Azərbaycanın qlobal səhnədə mövqeləri daha da güclənir
Son ayyarım ərzində Azərbaycanın altı beynəlxalq təşkilat seçkisində ardıcıl şəkildə qələbə qazanması ölkənin qlobal sistemdə artan nüfuzunun, diplomatik çevikliyinin və strateji baxışının nəticəsidir. Qlobal siyasətin getdikcə daha çox parçalandığı, beynəlxalq sistemin qeyri-müəyyənliklərlə dolu olduğu bir dövrdə Azərbaycan özünü sabitlik, konstruktiv əməkdaşlıq və rasional siyasət modeli kimi təqdim etməyi bacarıb.
Seçkilərdə qazanılan qələbələr Azərbaycanın milli güc arxitekturasının – iqtisadi sabitlik, sosial rifah, humanitar siyasət və mədəni irsə verilən dəyərin mükafatı kimi oxunmalıdır. Azərbaycanın Xarici İşlər Nazirliyinin də vurğuladığı kimi, bu uğurlar balanslı xarici siyasətin, qlobal təşəbbüslərə real töhfələrin və milli diplomatiyanın çevik fəaliyyətinin nəticəsidir.
Azərbaycanın son dövrlərdə bir neçə nüfuzlu beynəlxalq təşkilatın icra və qərarverici strukturlarına üzv seçilməsi uzunmüddətli və sistemli dövlət siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Xüsusilə, 2025–2029-cu illər üçün BMT-nin Məskunlaşma Proqramı İcraiyyə Şurasına seçilməsi Azərbaycanın urbanizasiya sahəsində əldə etdiyi real nailiyyətlərin beynəlxalq miqyasda təsdiqidir. Qazanılan uğur illərlə planlı şəkildə aparılan şəhərsalma islahatlarının və post-münaqişə dövründə Qarabağda tətbiq olunan “ağıllı şəhər” konsepsiyasının yaratdığı yeni inkişaf modelinin təntənəsidir. Azərbaycanın bu sahədə innovasiyalara açıq yanaşması, yaşıl texnologiyaların tətbiqi və dayanıqlı infrastruktur quruculuğu üzrə həyata keçirdiyi layihələr ölkəni urbanizasiyanın müasir meyarlarına cavab verən nümunəyə çevirib.
Turizm sahəsində əldə edilən uğur – BMT-nin Turizmin İcraiyyə Şurasına üzvlük – isə Azərbaycanın “yumşaq güc” siyasətinin effektiv alət kimi ustalıqla tətbiq edildiyini göstərir. Ölkə bir tərəfdən mədəni-tarixi irsini beynəlxalq turizm bazarına çıxarır, digər tərəfdən isə ekoloji turizmin inkişafı vasitəsilə həm daxili regionların sosial-iqtisadi inkişafını stimullaşdırır, həm də qlobal tendensiyalarla ayaqlaşan aktor olaraq mövqeyini möhkəmləndirir. Turizmin siyasi və mədəni kommunikasiya vasitəsinə çevrildiyi indiki dövrdə Azərbaycanın bu sahədə fəallaşması onun beynəlxalq humanitar təsir imkanlarını genişləndirir.
UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Komitəsində Azərbaycan təmsilçiliyi isə ölkəmizin mədəni diplomatiyada artan rolunun rəsmi təsdiqidir. Rəsmi Bakının bu uğuru Azərbaycan multikulturalizminin dünyaya təqdim etdiyi unikal modelin – fərqli etnik, dini və mədəni kimliklərin birgə, dinc və məhsuldar yaşamasının – universal dəyərlər səviyyəsində tanınması anlamına gəlir. UNESCO platformasında təmsilçilik zəngin irsin qorunması, təşviqi və gələcək nəsillərə ötürülməsi üçün beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi deməkdir. Azərbaycanın “mədəniyyətlərarası dialoq” çağırışının fəal müdafiəçisi kimi tanınması regionda və bütövlükdə Avrasiya məkanında sabitliyin və qarşılıqlı anlaşmanın güclənməsinə xidmət edir.
Bütün bu proseslərə sistemli yanaşma və ardıcıl strategiya ilə nail olunması Azərbaycan diplomatiyasının çevikliyini, dövlət idarəetməsinin institusional dayanıqlılığını və milli inkişaf modelinin qlobal reallıqlarla uyğunluğunu bir daha nümayiş etdirir. Azərbaycanın beynəlxalq platformalarda qazandığı uğurlar təsdiqləyir ki, ölkə artıq qlobal qərarvermədə fəal təşəbbüskar və bəzən də yönverici aktora çevrilməkdədir.
