II məqalə
Türk ölkələri: doğma münasibətlər
Hazırda bu məsələ siyasi, geosiyasi və qarşılıqlı faydalı əməkdaşlığın perspektivi baxımından çox önəmlidir. Həm də vəziyyət bununla məhdudlaşmır – çağdaş qlobal geosiyasətin şərtləri sosial anlamı olan “çox xoş və isti münasibətlərin” ölkələrarası münasibətlərə gerçək proyeksiyasını tələb edir. Bu, özlüyündə asan proses deyil.
Çünki əgər söhbət həqiqi anlamda siyasi və geosiyasi müstəvidə çox xoş və isti münasibətlərdən gedirsə, məsələnin emosional tərəfi arxa plana keçməli və vurğulanan vəziyyətin yaranmasını motivə edə biləcək siyasi, geosiyasi, informasiya, ideoloji, mənəvi-əxlaqi və mədəni faktorları müəyyənləşdirilməlidir. Bu da öz növbəsində, dərindən düşünülmüş siyasi, mədəni, mənəvi, ideoloji proqramların həyata keçirilməsini tələb edir.
Azərbaycan Prezidentinin Türk dünyası üçün siyasi təşkilatlanma, ona konkret və dəqiq siyasi-hüquqi, mədəni, mənəvi, əxlaqi və ideoloji yön vermə istiqamətlərində verdiyi əvəzolunmaz töhfələrin sırasında xüsusi yer tutur. Bu fikrimizi zamanın gedişatının əyani, konkret və dəqiq təsdiq edəcəyinə qətiyyən şübhə etmirik. Bir qayda olaraq “strateji zamanı” heç də hər kəs “indi də” tam dərk edə bilmir. Burada hər hansı metafizik mübahisələr də faydasızdır. Yalnız əlahəzrət təcrübə, feili fəaliyyətin verdiyi praktiki nəticələr və onlardan milyonlarla sadə insanın faydalanma dərəcəsi həqiqəti “zamanın üfüqündə” parladır.
Türk dünyasının bu cür xidmətə nə qədər ehtiyacı olduğunu sübut etməyi lazım bilənlər sadəcə xəyalən və fikrən 300 il bundan əvvələ dönüb baxsınlar. Orada fərd kimi türkün əzabı, əziyyəti, hüququnun pozulması, aşağılanması, yurdundan kütləvi şəkildə qovularaq həm də günahkar çıxarılması, bir qövm olaraq (türk müsəlman) dövlətçiliyimizə olan qəddar qəsdləri, tayfaları, regionları, bölgələri bir-birinə düşmən etmək üçün min bir hiylələri, xanları və bəyləri bir-birinə qarşı qoymağı görsünlər!
Bunlar bizim acı həqiqətlərimizdir, bir başqasının deyil! Azərbaycan Prezidenti İlham Əliyev çox dəyərli və adekvat dərk edilməsi zərurəti gün kimi aydın olan bir anlayış daxil etmişdir: “milyonlarla insanın etnik təmizləməyə məruz qaldığı işğal şəraitində yaşamaq təcrübəsi”.
Bu fikri daha geniş zaman kontekstinə proyeksiya etdikdə aktuallığı çox önəmli olan bir müddəa alırıq – 10 milyonlarla türk insanının (azərbaycanlılar, türkiyəlilər, qazaxıstanlılar, özbəkistanlılar, qırğızıstanlılar, türkmənistanlılar, kiprlilər və müstəqil dövlətləri olmayan çoxlu sayda türk toplumları) etnik təmizləmədən tutmuş siyasi, sosial, hüquqi, mənəvi, mədəni, əxlaqi haqsızlıqlara, ədalətsizliklərə düçar olmalarının dəqiq məzmunlu təcrübəsi konseptual səviyyədə yenidən dərk edilməlidir! Sözün həqiqi mənasında türk xalqları vurğulanan aspektdə “dünya miqyasında nadir bir təcrübəyə malikdir”lər və onun mərkəzində, nüvəsində azərbaycanlıların acı təcrübəsi dayanır! Bu, tarixi, geosiyasi, siyasi və dövləti mənası çox dərin olan məsələni gündəmə məhz Azərbaycan Prezidenti gətirmişdir.
