Azərbaycanın ekoloji və təhlükəsizlik diplomatiyası bəyan edir: “Sülh iqlimsiz, iqlim isə sülhsüz mümkün deyil”
Azərbaycan bu ideyanın təşəbbüskarı və daşıyıcısı kimi qlobal diplomatiya səhnəsində yeni roluna qədəm qoydu: iqlim vasitəsilə sülh quruculuğu. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Bonn şəhərində keçirilən 62-ci Sessiyası çərçivəsində COP29 Sədrliyinin təşkilatçılığı ilə baş tutan “Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi” adlı yüksək səviyyəli dəyirmi masa geosiyasi mahiyyət daşıyan diplomatik hadisə idi. Bəli, bu yalnız ekoloji təşəbbüskarlıq deyil, siyasi strategiyadır.
Azərbaycanın uzun illər formalaşdırdığı xarici siyasət kursu enerji təhlükəsizliyi, regional münaqişələrin həlli və strateji nəqliyyat dəhlizləri üzərində qurulmuşdu. Bu istiqamətlər Bakının beynəlxalq arenadakı sabit və proqnozlaşdırılan tərəfdaş obrazını möhkəmləndirdi. Lakin dünya dəyişir və dəyişən dünyada diplomatiyanın dili də çevrilir. Azərbaycan bu dəyişimi izləyən yox, yön verən aktora çevrilir.
İqlim diplomatiyasının ənənəvi xəttə inteqrasiyası təsadüfi proses deyil. Məhz qlobal çağırışların regional güc anlayışını yenidən tərif etdiyi bir dövrdə baş verir. Artıq enerji yalnız boru kəmərləri ilə ötürülən resurs deyil, həm də etik məsuliyyət, texnoloji transformasiya və humanitar məqsədlər üçün istifadə edilən yumşaq güc vasitəsidir. Azərbaycan isə bu keçidi diplomatik identikliyini yenidən dizayn edən əsas fəlsəfi və siyasi xətt kimi qəbul edir.
COP29-un prezidenti Muxtar Babayevin çıxışlarında Bakının bu yeni yanaşmanın arxasında duran siyasi iradəsi açıq şəkildə nümayiş etdirildi. BƏƏ və İtaliya rəsmilərinin Bonn görüşündə səsləndirdikləri fikirlər Azərbaycanın təşəbbüskar rolunun artıq qeyri-rəsmi razılaşmalardan çıxaraq, beynəlxalq təsdiq mərhələsinə keçdiyini göstərdi. Bu, diplomatiyada çox önəmli bir keçiddir: təşəbbüs təkcə ideya mərhələsində deyil, artıq beynəlxalq aktorlar tərəfindən qəbul olunan əməkdaşlıq platformasına çevrilib. Bakı İqlim və Sülh Mərkəzi (Bakı Hub) bu prosesin konkret strukturlaşmış ifadəsidir. Əgər bir vaxtlar Bakı enerji sammitlərinin, boru kəməri protokollarının görüş yeri idisə, bu gün etik gündəmin mərkəzi olmaq iddiasını ortaya qoyur. Bakının iddiası isə təkcə Qafqazla məhdudlaşmır.
Xüsusi tapşırıqlar üzrə səfir Elşad İskəndərovun Çad, Qvineya-Bisau və İraqda planlaşdırılan iqlim və sülh layihələri barədə açıqlamaları Azərbaycan diplomatiyasının coğrafiyasının cəsarətli şəkildə genişləndiyini ortaya qoydu. Məsələ təkcə yeni regionlara çıxmaqda deyil. Əsas məqam ondan ibarətdir ki, bu regionlar – xüsusilə Afrika və Yaxın Şərq – hazırda beynəlxalq siyasətin sabitlik üçün ən həssas nöqtələridir. Azərbaycanın orada görünməsi yumşaq güc vasitəsilə geosiyasi varlıq yaratmaq strategiyasıdır. Azərbaycan artıq yalnız regional layihələrin tərəfdaşı deyil, qlobal Cənubun etibarlı diplomatik əlaqələndiricisinə çevrilmək yolundadır. Dəyişimin kökündə isə yeni konsept dayanır: Diplomatiya yalnız maraqların yox, həm də dəyərlərin mübadiləsidir. Sözügedən mübadilədə Azərbaycan iqlim ədaləti, humanitar təhlükəsizlik və dayanıqlı inkişaf kimi prinsiplərlə çıxış edir.
Daha maraqlısı isə odur ki, bu təşəbbüslər Bakının İslam dünyası ilə həmrəylik istiqamətində yeni körpülər yaratmaq cəhdlərinə də uyğun gəlir. İqlimlə bağlı maliyyə institutlarının – məsələn, İslam İnkişaf Bankı və Afrika İnkişaf Bankının – bu layihələrə qoşulması Azərbaycanı ideya daşıyıcısı, dəyər təklif edən tərəfdaş kimi tanıdır. Bu addım klassik diplomatiyanın periferiyasından çıxıb beynəlxalq siyasətin mərkəzinə doğru strateji sıçrayışdır. Bakı artıq diplomatik gündəmlərin müəllifi olmaq ambisiyasını sərgiləyir.
