Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış nasir, AYB-nin üzvü Etibar Muradxanlının “Bayatı-Araz” kitabının təqdimatı keçirilib. Mərasimdə tanınmış aydınlar, ədəbiyyat və mədəniyyət xadimləri, Vətən müharibəsi iştirakçıları, media və QHT nümayəndələri, eləcə də oxucular iştirak ediblər.
AYB-nin Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin rəhbəri Əsəd Cahangir Etibar Muradxanlının yaradıcılığı barədə geniş məlumat verib, müəllifin Qarabağ mövzusunda qələmə aldığı əsərlərdən bəhs edib. Qeyd olunub ki, sənədlərə və faktlara əsaslanaraq yazılan roman əsgər və zabitlərimizin vətənpərvərlik ruhunu, qəhrəmanlıq salnaməsini əks etdirir. Əsərdə cəbhənin güney istiqamətində aparılan döyüş əməliyyatları, ordumuzun, sərhəd qoşunlarımızın keçdiyi şərəfli döyüş yolu, eləcə də Ali Baş Komandanın sərkərdəlik məharəti dolğun şəkildə təsvir olunub.
Bildirilib ki, “Bayatı-Araz” müəllifin Qarabağ müharibəsinə həsr olunmuş silsilə əsərlərinin davamıdır. Etibar Muradxanlı bundan öncə “Siz müharibədəsiniz, leytenant”, “Tələbə taqımı” və “İlin beşinci fəsli” kimi əsərlərlə də bu mövzuya müraciət edib. Aparıcı Qarabağ müharibəsi şəhidi, müəllifin qardaşı oğlu, baş leytenant Əliqismət Yaqublunun şərəfli həyat yoluna da toxunub. Qeyd olunub ki, Etibar Muradxanlının ata-baba ocağından Vətən müharibəsində iştirak edən çoxsaylı oğullar olub. Bu baxımdan müəllif həm yazıçı kimi, həm də xalqımıza Zəfər qazandıran oğulların doğması olaraq müharibədən yazmağa və danışmağa mənəvi haqqı var.
Atatürk Mərkəzinin rəhbəri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, AYB katibləri – Elçin Hüseynbəyli və İlqar Fəhmi, Əməkdar jurnalist Nadir İsmayılov, eləcə də yazıçı və şairlər – Əli Rza Xələfli, Ağacəfər Həsənli, Arzu Nehrəmli, İlqar Türkoğlu, Ayaz Arabaçı, Qabil Nəbi, Qəni Camalzadə, Gəray Göyyurd, Güləmail Murad, Şəfəq Sahibli, Nüşabə Məmmədli və başqaları çıxış edərək müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər. Onlar Etibar Muradxanlının vətənpərvərlik ruhunda qələmə aldığı əsərlərin xüsusilə gənc nəslin tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
Qazaxıstandan gəlmiş şair-tərcüməçi, DGTYB Məsləhət Şurasının üzvü Sayat Kamşıger də ürək sözlərini söyləyib və Etibar Muradxanlıya qazax çapanı bağışlayıb.
Polkovnik Himayət Qubadov, əsərin canlı qəhrəmanları – gizir Mirzə Ağayev və Cavidan Şərifov da çıxış edərək döyüş xatirələrini bölüşüb, müəllifə təşəkkürlərini bildiriblər. Sonda Etibar Muradxanlı xoş sözlərə görə minnətdarlığını ifadə edib, oxucular üçün kitablarını imzalayıb.
Qeyd edək ki, “Bayatı-Araz” sənədli romanı bu ilin fevralında “Apastrof-A” nəşriyyatında nəfis tərtibatla çap olunub.
XQ


