Suların aynasında özünə baxan quzu gülümsəsə…
Ermənistanda yaxınlaşmaqda olan parlament seçkiləri ilə bağlı bir sıra vacib suallar ortaya çıxır və bu suallara verilən cavablar ölkənin bir dövlət kimi perspektiv inkişaf trayektoriyası, ümumən, gələcəyi ilə bağlı formalaşmaqda olan baxışlar sisteminin tərkib hissəsidir. Niyə formalaşmaqda olan, bu barədə sonda söz açacağıq.
Gələcəkdən söz düşmüşkən, hazırda Ermənistanda hələ rəsmi şəkildə start verilməmiş seçki təbliğatı fonunda müzakirəsi aparılan başlıca mövzu ölkənin təhlükəsizliyidir. Mövzunu ön plana həm iqtidar, həm də müxalifət çəkir. Əlbəttə, tərəflərin məsələyə baxışları tamamilə fərqlidir. İqtidarın baxışı aydındır və onu bu ayın əvvəlində ölkə parlamentinin sədri Alen Simonyan açıq şəkildə ifadə etdi. O bildirdi ki, Ermənistanın təhlükəsizlik təminatı Azərbaycandır.
Əlbəttə, Simonyan, eyni zamanda, Azərbaycanın təhlükəsizlik qarantının Ermənistan olduğunu vurğuladı. Spikeri, müəyyən mənada, haqlı saymaq mümkündür. Çünki Azərbaycan və azərbaycanlılar üçün təhlükə həmişə ermənilər və Ermənistan olub. Azərbaycanın Ermənistan üçün təhlükəsizlik təminatı olmasına gəlincə, ermənilər və Ermənistan Azərbaycana qarşı çıxmayınca, Azərbaycanın da əks tədbirlərə əl atmasına ehtiyac qalmayacaq. Söhbət Ermənistana təhlükə yaradan tədbirlərdən gedir.
Erməni müxalifətinin isə təhlükəsizlik məsələsinə baxışı fərqlidir. Bu kəsimin təmsilçiləri hesab edirlər ki, Azərbaycan və Türkiyə Ermənistan üçün təhdiddir. Hay müxaliflər seçkiqabağı dövrdə bu ideyanı daxili ictimai rəyə yeritmək üçün dəridən-qabıqdan çıxır, beləliklə, qonşulara münasibətdə aqressiv ritorika formalaşdırmağa çalışırlar. O ritorika ki, müasir dövrdə 1988-ci ildən başlamışdı və nələrə, hansı faciə və məşəqqətlərə gətirib çıxardığı gün kimi aydındır.
Deməli, indiki halda, erməni cəmiyyətinin qarşısında dayanan başlıca vəzifə təhlükəsizlik məsələsinə ümumi baxışı dəyişməkdir. Bunun üçün isə ənənəvi klişelərdən uzaqlaşmaq şərtdir. O klişelər ki, mahiyyətcə erməni varlığı üçün kənarda hazırlanıb və bu varlığın öz xalqına xayinlik edən azlığı tərəfindən kütləvi düşüncə dövriyyəsinə yeridilib. Həm yeridilib, həm də pataloji xəstəlik halına gətirilib.
Bəli, Ermənistanda seçki öncəsi Azərbaycanı və Türkiyəni düşmən qiyafəsində görmək kimi pataloji xəstəlik yayıcılarını görürük. Daha doğrusu, xəstəliyi körükləməyə baş vuranları. Onların apardıqları təbliğat Bakının və Ankaranın Ermənistanın bir dövlət olaraq silinməsinə dair planının mövcudluğu tezisinə söykənir. İstər-istəməz, sual yaranır: Azərbaycan və Türkiyə dövlətini bir kənara qoyaq, hər iki ölkənin cəmiyyətində nə zamansa Ermənistanı yer üzündən silmək baxışına əsaslanmış fikir səslənibmi? Əlbəttə ki, yox. Ancaq hay avantürislərin qonşu torpaqları hesabına “dənizdən dənizə böyük Ermənistan”, həmçinin “azərbaycanlıları Kür çayınadək qovmaq” kimi ambisioz şüarları yaddan çıxmayıb. Çünki bu şüarlar 2 qanlı müharibəyə, məhrumiyyət və acılara səbəb olmuşdu.
İkincisi, Azərbaycan Ermənistanı bir dövlət kimi yer üzündən silmək istəsəydi, bunu 44 günlük müharibə zamanı edərdi. Özü də durumu əsaslandırmaq heç də çətin olmazdı. Məsələn, SSRİ İkinci Dünya müharibəsi zamanı torpaqlarını işğal etmiş Hitler Almaniyasını yalnız öz sərhədlərindən uzaqlaşdırmadı, eyni zamanda, işğalçını düz Berlinədək qovdu, onu rüsvayçı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Sovet tankları alman şəhərlərinin küçələrində at oynatdılar. Amma bütün dünya bunu təcavüz kimi qiymətləndirmədi, çünki əsl təcavüzkara yeri göstərilməli idi. Nəzərə alaq ki, Almaniya SSRİ torpaqlarını cəmi 3 ildən bir az çox, Ermənistan isə Azərbaycan ərazisinin 20 fazinin 30 ilə yaxın işğalda saxlamışdı.