***
Azərbaycanın xarici siyasətində yaşanan ən diqqətəlayiq transformasiyalardan biri “resurs ixracatçısı” imicindən “dəyərlər ixrac edən” aktora çevrilmək prosesidir. Həyata keçirilən addım isə təkcə enerji təhlükəsizliyi və iqtisadi şaxələnmə ilə izah olunmur. Burada diplomatik fəlsəfənin köklü transformasiyası baş verir. Neft əsrinin hökmranlıq etdiyi dövrdə Bakı əsasən enerji təminatçısı kimi qəbul olunurdu. Bu rol Azərbaycanın iqtisadi inkişafını və beynəlxalq əlaqələrini qurmaq baxımından effektiv idi. Amma bu gün yeni dövrün astanasındayıq: İqlim çağırışları və yaşıl keçid əsri.
Azərbaycanın karbon neytrallığına yönəlmiş çağırışları və ekoloji gündəmi artıq təkcə daxili siyasətin deyil, xarici siyasətin təməl sütunlarından birinə çevrilir. Rəsmi Bakının bu addımı geosiyasi və etik məsuliyyət formatında təqdim olunur. Neftin diktə etdiyi reallıqlar bir vaxtlar Azərbaycanı iqtisadi cəlbediciliyin mərkəzinə çevirmişdisə, bu gün Bakı iqlim ədalətinin tərəfdarı və təşəbbüskarı kimi çıxış edir. Və bu dəyişiklik təkcə ritorikada deyil, konkret diplomatik davranışlarda öz əksini tapır.
“Yaşıl diplomatiya” anlayışı artıq Azərbaycanın beynəlxalq səviyyədə formalaşdırdığı yumşaq güc modelinin əsas kodlarından biridir. COP29-un Azərbaycanda keçirilməsi və Bakı Hub-un formalaşması diplomatik mövqeyin yenidən yazılması, rolun dəyişdirilməsi və dəyərlərə əsaslanan liderliyin qurulması deməkdir. Əgər Bakı bir zamanlar enerji diplomatiyasının oyunçusu idisə, bu gün qlobal etik təşəbbüslərin moderatorudur.
Dönüşüm isə Azərbaycanın sadəcə “regional güc” olma iddiasından daha irəli getdiyini göstərir. Bakı artıq yalnız öz maraqlarını qorumağa çalışan ölkə deyil. O, qlobal fayda yaradan və dəyərlər təklif edən aktora çevrilmək niyyətindədir. Çağdaş beynəlxalq münasibətlər sistemində Bakının bu addımı yüksələn trendlə üst-üstə düşən strateji mövqe formasıdır.
***
Bonn şəhərində keçirilən tədbirdə ortaya çıxan reaksiya və iştirakçı qurumların açıqlamaları Azərbaycanın iqlim təşəbbüslərinin sadəcə niyyət bəyanatı olmadığını təsdiqlədi. UNEP, UNDP, Yaşıl İqlim Fondu, İslam İnkişaf Bankı, Afrika İnkişaf Bankı və digər nüfuzlu qurumlar Bakının yaratdığı platformaya siyasi və maliyyə dəstəyi ifadə etməklə, bu təşəbbüsün mərkəzləşdirilmiş əməkdaşlıq modelinə çevrilə biləcəyini göstərdilər.
Forumda diqqətçəkən məqamlardan biri bu tədbirdə iqlim məsələlərinin artıq klassik təhlükəsizlik gündəmi ilə birgə müzakirə olunması oldu. Su qıtlığı, torpaq deqradasiyası, ərzaq böhranı və iqlim səbəbli miqrasiyalar artıq beynəlxalq sabitliyi təhdid edən başlıca amillər kimi qəbul edilir ki, bu da geosiyasi sabitlik və beynəlxalq təhlükəsizlik konsepsiyalarının köklü şəkildə yenidən yazılmasıdır.
Azərbaycanın bu çağırışlara cavab olaraq verdiyi reaksiya isə məhz yeni dünya nizamının tələblərinə uyğun yanaşmadır. Əgər əvvəlki dövrlərdə təhlükəsizlik anlayışı hərbi balans, silahlanma və münaqişə zonasına nəzarət üzərində qurulurdusa, bu gün iqlim diplomatiyası vasitəsilə sabitlik yaratmaq əsas mexanizm kimi qəbul olunur.
Və burada Azərbaycanın təşəbbüsləri bir daha öz unikal mövqeyini sübut edir: Bakı Hub bir tərəfdən az inkişaf etmiş ölkələr üçün dəstək platformasıdırsa, digər tərəfdən beynəlxalq təhlükəsizlik diskursuna yeni paradiqma daxil edən konseptual mərkəz kimi çıxış edir.
Nəticə olaraq qeyd etmək istərdik ki, Azərbaycanın iqlim və sülh diplomatiyasında atdığı strateji addımlar artıq klassik diplomatiya çərçivəsinə sığmır. Burada söhbət, sadəcə, danışıqlardan, təşəbbüslərin dəstəklənməsindən və ya yeni layihələrin maliyyələşdirilməsindən getmir. “Bakı yeni qlobal moderatordur?” sualının cavabı aydın görünür: Bakı artıq qlobal gündəmi müəyyən edən, diplomatik kartların yenidən paylandığı mərkəzə çevrilib.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru