Aprelin 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının dövlət katibinin müavini, Federal Xarici İşlər Departamentinin Avrasiya şöbəsinin rəhbəri Pier-İv Fuksla görüşüb.
Görüş zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər siyasi dialoqun, iqtisadi-ticarət əlaqələrinin, enerji, nəqliyyat və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini, beynəlxalq təşkilatlar və platformalar çərçivəsində aparılan işləri, İsveçrənin ATƏT-in fəaliyyətdə olan sədrliyi üzrə planları nəzərdən keçiriblər.
Bununla yanaşı, regional və beynəlxalq təhlükəsizlik məsələləri, o cümlədən postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın irəlilətdiyi sülh gündəliyi, həyata keçirdiyi bərpa və quruculuq işləri, eləcə də minasızlaşdırma fəaliyyəti müzakirə olunub.
Eyni gündə, Azərbaycan və İsveçrə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Məsləhətləşmələrə Azərbaycan tərəfdən nazir müavini Fariz Rzayev, İsveçrə tərəfindən isə dövlət katibinin müavini Pier-İv Fuks rəhbərlik edib.
***
Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, telefon danışığı zamanı tərəflər Azərbaycan ilə Rumıniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari vəziyyəti və inkişaf perspektivlərini müzakirə ediblər.
Bu çərçivədə enerji, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın iştirakı ilə həyata keçirilən strateji layihələrin əhəmiyyəti vurğulanıb.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə toxunaraq, əməkdaşlığın möhkəmləndirilməsinin, təhlükəsizliyin və sabitliyin əhəmiyyətini qeyd ediblər.
Danışıq zamanı geniş kontekstdə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin mövcud vəziyyəti və perspektivləri də nəzərdən keçirilib. Tərəflər bu istiqamətdə dialoq və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
Aprelin 15-də xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ Dövlət Departamentinin İqtisadi, Enerji və Biznes Məsələləri Bürosunun baş müşaviri Rebekka Neff və Ticarət və İnkişaf Agentliyinin nümayəndələri ilə görüşüb.
Görüş zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq Xartiyasının icrasından irəli gələn məsələlər, o cümlədən enerji və ticarət məsələləri, regional bağlantılar və iqtisadi sərmayə sahələrində əməkdaşlıq müzakirə edilib. Tərəflər arasında nəqliyyat, rəqəmsallaşma, süni intellekt və sair potensial layihələr, bu istiqamətdə görülən işlər və özəl sektor nümayəndələrinin iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb.
Görüş zamanı Azərbaycanın regionun enerji təhlükəsizliyində mühüm rolu, Orta Dəhlizdə ticarət marşrutlarının şaxələndirilməsi, habelə Azərbaycanda mövcud əlverişli biznes və investisiya mühiti və yeni əlaqələrin qurulması imkanları nəzərdən keçirilib.
XQ