Sözümüz ondadır ki, ölkəmizin Ermənistanı işğal etmək kimi niyyəti olmayıb və indi də yoxdur. Ancaq hazırda Azərbaycanın Ermənistanın təhlükəsizliyi üçün təhdid olduğunu düşünən ölkənin revanşist və şovinist kəsimi belə bir ideya yayır ki, İrəvan Bakının tələblərini yerinə yetirir. Bu yerdə az-çox normal düşünən erməni analitiklərindən birinin bu günlərdə sosial şəbəkələrdə geniş yayılmış və obrazlı şəkildə ifadə olunmuş fikrini diqqətə çatdıraq: Hesab edin ki, hündürmərtəbəli binadakı mənzilinizin eyvanına çıxıb özünüzü ordan yerə atmaq istəyirsiniz və güclü qonşunuz Sizə bunu etməyin düzgün olmadığını uca səslə bildirir. Yəni, analitik Azərbaycan rəhbərliyinin Ermənistana müraciət tərzini məhz bu cür qiymətləndirmişdi.
Həqiqətən, Prezident İlham Əliyevin istər 44 günlük müharibə, istərsə də ondan sonra Ermənistana ünvanlanmış bütün çağırışları ölkəni qəflət yuxusundan ayıltmağa və Azərbaycanın səbrini sınağa çəkməməyə hesablanmışdı. Əlbəttə ki, burada təhdid mahiyyəti ola bilməzdi və yox idi. Dövlətimizin başçısı, sadəcə, reallığa düzgün yanaşma tələb etmişdi ki, rəsmi İrəvan bu yanaşma üzərinə Bakı ilə sülhə razılaşmaqla gəldi. Yəni gec də olsa, gəldi. Ona görə hazırda erməni iqtidarının reallaşdırdığı hansısa tədbirin Azərbaycanın diktəsi olduğunu vurğulamaq yerinə düşmür.
Amma Nikol və tərəfdarlarının pozitiv yol tutmaları, konstruktiv mövqe nümayiş etdirmələri Ermənistanda və ölkədən kənarda kimlərisə möhkəm narahat etməkdədir. Bakının İrəvan üçün təhlükə yaratmasına dair tezis də məhz onların yastıqlarının altından çıxır. Bu yerdə başqa bir misalı da xatırladaq: Quzu dəryaya baxıb öz kölgəsindən qorxub qaçanda anası onu saxlayır və dəryaya yenidən, özü də gülümsəyərək nəzər yetirməyi təklif edir. O zaman isə vəziyyət dəyişir.
Bəli, əsas məsələ dəryaya, yaxud güzgüyə düzgün nəzərlərlə baxmaq və orada öz təsvirini görməkdir. Yəni erməni cəmiyyəti, ilk növbədə, özünə doğruluq və səmimiyyət pəncərəsindən baxmağı öyrənməldir. Bunun üçün isə həm də əlahəzrət tarix var. Söhbət zori balayanların və digər avantüristlərin yazdıqları deyil, real faktlara əsaslanmış tarixdən gedir. Söhbət ayrı-ayrı imperialist kluarlarda haylara yazılmış tarixdən də getmir.
Əlahəzrət tarix göstərir ki, hazırda Ermənistanın, sözün həqiqi mənasında, dövlət olmaq, erməni cəmiyyətinin isə qövmlükdən xalqa çevrilmək şansı yaranıb. Nəzərə alaq ki, belə bir şans heç zaman olmamış, haylar bütün dövrlərdə Cənubi Qafqazda avantüra gerçəkləşdirmək istəyən böyük güclərin alətinə çevrilmişdilər.
Sonda onu da bildirək ki, sadaladıqlarımız problemlərin bir çoxunun, o cümlədən təhlükəsizlik məsələsinə yanlış baxışın bir böyük səbəbi var. Yazımızda əslində, o səbəbdən də söz açdıq.
Bu barədə bir qədər ətraflı söz açaraq deyək ki, tarixdə ilk dəfədir Ermənistanın əsl dövlətə çevrilmək şansı yaranıb. O dövlətə ki, qonşularına qarşı ərazi iddiasına köklənmir, kin və kudərət bəsləmir, düşmən axtarışından, işğalçılıqdan imtina edir və bütün tərəflərlə normal, bərabər münasibətlərə can atır. O dövlətə ki, obrazlı desək, arabanın kölgəsini öz kölgəsi saymır, yalnız daxili potensialına arxalanaraq adekvat fəaliyyət kursu seçir. Hər halda, Paşinyan iqtidarının son zamanlarda reallaşdırdığı xətt Ermənistanın sadaladığımız məqamlara nəzər yetirdiyini söyləməyə əsas verir.
Hesab edirik ki, erməni cəmiyyəti ayıq davranaraq təxribata uymamalı, qarşıdakı parlament seçkilərində məhz bu xətti rəhbər tutmalıdır. Bu xətt ölkənin gələcəyi, dövlətçiliyin yaşam fəlsəfəsidir. Başqa yol yoxdur.
Ə.CAHANGİROĞLU
XQ

