Yerli şirkətləri tanıtma sərgisinə hazırlıq

post-img

Bu il iyunun 17-20-də “Bakı Ekspo Mərkəzi”ndə 7-ci “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş auditoriyaya tanıtmaq, onların yeni bazarlara çıxışına dəstək olmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

4 gün davam edəcək sərgidə inşaat, qida, İKT, təhsil, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək. Sərgi çərçivəsində, həmçinin iştirakçılar üçün xüsusi ayrılmış “B2B zona”da iri şirkətlərin satınalma və təchizat üzrə rəhbər şəxsləri ilə qarşılıqlı və interaktiv işgüzar görüşlərin keçirilməsi nəzərdə tutulur. Bununla yanaşı, sərgidə “B2G zona” da fəaliyyət göstərəcək. Bu zonada isə sahibkarlar dövlət qurumlarının nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, mövcud dəstək mexanizmləri ilə tanış olmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, “Yerli şirkətlərin tanıtım sərgisi” Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və “Marsol Group”un birgə təşkilatçılığı, “Birbank Biznes”in rəsmi tərəfdaşlığı ilə keçiriləcək. Bundan əlavə, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Reklam Agentliyi sərginin tərəfdaşları sırasında yer alıb. Sərginin promo tərəfdaşı “Moon Group”, media tərəfdaşı isə “BHB Strategic and Creative CO”dur.

XQ

 

İqtisadiyyat