Deməli, məsələ TDT kontekstində “çox acı təcrübədən” “çox xoş və isti münasibətlərə” keçidin fəlsəfi və siyasi-nəzəri adekvat dərki ilə sıx bağlıdır. Bunun iki tərəfi mövcuddur - birincisi, əsaslı və çağdaş elmi kriteriyalarla konseptuallaşdırma, ikincisi, konkret proqramlarla reallaşdırma. Çünki nəzəri-konseptual elmilik baxımından nə qədər əsaslı və ciddi olsa da, onu praktiki həyata keçirmək proqramları olmadan faydasız olacaqdır! Prezident İlham Əliyev bu məsələni “çox xoş və isti münasibətlər” tezisi ilə aktuallaşdırır.
İndi bu tezisin ümumi siyasi və geosiyasi anlamları çərçivəsində müxtəlif aspektlərinə baxaq.
Kim və nə?
Əlbəttə, hər şeydən öncə liderlər bu prosesi aparmalı və istiqamətləndirməlidirlər. Onun nümunəsini Prezident İlham Əliyev artıq bir neçə ildir ki, siyasi təcrübə səviyyəsində göstərir. Azərbaycan lideri həmin məqamı həm vurğulayır, həm də mütləq ona uyğun proqramlar həyata keçirir. Bu baxımdan İlham Əliyevin Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının/Vitse-prezidentinin görüşünün iştirakçılarını qəbulu zamanı ifadə etdiyi aşağıdakı fikirləri bir daha vurğulamağa dəyər.
Dövlət başçısı demişdir: “Bütövlükdə Azərbaycan Türk Dövlətləri Təşkilatının inkişafına əvvəllər və bu gün böyük töhfə verir və verəcək. Bu, bizim xarici siyasətimizdə prioritet məsələlərdən biridir...Xarici siyasətimizdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə bizim əlaqələrimiz prioritet təşkil edir. Bu ölkələrlə bizim tarixi, mədəni, etnik köklərimiz gözəl təməl formalaşdırır və bu gün müstəqil dövlətlər kimi biz bütün beynəlxalq təşkilatlarda da vahid mövqedən çıxış edirik, bir-birimizi dəstəkləyirik. Təbii ki, təşkilatımızın gələcək inkişafı ilə bağlı növbəti addımlar atılacaq”.
Dövlət başçısının bu sözlərinin arxasında həm şəxsi təşəbbüsləri, həm də onların nəticəsi olan konkret proqramlar dayanır. Azərbaycan TDT-nin təşkilat olaraq inkişaf etməsi üçün həm siyasi-hüquqi baza yaratmaq istiqamətində addımlar atır (məsələn, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ikitərəfli və üçtərəfli formatda siyasi-hüquqi, əməkdaşlıq, layihələr, təhlükəsizlik sazişlər imzalayır), həm də onların həyata keçməsi üçün konkret istiqamətlər üzrə praktiki layihələri həyata keçirir.
Nümunə kimi, informasiya, elm, təhsil, nəqliyyat, loqistika, rəqəmsallıq, gömrük və digər sferalar üzrə artıq işlək olan proqramları göstərə bilərik. Onu vurğulayaq ki, Türkiyə ilə əlaqələr daha öndədir, lakin son illər xüsusilə, Qazaxıstan və Özbəkistan istiqamətləri də xeyli fəallaşmışdır. Hər iki türk dövləti ilə strateji müttəfiqlik haqqında müqavilə imzalanmışdır. Ən əsası odur ki, bu proses çoxyönlü olaraq davam etdirilir. Həmin bağlılıqda liderlərin fəaliyyətlərini xarakterizə edən faktlara nəzər salaq.
TDT-də türk özəlliyi
Azərbaycan Prezidenti İlham Əliyev 2025-ci ildə Qazaxıstanın “Kazinform” agentliyinə verdiyi müsahibədə vurğulamışdır ki, “son onilliklər ərzində tarixi qardaşlıq, dostluq və qarşılıqlı dəstək bağlarına, ortaq türk identikliyinin möhkəm təməlinə, xalqlarımız arasında oxşar mədəni ənənələrə və mənəvi dəyərlərə əsaslanaraq, həqiqətən strateji və müttəfiq tərəfdaşlıq qurmuşuq”.
2024-cü ildə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Astanada Prezident İlham Əliyevlə apardığı müzakirə zamanı ifadə etmişdir ki, Bakıya və Şuşaya səfərim “həqiqətən də dönüş nöqtəsi, vacib bir səfər idi - mübaliğəsiz, əhəmiyyətinə görə tarixi bir səfər”.
