Yeraltı cəbhədə savaş davam edir

post-img

İkinci Qarabağ müharibəsinin başa çatmasından 5 il 5 aydan çox vaxt keçməsinə baxmayaraq, mina və partlamamış hərbi sursatlar təhlükəsi postmünaqişə dövrünün ən ağır miraslarından biri olaraq işğaldan azad edilmiş ərazilərdə insanların həyatını və təhlükəsizliyini ciddi şəkildə təhdid etməkdədir. Məhz bu problem bölgədə aparılan tikinti, bərpa və quruculuq işlərinə də ən böyük maneələrdən biridir. Hər addımda gizlənən ölüm təhlükəsi, sözün əsl mənasında, humanitar böhrana çevrilib.

Aprelin 14-də bu istiqamətdə növbəti faciəvi hadisə yaşandı. Həmin gün işğaldan azad edilmiş Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndi ərazisində mina hadisəsi baș verdi. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, agentliyin əməkdaşı, 1995-ci il təvəllüdlü Mətili Muğan Rəfayıl oğlu xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə mina partlayışının baş verməsi nəticəsində həyatını itirdi.

Xarici İşlər Nazirliyinin bununla bağlı yaydığı məlumatda qeyd olunur ki, Azərbaycanda minalar hələ də insanların həyatını itirməsinə səbəb olur. Qeyd edilib ki, bu faciə minaların yaratdığı davamlı humanitar təhlükəni və azad edilmiş əraziləri təhlükəsiz etmək üçün çalışan insanların hər gün üzləşdiyi riskləri bir daha göstərir. “2020-ci il müharibəsindən sonra indiyədək 422 Azərbaycan vətəndaşı mina qurbanı olub. Minatəmizləmə işlərinin genişləndirilməsi üçün beynəlxalq dəstəyin artırılmasına təcili ehtiyac var”, – deyə məlumatda vurğulanıb.

***

Yüksək texnologiyalar əsrində minalar daha dəqiq silahların, necə deyərlər, kölgəsinə düşmüşdü. Bununla belə, son illərin təcrübəsi göstərir ki, minalar hələ də böyük təhlükələrə və faciələrə səbəb olur. Hətta ən son yüksək texnologiyanın tətbiqi bu sahənin də “inkişafı” üçün əlavə imkanlar yaradıb. Mina silahları bu gün güclü hərbi potensiala malik olmayan ölkələr, o cümlədən üçüncü dünya ölkələri adlanan dövlətlər və ya müasir yüksək dəqiqlikli silahlar almaq imkanından məhrum terrorçu qruplar arasında xüsusilə populyardır. Minaların populyarlığının əsas səbəbləri onların digər silah növləri ilə müqayisədə dizaynının sadəliyi və istismarının asanlığı, eləcə də qiymətinin ucuz olmasıdır. Onları quraşdırmaq asandır və əlavə texniki xidmət tələb etmədən və ya hər hansı əmrə ehtiyac olmadan bir çox aylar, hətta illər ərzində öz mövqelərində sabit qala bilərlər. Müharibənin vəziyyəti (davam etməsi, yaxud dayanması) və ölkənin siyasi kursunun dəyişməsi onlara təsir etmir. Minalar basdırıldıqları yerlərdə, necə deyərlər, səssiz-səmirsiz dayanaraq, öz qurbanlarının yolunu “gözləyirlər”. Buna görə də BMT hər il aprelin 4-də dünya ölkələrinin diqqətini həmin problemə cəlb etməyi nəzərdə tutur.

Təəssüf ki, Azərbaycan dünyada minalardan və partlamamış hərbi sursatlardan (PHS) zərər çəkən, müharibənin “mirası” ilə təqib olunan ölkələr sırasındadır. İstər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı bütün hərbi əməliyyatlar beynəlxalq səviyyədə tanınmış ərazilərimizdə aparıldığı üçün bu gün Azərbaycan dünyada mina və PHS ilə ən çox çirklənmiş ölkələrdəndir. Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – Kasetli Sursatlar Koalisiyasının “Landmine Monitor Report 2020” layihəsinin məlumatına əsasən, Azərbaycan ərazisində basdırılmış minaların sayına görə dünyanın ilk ölkələri sırasındadır. Vətən müharibəsindən sonra ərazimizin 12 faizdən çox hissəsinin minalarla çirkləndirildiyi məlum oldu. Azərbaycan ərazisində 1,5 milyon mina olmaqla dünyanın minalarla ən çox çirklənmiş ilk 5 ölkəsi sırasındadır. İşğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olması güman edilir, bunun da 211 min 800 hektarı yüksək, 954 min 902 hektarı orta və aşağı çirklənmə səviyyəsindədir. Minalar üzrə ekspertlərin Beynəlxalq Böhran Qrupuna verdikləri məlumatlara görə, azad edilmiş ərazilərin təxminən 1/5-i yüksək dərəcədə çirklənib. Təxminən 2/3-si humanitar minatəmizləmə üçün prioritet sahə kimi təsnif edilir.

