən dünya iqtisadiyyatının tənəzzül həddinə çatacağını gözləyir. Fond qeyd edir ki, ən pis ssenaridə enerji bazarında təkrarlanan şoklar qlobal iqtisadi artımı cari 3,1 faizdən 2 faizə qədər yavaşlada bilər. Bu halda neftin bir barelinin orta qiymətinin 2026-cı ildə 110 ABŞ dolları, 2027-ci ildə isə 125 ABŞ dolları təşkil edəcəyi ehtimal olunur. Ən əlverişli ssenaridə münaqişənin qısamüddətli olacağı, 2026-cı ilin II yarısında neft qiymətlərinin normallaşacağı və ilin yekunları üzrə bir barel neftin orta qiymətinin təxminən 82 ABŞ dolları olacağı gözlənilir.
“Associated Press”: ABŞ və İran arasında mümkün sazişə Tehranın nüvə proqramının yoxlanılması üzrə ətraflı tədbirlər daxil edilməlidir. Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAGATE) rəhbəri Rafael Qrossi jurnalistlərə açıqlamasında deyib: “İranın genişmiqyaslı və iddialı nüvə proqramı var, ona görə də bizim müfəttişlərin iştirakı tələb olunacaq. Əks halda, münaqişə tərəflərində saziş olmayacaq, bu, yalnız saziş illüziyası olacaq”.
“Xinhua”: Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tszyan Pekinin İrana hərbi dəstək göstərməsi barədə məlumatı təkzib edib. O, bu barədə "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində yazıb: “Çini İrana hərbi dəstək göstərməkdə ittiham edən media xəbərləri sırf uydurmadır. Əgər ABŞ bu ittihamlar əsasında Çinə qarşı tarifləri artırmağa davam edərsə, Çin əks tədbirlərlə cavab verəcək”. O əlavə edib ki, nüvə texnologiyaları sahəsində istənilən razılaşmalar ətraflı yoxlama mexanizmlərini tələb edir.
“Anadolu Agentliyi”: Türkiyə ABŞ-İran müharibəsi fonunda əldə olunan atəşkəsin uzadılması üçün təklif və təşəbbüslər irəli sürür. Bunu hakim Türkiyə Böyük Millət Məclisi (TBMM) qrup toplantısında çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Pakistanın ev sahibliyi ilə baş tutan ABŞ-İran danışıqlarında gözlənilən nəticə əldə edilməyib, Hörmüz boğazında gərginlik daha da artıb. R.T.Ərdoğan əlavə edib ki, İkinci Dünya müharibəsinin qalibləri tərəfindən qurulan qlobal sistem dağılır.
“Times of Israel”: İsrailin Xarici İşlər Nazirliyi (XİN) BMT-nin Baş katibi Antonio Quterreşi Livanla sülhün əldə olunması istiqamətində səyləri dəstəkləməyə çağırıb. İsrail XİN-in bəyanatında qeyd olunub ki, suveren BMT üzvü olan dövlətin terror təşkilatı ilə eyniləşdirilməsi BMT Baş katibinin uğursuzluğunun daha bir sübutudur.
“Mehr”: İranın nüvə proqramının ABŞ silahlı qüvvələri tərəfindən məhv edilməsi barədə məlumat həqiqətə uyğun deyil. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmisi İsmayıl Bəqai bildirib. O vurğulayıb ki, Tehran ABŞ-ın İranın nüvə proqramının yaratdığı təhlükə ilə bağlı bütün bəyanatlarını ölkəyə təzyiq göstərmək üçün bəhanə kimi qiymətləndirir. Həmçinin deyib ki, İran öz nüvə proqramından imtina etmək niyyətində deyil.
“The Washington Post”: ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının blokadadan çıxarıldığını bəyan edib. O, bu barədə “Truth Social”da yazıb. “Çin mənim Hörmüz boğazını həmişəlik açmağımdan çox məmnundur. Mən bunu həm onlar, həm də bütün dünya üçün edirəm”, - o yazıb. Tramp əlavə edib ki, yaxın həftələrdə Çində səmimi qarşılanmaya ümid edir.
Hazırladı:
N.BEYDİYEVA
XQ

