Ermənistan hakimiyyətinin son davranışları onun riyakarlıqdan əl çəkmədiyini göstərir
Rəsmi İrəvan sülhə doğru aparan yolda, sanki, “bir addım irəli, iki addım geri” pinsupu ilə hərəkət edir. Sülh sazişini dərhal imzalamağa hazır olduğunu ən müxtəlif platformalarda bəyan edən Hayastanın baş naziri Nikol Paşinyan Bakının irəli sürdüyü məqbul şərtləri yerinə yetirmək əvəzinə, Türkiyəyə, Çinə üz tutur, kənardan özünə hansısa dəstəyi qazanmağa, daxildə laxladılan mövqeyini möhkəmləndirməyə çalışır. Amma bu zaman tarixi reallığı unudur və bu səbəbdən də özü-özünü təkzib edir. Dünən sülhə sadiq olduğuna təminat verir, bu gün isə riyakarcasına ona mane olmaq üçün bəhanələr axtarır.
İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlər Azərbaycana torpaqların işğaldan azad edilməsi işində daim siyasi-diplomatik dəstək veriblər. Türkiyə və Pakistan, beynəlxalq təzyiqlərə baxmayaraq, 44 günlük müharibə zamanı Azərbaycanın haqq işini müdafiə etməkdən çəkinmədilər. Səudiyyə Ərəbistanı, Pakistan, Özbəkistan, Türkiyə Ermənistanla diplomatik əlaqələri bu gündə tam bərpa etməyiblər.
İƏT-in İstanbulda keçirilən 51-ci sessiyasında Ermənistan–Azərbaycan normallaşma prosesini təhdid edən çağırışlardan ətraflı danışılıb. Təkilata üzv ölkələrin XİN rəhbərləri çıxışlarında İƏT coğrafiyasında artan geosiyasi gərginliyin fonunda meydana gələn siyasi, iqtisadi, humanitar, ətraf mühit və təhlükəsizlik çağırışları, onlarla mübarizədə əməkdaşlıq, habelə postmünaqişə dövründə regional vəziyyətdən bəhs ediblər. Tədbirdə, həmçinin dünyada artan islamofobiya meyillərinin narahatlıq doğurduğu, Azərbaycanın bu təhdidin bütün forma və təzahürlərini qətiyyətlə pislədiyi, bu zərərli tendensiyaya qarşı mübarizədə İƏT çərçivəsində göstərilən təşəbbüsləri dəstəklədiyi nəzərə çatdırılıb.
Üstündən bir gün keçməmiş Ermənistan XİN-in İstanbul qətnamələri ilə bağlı təhrif və saxtakarlıqla dolu açıqlaması yayıldı. Həmin bəyanatı hazırlayanların özlərinin belə orada sadalanan yalan və dezinformasiyaya inanmadıqları şəksizdir. “Ermənistanın sülhə sadiqlik iddiası onun hərəkətləri ilə uyğun gəlmir”. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in bəyanatını şərh edərkən diplomatik cəhətdən olduqca dəqiq ifadə seçib. O, şərhində birmənalı şəkildə bildirir ki, Azərbaycan ardıcıl olaraq, ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət əsasında sülh sazişinin tərəfdarı olduğu halda, Ermənistan dəfələrlə kritik məsələlərə yanaşmada qeyri-konstruktiv mövqe nümayiş etdirməklə tərəqqiyə mane olub.
“İƏT-in Ermənistanı gecikmədən sülh sazişinin imzalanmasına maneələri aradan qaldırmağa çağırması beynəlxalq ictimaiyyətin Cənubi Qafqazda davamlı sabitliyi təmin edən həll üzrə gözləntiləri ilə üst-üstə düşür” – deyilən açıqlamada Ermənistanın İƏT-in prinsipial mövqeyini siyasiləşdirmək və öz hərəkətlərinə görə məsuliyyətdən yayınmaq cəhdlərinin Azərbaycanı ədalətli və davamlı sülh əldə etmək səylərindən çəkindirməyəcəyi vurğulanır. XİN rəsmisinin şərhi bu sölərlə bitir: “Ermənistanı revizionist ritorikasından əl çəkməyə və tarixi məsuliyyətini etiraf etməyə çağırırıq”.
***
Həqiqətən də, vəziyyətin paradoksallığı heyrət doğurur. 700 mindən artıq azərbaycanlını köçkün vəziyyətinə salan və 2023-cü ildə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə yekunlaşan münaqişə məhz işğalçı tərəfin günahı ucbatından özünün məntiqi sonluğuna – sülh anlaşmasına çata bilmir. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən təxminən 30 il davam edən qanunsuz işğalı kontekstini nəzərə alsaq, bu gün İrəvanın 2023-cü il antiterror tədbirlərini tərsinə yozmaq cəhdi eyni dərəcədə əsassızdır. Bu faktı təkcə İƏT üzvü olan müsəlman ölkələri deyil, bütün dünya bilir.
Azərbaycan İƏT-in fəal üzvlərindən biridir. Təşkilat İslam dünyasını narahat edən məsələləri daim gündəmə gətirir. Rəsmi Bakı Yaxın Şərqdəki gərginliklə bağlı da obyektiv mövqe göstərib. İstanbul Bəyannaməsində Azərbaycan və Ermənistan arasında normallaşma prosesində əldə olunan irəliləyişlər alqışlanıb. Bəyannamədə Azərbaycanın Qarabağda bərpa-yenidənqurma işlərinə və minatəmizləmə səylərinə dəstək də ifadə edilib. Bu istiqamətdə fəaliyyətin davam etməsi dünyada işğala, etnik təmizləməyə, soyqırımlara qarşı beynəlxalq təpkini də gücləndirə bilər.