Müharibənin başa çatmasından sonra baş vermiş mina partlayışlarının qurbanlarının sayına dair rəsmi Bakının açıqladığı rəqəmlər həyəcan siqnalı kimi səslənir. 422 rəqəmi, sadəcə quru statistika deyil. Bu statistikanın arxasında bir ailənin faciəsi, yarımçıq qalan talelər, puç olmuş ümidlər, itkilərin sonsuz ağrısı və cəmiyyətin yaddaşına hopan kədər dayanır. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, mina qurbanları arasında mülki şəxslər üstünlük təşkil edir. Bu isə problemin sırf hərbi çərçivədən çıxdığını və humanitar böhran xarakteri aldığını göstərir.

Tam aydındır ki, mina təhlükəsi şovinist-revanşist hayların bizə qarşı davam edən müharibəsinin xüsusi bir formasıdır. Bu “yeraltı müharibə” nə əsgərlə mülki şəxsi ayırd edir, nə atəşkəs tanıyır, nə də siyasi razılaşmalara tabe olur. Minalar illərlə, hətta onilliklərlə torpaqda qalaraq azad edilmiş əraziləri ölüm tələsinə çevirir. Azərbaycan timsalında bu problem ərazilərin geniş miqyasda minalanması və mina sahələrinin xəritələrinin, demək olar, mövcud olmaması, daha doğrusu, bizə dəqiq mina xəritələrinin verilməməsi ilə daha da ağırlaşır ki, bu da mühəndis istehkam bölüklərinin, mülki minaaxtaranların işini son dərəcə çətin və təhlükəli edir. Hər addım risk, hər səhv isə faciə deməkdir. Eyni zamanda, başa düşmək vacibdir ki, minalar yalnız insan həyatı üçün təhlükə yaratmır. Bu, həm də humanitar, iqtisadi və sosial məsələdir. Onlar keçmiş məcburi köçkünlərin geri dönüşünü ləngidir, infrastrukturun bərpasını əngəlləyir və kənd təsərrüfatının inkişafına mane olur. Problem geniş ərazilərin iqtisadi dövriyyədən kənarda qalmasına səbəb olur. Kənd təsərrüfatı üçün yararlı torpaqlar istifadəsiz qalır, infrastruktur layihələrinin icrası gecikir, investisiya mühiti riskli hesab olunur. Bu isə azad edilmiş bölgələrin sürətli bərpası və iqtisadi inteqrasiyası prosesini ləngidən əsas amillərdən biridir. Halbuki həmin ərazilər həm təbii resursları, həm də coğrafi mövqeyi baxımından ölkə iqtisadiyyatı üçün mühüm potensiala malikdir.

Göründüyü kimi, ərazilərimizin minalarla çirkləndirilməsinin yaratdığı problem hazırda ölkəmiz üçün son dərəcə aktualdır. Minaların təmizlənməsi uzun zaman, ağır zəhmət, böyük vəsait tələb edən yorucu prosesdir. Ermənistan isə özünü sülhpərvər kimi göstərsə də, minalanmış ərazilərin dəqiq xəritəsini verməkdən bugünədək imtina edir. İrəvan iki ölkə arasında etimad mühitinin yaradılması üçün minalarla çirkləndirilmiş ərazilərin dəqiq xəritəsini ləngimədən ölkəmizə verməli, heç olmasa bu məsələ ilə bağlı dürüstlük nümayiş etdirməlidir. Rəsmi İrəvanın bu məsələdə atacağı konstruktiv addım sonradan iki ölkə arasında digər sahələrdə əməkdaşlıq üçün də baza rolunu oynaya bilər. Bu gün mina təhlükəsinə qarşı mübarizədə Azərbaycana dəstək olmaq sülhə, insan haqlarına və təhlükəsiz həyata dəstək olmaq deməkdir.

Umud MİRZƏYEV, 
Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti

Azərbaycan mina təhlükəsinin ən ağır nəticələrini yaşayan ölkələrdən biridir və minalarla ən çox çirklənmiş ölkələr arasında ilk onluqdadır. Rəsmi məlumatlara görə, işğaldan azad olunmuş ərazilərdə təxminən 11667 kvadratkilometr sahə mina və partlayıcı ilə çirklənib. Bu, ölkə ərazisinin 13 faizindən çoxu deməkdir. Həmin ərazilərdə təxminən 1,5 milyon mina və naməlum sayda partlayıcı sursatın mövcud olduğu bildirilir. 2020-ci ildən bu günədək 422 nəfər mina qurbanı olub. Onlardan 73 nəfəri həlak olub, 349 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Son 30 ildə isə Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfərdən artıqdır. Onların 362 nəfəri uşaq, 38 nəfəri qadınlardır.

Səxavət HƏMİD 
XQ

 



Siyasət