Çox maraqlıdır ki, bir sıra böyük dövlətlərin rəsmi dairələrinə yaxın olan informasiya agentlikləri Azərbaycan Prezidentinin Astanaya səfərini yüksək qiymətləndirmiş və informasiyalar yaymışlar. Bu sırada bütövlükdə TDT üçün əhəmiyyəti olan rəsmi Pekinin mövqeyi diqqəti çəkir.
Çin hökumətinin “Sinxua” İnformasiya Agentliyi vurğulamışdır ki, səfər çərçivəsində dövlət başçıları siyasi dialoqun daha da gücləndirilməsinə, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsinə, tranzit və nəqliyyat potensialının inkişaf etdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləmişlər. Bunun təsdiqi kimi Azərbaycanla Qazaxıstanın 15 sənəd imzaladığı xüsusi qeyd edilmişdir.
Eyni fikirləri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişaf xüsusiyyətləri haqqında söyləmək olar. TDT-nin bu iki üzvü arasında hazırda ciddi siyasi-hüquqi bazası olan çoxlu sayda sənədlər imzalanmış, münasibətlərin inkişaf kursu dəqiq müəyyən edilmişdir. Həmin kurs siyasəti, iqtisadiyyatı, ticarəti, nəqliyyatı, loqistikanı, təhlükəsizliyi, informasiyanı, rəqəmsallaşmanı və regionlararası mahiyyəti olan geosiyasi prosesləri əhatə edir.
Bütün bunların fonunda TDT çərçivəsində Azərbaycan-Mərkəzi Asiya türk dövlətləri arasında münasibətlərin inkişaf dinamikası Prezident İlham Əliyevin aşağıdakı fikirlərində dolğun ifadə edilmişdir.
2025-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət görüşündə Azərbaycan lideri demişdir: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir. Xüsusilə qeyd edək ki, artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın hədiyyələridir.
Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır.
Bu gün Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici bənd və körpüdür”.
Vurğulanan məqamlar yeni çağırışlar fonunda liderlərin TDT-nin inkişafı üçün davamlı, əsaslı və siyasi-hüquqi bazası möhkəm olan proqramlar həyata keçirdiyini göstərir. Onları ən azı iki istiqamətdə ümumiləşdirmək mümkündür.
Birincisi, TDT-də inteqrasiya prosesini konkret və dəqiq müəyyən edilmiş strateji məqsədi olan və ardıcıl qaydada həyata keçirilən vahid proses kimi xarakterizə etmək olar. Yəni həmin prosesin geosiyasi, iqtisadi, mədəni, mənəvi, siyasi, hüquqi və kommunikativ bazası artıq xeyli dərəcədə formalaşmışdır. Bu proses dinamik olaraq davam edir.
İkincisi, türk dövlətləri liderləri TDT-də geosiyasi və siyasi anlamda çox xoş və isti münasibətlərin qalıcı olması üçün mümkün olan bütün addımları atırlar. Bu zaman, qlobal geosiyasətdə özünü göstərən sürətli dəyişmələr faktoru əsaslı şəkildə nəzər alınır. Onun əlamətlərindən biri 2026-cı ildə İrandan Azərbaycan tərəfə buraxılan dronlara TDT-nin verdiyi kollektiv və qəti reaksiyada ifadə olundu. TDT göstərdi ki, üzv dövlətlərin hər birinin təhlükəsizliyinin təmini həm də TDT-nin məsələsidir.
Bunlar liderlərin yeni çağırışlar fonunda TDT-nin inkişafı ilə bağlı atdıqları addımları geosiyasi kontekstdə ümumiləşdirməyə imkan verir. Eyni zamanda, təşkilatın gələcəyi üçün türk toplumlarının əhəmiyyətinin aktuallığı ön sıraya çıxır. Onu nəzərə almaq lazımdır ki, TDT kontekstində türk toplumlarının siyasi, ideoloji, ünsiyyət aspektləri ilə yanaşı, media (informasiyanın məzmunu və mübadiləsi zamanı TDT faktorunun nəzərə alınması baxımından) sferasında tutulan mövqe ciddi əhəmiyyət kəsb etməkdədir. Bu, türk dövlətlərinin vahid məqsəd ətrafında toparlanması müstəvisində prinsipial məqamdır. Onun üzərində geniş dayanmaq lazımdır.
(ardı var)
Füzuli Qurbanov,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