Bu gün Azərbaycan işğal illərində ermənilərin Qarabağda, Şərqi Zəngəzurda viran qoyduqları yurd yerlərinin bərpası, Ermənistanın törətdiyi cinayətlərin izlərini aradan qaldırmaqla məşğuldur. İƏT-in İstanbul toplantısında qəbul etdiyi “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması” adlı qətnamə konkret olaraq bu məsələyə həsr edilib. Sənəddə Ermənistanın ölkəmizə qarşı nəticələrinin hələ də davam etdiyi təcavüzü bir daha qətiyyətlə pislənib, münaqişədən sonra azad edilmiş ərazilərdə Azərbaycanın apardığı bərpa və yenidənqurma işləri dəstəklənib. Yəni, İƏT bununla həm də müsəlman ölkələrinin işğaldan sonrakı dövrdə Azərbaycanın gördüyü işləri təşviq etməklə yanaşı, ona yardım məsələsini gündəmə gətirib.
***
Azərbaycanın işğaldan azad edilmiş torpaqlardakı problemlərindən biri də ərazilərin minalardan təmizlənməsidir. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin məlumatına əsasən, ikinci Qarabağ müharibəsindən sonra mina qurbanlarının sayı 388-ə çatıb. Onlardan 70-i həlak olub, 318-i isə xəsarət alıb.
“Sakit terror”un nəticəsinin aradan qaldırılması ilə bağlı məsələ də İƏT-in sessiyasının qətnaməsində öz əksini tapıb. “Azərbaycan Respublikasına iqtisadi dəstək” adlı sənəddə üzv dövlətlər, habelə İslam maliyyə institutları Azərbaycanın yenidənqurma, habelə minatəmizləmə fəaliyyətinə dəstək göstərməyə çağırılıb.
Onu da qeyd edək ki, ilkin hesablamalara əsasən, Ermənistan işğal dövründə Azərbaycan ərazilərindəki tarix və mədəniyyət abidələrinə 177 milyard dollardan çox ziyan vurub. Bunun üzərinə torpağımıza, meşələrimizə, çaylarımıza, havamıza vuduqları zərəri də gəlmək lazımdır.
Beləliklə, İƏT-in XİN Şurasının İstanbul sessiyası işğaldan sonrakı dövrdə Azərbaycanın üzləşdiyi problemlərin beynəlxalq ictimaiyyətə, o cümlədən İslam dünyasına çatdırılması baxımından bir fürsət oldu. Bu toplantıda qəbul olunan qətnamələr işğaldan azad olunan Azərbaycan ərazilərində müsəlman dövlətlərinin quruculuq, yenidənqurma və bərpa işlərində fəaliyyət göstərmələri üçün çağırışdır.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
– Bu gün Ermənistan hər cəhətdən məyusdur. Həm hökumət, həm cəmiyyət, həm də bir toplum kimi. Bu məyusluq təkcə İstanbulda İƏT-in qəbul etdiyi qətnamələrlə bağlı deyil. Axı, onların İrana ümidləri böyük idi. Yəni, cənub qonşusuna arxalanıb, Azərbaycana qarşı məlum inadkarlığını davam etdirə biləcəyinə bel bağlayırdı. Amma bütün bu gözləntilər özlərinin gözü qarşısında dağıldı.
İslam Əməkdaşlıq Təşkilatının da öz növbəsində müsəlman ölkəsi olaraq Azərbaycana dəstək verməsi Ermənistan hakimiyyətinin kefini əməlli-başlı pozub. Söhbət heç də ondan getmir ki, bu qətnamələrin nəticəsində rəsmi İrəvan əvvəlki qeyri-konstruktiv siyasi xəttindən imtina edəcək. Sadəcə, onların hər tərəfdən, hətta umduqları və gözlədikləri ölkələrdən də dəstəkləri yoxdur. İrəvana nə ABŞ-dan, nə də İrandan köməklik göstərilir. Axı, İrəvan Tehranla münasibətlərini yumşaltdığına görə Vaşinqtonun əvvəlki hərbi-siyasi dəstəyinə bel bağlaya bilməz. Hazırda Paşinyan hökumətinin Rusiya ilə də münasibətləri olduqca neqativ müstəvidədir. Yəni, reallıq ondan ibarətdir ki, bu gün Moskvanın özü heç kəsə köməklik göstərmək iqtidarında deyil. Pərakəndə vəziyyətə düşmüş Avropa İttifaqının isə Ermənistana siyasi ritorikadan savayı, verməyə heç nəyi yoxdur. Bütün bunlar göz qabağındadır.
Azərbaycanın müstəqil və ardıcıl siyasəti Ermənistanı irəli sürdüyümüz şərtləri yerinə yetirməyə vadar edib. Həmin şərt və tələbləri daha da kəskinləşdirmədiyinə görə İrəvan Bakıya təşəkkür etməlidir. Axı, onlar 30 il müddətində işğalda saxladıqları torpaqlarımızı viran qoymuş, insanlarımıza zülm vermişdilər. Bu cinayətlərə görə onlara güzəştə getmək deyil, cəza tədbirləri tətbiq edilməlidir. Bəli, hayların törətdikləri cinayətlərlə müqayisədə Azərbaycanın tələbləri kifayət qədər yumşaqdır. Ağıllarını başlarına yığıb həmin yumşaq şərtləri qəbul etsələr, münaqişəni sülhlə tamamlaya bilərlər.
İƏT-in Azərbaycanın mövqeyinə və baxışlarına dəstək nümayiş etdirməsi tam təbiidir. İrəvan bu barədə ciddi düşünməlidir. Bu, Bakının haylara ünvanladığı növbəti çağırışdır. Təki düzgün qiymətləndirsinlər.
İmran BƏDİRXANLI
XQ