Avropa sağçılarının populizm “güzgüsü” niyə çat verir?

post-img

Orbanın məğlubiyyəti Polşa üçün də siyasi xəbərdarlıqdır

Viktor Orbanın Macarıstanda məğlubiyyəti Avropa siyasətində uzun müddət gizli şəkildə formalaşan tarazlığı pozdu, sağ-populist idarəetmə modelinin dayanıqlılığı barədə ciddi suallar yaratdı. Orban illər boyu Avropada alternativ siyasi yolun mümkünlüyünü sübuta yetirmiş lider kimi təqdim edilirdi. Onun hakimiyyət modeli qitə daxilində ideoloji istinad nöqtəsinə çevrilmişdi. Ona görə də Orbanın məğlubiyyəti daha geniş ideoloji narrativin zəifləməsi kimi dəyərləndirilir. 

Macarıstanda seçkilərin  nəticələrinin təsiri ən çox Polşada hiss olunur. Çünki “Hüquq və ədalət” (PiS) partiyası uzun müddətdir Orbanın siyasi təcrübəsini öz strategiyasına yaxın model kimi qəbul edirdi. Üstəlik, 2 siyasi qüvvə arasındakı oxşarlıq ritorik səviyyə ilə yekunlaşmır, onlar Avropa İttifaqına qarşı skeptik mövqe, milli suverenliyin önə çəkilməsi, liberal institutların tənqidi və güclü icra hakimiyyəti anlayışı ilə eyni siyasi istiqamətdə hərəkət edirdilər. Həmin oxşarlıq zamanla ideoloji həmrəyliyə çevrilmişdi və Orban PiS üçün “uğurlu model” funksiyasını daşıyırdı. Lakin Budapeştdəki seçkilər sözügedən modelin sabit olmadığını göstərdi. Orbanın məğlubiyyəti yığılan narazılıqların nəticəsi kimi qiymətləndirildi. İqtisadi problemlər, institusional etimadın zəifləməsi, korrupsiya iddiaları və siyasi yorğunluq bu nəticənin əsas fonunu təşkil etdi. Qeyd etdiyimiz amillər bir araya gəldikdə isə ideoloji sabitlik öz yerini praktik narazılığa verdi. Bu isə Avropada sağçıların uzun müddət nəzərə almaq istəmədiyi bir həqiqəti üzə çıxardı. Bir daha məlum oldu ki, siyasi ideologiya nə qədər güclü görünürsə-görünsün, gündəlik idarəetmə keyfiyyəti onu məhv etmək gücünə malikdir.

Ona görə də Polşada Macarıstanda baş verən siyasi hadisələr diqqətlə izlənilir. Qısa bir xatırlatma edək ki, PiS daxilində Orbanla münasibət strateji güvən hissi yaratmışdı. Hesab edilirdi ki, guya Avropada liberal mərkəzə alternativ bir blok formalaşır və bu blok uzunmüddətli perspektivdə siyasi üstünlük qazana bilər. Orban isə həmin blokun ən sabit fiquru kimi qəbul olunurdu. Onun uzunmüddətli hakimiyyəti dayanıqlılıq ideyasını gücləndirirdi. Lakin situasiyanın anidən dəyişməsi Polşada sağ qüvvələrin öz strategiyasını yenidən düşünməsini qaçılmaz edib. Əslində, məsələni daha dərindən təhlil etsək görərik ki, PiS üçün əsas problem Orbanın məğlubiyyətinin ideoloji tərəflərindən çox, strateji nəticələridir. Çünki partiyanın son illərdə qurduğu siyasi xəritədə Macarıstan mühüm yer tutur, sağ populist hökumətlər bir-birini gücləndirən mərkəzlər kimi təsəvvür edilirdi. Brüsselə qarşı ortaq mövqe, suverenlik ritorikası və Qərb liberalizminə tənqidi yanaşma həmin mərkəzləri birləşdirirdi. 

Paraleldə partiya daxilində yeni narahatlıqlar da formalaşıb. Orbanın Rusiyaya yanaşması Polşada həmişə mübahisəli olub. Onun Moskva ilə daha yumşaq və praqmatik münasibəti Varşavada strateji uyğunsuzluq kimi qəbul edilirdi. Maraqlıdır ki, bu uyğunsuzluq ideoloji yaxınlıq fonunda ikinci plana keçmişdi. 

“Vətəndaş Platforması” (PO) partiyası isə Macarıstandakı dəyişimi Avropa miqyasında siyasi dönüş kimi təqdim etməyə çalışır. Partiyanın lideri Donald Tusk üçün Orbanın məğlubiyyəti həm də Avropada siyasi normallığın yenidən mümkünlüyü kimi dəyərləndirilir.  O, siyasi mübarizəni institusional səmərəlilik məsələsi kimi qələmə verməklə ölkədəki seçici davranışında tədrici dəyişiklik yaranacağına inanır. Çünki bir çox seçici üçün ideoloji kimlikdən daha vacib gündəlik həyatın stabilliyidir. Qiymətlərin sabitliyi, dövlət xidmətlərinin keyfiyyəti və institusional etimad bu baxımdan həlledici rol oynayır. Bu nöqtədə PiS üçün də əsas çağırış dəyişir. Partiya bir tərəfdən Orban modelinə daha yaxın qalaraq öz elektoratını qorumağa çalışa bilər ki, bu, Avropa daxilində daha çox təcrid riski yaradar. Digər tərəfdən, sözügedən modeldən uzaqlaşmaq partiyanın daxili elektoratının bir hissəsini itirməsi ilə nəticələnə bilər. 

Ümumən Avropa miqyasında daha geniş dəyişiklik hiss olunur. Sağ–populist hərəkatlar artıq özlərini qalib dalğa kimi təqdim etməkdə çətinlik çəkirlər. Siyasi proseslərin qaçılmazlığı ideyası yerini daha qeyri-müəyyən bir reallığa verir. Seçkilərə gəldikdə, proses situativ qərarların nəticəsi kimi görünür. Nəzərə alsaq ki, Polşada siyasi sistem artıq uzun müddətdir güclü qütbləşmə ilə xarakterizə olunur. Belə sistemlərdə siyasi dəyişikliklər çox vaxt kəskin dönüşlər şəklində baş verir. Orbanın məğlubiyyəti bu baxımdan potensial siqnal rolunu oynayır. Məsələyə beynəlxalq faktorlar da təsir göstərir. ABŞ ilə münasibətlər, xüsusilə Trampla siyasi əlaqələr Polşa sağının ideoloji çərçivəsində mühüm yer tutsa da, Avropa daxilində həmin əlaqələrin interpretasiyası fərqlidir. ABŞ-a yaxınlıq əksər hallarda Avropa institutlarına qarşı alternativ mərkəz kimi qəbul edilir. Nəticədə əlavə balans problemi yaranır.

Sonda bu qənaətə gəlmək olar ki, Budapeştdəki seçkilərin nəticələri Avropada sağ-populist idarəetmə modelinin sərhədlərinin yenidən müəyyənləşdirilməsi prosesidir. Çünki ideoloji sabitlik seçici davranışını daimi şəkildə yönləndirməyə kifayət etmir. Siyasi üstünlük institusional etimad və gündəlik idarəetmənin keyfiyyəti ilə qorunur. Avropa siyasətində güc balansı artıq daha çevik və dəyişkən xarakter almağa başlayır.

Stüard Douell,
siyasi şərhçi, Polşa İctimai Televiziyasına açıqlamasından: 

– Polşada sağçılar hazırda üç əsas dilemma ilə üz-üzədir. Birincisi, artıq eyni istiqamətə yönəlməyən ideoloji dayaqların uyğunsuzluğudur. Ölkədə mühafizəkarlar uzun müddət eyni vaxtda bir neçə dayağa söykənmişdilər. Daha dəqiq desək, Roma Papası II İoann Pavel, milli suverenlik ideyası və ABŞ ilə strateji ittifaq modelinə. Sözügedən elementlər bir-birini gücləndirdiyi müddətdə işlək idi, lakin Orbanın məğlubiyyəti və Trampın Vatikanla açıq ziddiyyətə girməsi göstərdi ki, həmin dayaqlar həmişə eyni istiqamətdə hərəkət etmir.

İkinci dilemma seçici koalisiyasının getdikcə daha çətin idarə olunmasıdır. “Hüquq və ədalət” (PiS), eləcə də ümumilikdə sağ blok ənənəvi katolik seçiciləri, güclü anti-Rusiya mövqeyinə malik mühafizəkarları, həmçinin Tramp üslublu daha radikal və qarşıdurma yönümlü siyasətə meyilli gənc seçici qruplarını bir arada saxlamağa çalışır. Həmin gərginlik artıq açıq şəkildə müşahidə olunur. Maraqlıdır ki, sağ düşərgəyə yaxınlığı ilə tanınan tarixçi Slavomir Çenkyeviç Karol Navrotski ilə bağlı çevrədə yer alaraq Rusiya məsələsində Orban xəttindən uzaqlaşdı. Paraleldə Roma Papası məsələsində də Trampın mövqeyi ilə açıq şəkildə razılaşmadığını bəyan etdi.

Üçüncü dilemma isə “dinamika və yüksəliş” anlayışının zəifləməsidir. Son illərdə Polşa sağçıları ABŞ və Macarıstanı daha geniş sağ-populist dalğanın tərkib hissəsi kimi təqdim edirdilər. Lakin Orbanın məğlubiyyəti bu xətti pozdu. Trampın mövqeyi isə sağ düşərgənin dayandığı əsasları sarsıda biləcəyini göstərməklə vəziyyəti daha da mürəkkəbləşdirdi.

Nəzrin ELDARQIZI 
XQ

 



Siyasət