Azərbaycanın BMT-nin Əməkçi Miqrantlar üzrə Komitəsinə üzv seçilməsi isə ölkənin son illərdə həyata keçirdiyi insan mərkəzli siyasətin beynəlxalq miqyasda tanındığını və yüksək qiymətləndirildiyini nümayiş etdirir. Elə bu uğur da təsadüf deyil. Bunun arxasında uzunmüddətli strateji yanaşma, hüquqi çərçivənin gücləndirilməsi və sosial müdafiə mexanizmlərinin ardıcıl təkmilləşdirilməsi dayanır. Azərbaycan miqrantları yalnız əmək resursu kimi görməyərək, onların hüquqlarının qorunması, cəmiyyətə inteqrasiyası və layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində mühüm təşəbbüslər irəli sürür. Hüquqi maarifləndirmə proqramları, sosial uyğunlaşma tədbirləri və beynəlxalq əməkdaşlığa əsaslanan inteqrasiya strategiyaları ölkənin bu sahədə nümunəvi model formalaşdırmasına imkan verib. Beləliklə, Azərbaycan qlobal miqrasiya idarəçiliyində də konstruktiv tərəfdaş və məsuliyyətli aktor kimi çıxış edir.
Bununla yanaşı, Azərbaycanın BMT-nin Ətraf Mühit Proqramının Daimi Nümayəndələr Komitəsinə sədrlik hüququ qazanması ölkənin ekoloji siyasətdə daha yüksək mərhələyə keçdiyini göstərir. Ətraf mühit məsələləri bu gün iqtisadi, sosial və siyasi mahiyyət daşıyır. Məhz bu kontekstdə Azərbaycanın “yaşıl keçid” strategiyası – bərpa olunan enerji mənbələrinə keçid, ekosistemin qorunması, tullantıların azaldılması və dayanıqlı inkişaf hədəflərinin reallaşdırılması – beynəlxalq ictimaiyyət tərəfindən nümunəvi yol xəritəsi kimi qəbul olunur. Azərbaycanın ekoloji çağırışlara münasibətdə fəal mövqe tutması onu ekoloji məsuliyyət daşıyan və qlobal iqlim siyasətində söz sahibi olan bir dövlət kimi təqdim edir. Komitəyə sədrlik hüququ Azərbaycanın beynəlxalq diplomatiyada koordinasiya və liderlik qabiliyyətini bir daha təsdiqləyir.
***
Diplomatik uğurlar sırasına Azərbaycanın daha az görünən, lakin strateji baxımdan əhəmiyyətllı olan bir nailiyyəti də əlavə olunur – ölkə nümayəndəsinin Beynəlxalq Mülki Müdafiə Təşkilatı kimi nüfuzlu humanitar qurumun Baş Katibi vəzifəsinə seçilməsi. Yenə mahiyyət etibarilə bu fakt da Azərbaycan diplomatlarının peşəkarlığının, liderlik keyfiyyətlərinin və institusional hazırlığının təntənəsidir. Bu təyinat, eyni zamanda, Azərbaycanın humanitar diplomatiya sahəsində artan nüfuzunun və beynəlxalq etimad kapitalının göstəricisidir. Qlobal humanitar çağırışların getdikcə dərinləşdiyi bir dövrdə Azərbaycanın belə bir mötəbər beynəlxalq qurumda təmsil olunmas ölkənin bu sahədə təşəbbüskar, məsuliyyətli və etibarlı tərəfdaş kimi qəbul olunduğunu göstərir.
Bütün bu uğurlar fonunda Azərbaycan bir daha sübut edir ki, yalnız öz maraqlarını deyil, həm də qlobal rifah və ədalət naminə çalışan bir ölkədir. Sosial siyasətdən ekologiyaya, miqrasiyadan humanitar məsələlərə qədər geniş bir spektrdə həyata keçirilən təşəbbüslər ölkənin beynəlxalq münasibətlərdə fəal formalaşdırıcı aktor kimi iştirak etdiyini göstərir. Bütün bu amillər Azərbaycanın diplomatik gündəmində yeni bir mərhələnin başlandığını və bu mərhələnin artıq qlobal miqyasda qarşılıqlı etimad və liderlik üzərində qurulduğunu təsdiqləyir.
Bəli, Azərbaycanın ardıcıl diplomatik uğurları təsadüfi deyil – bu, illərlə yürüdülən ağıllı güc siyasətinin nəticəsidir. İqtisadi dayanıqlılıqla yanaşı, mədəni diplomatiya, ekoloji məsuliyyət və humanitar təşəbbüslər kimi “yumşaq güc” alətlərinin sistemli şəkildə tətbiqi Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş və prinsipial aktor kimi mövqeyini möhkəmləndirib.
Əldə edilən uğurlar postmünaqişə dövründə Azərbaycanın regional liderliyini legitimləşdirən və qlobal qərarvermə masasında yer almasına haqq qazandıran nailiyyətlərdir. Artıq Azərbaycan mədəniyyət, ekologiya və sosial siyasət sahələrində də nüfuzlu aktor kimi çıxış edir. Sonda onu də qeyd etməliyik ki, bütün bunlar dövlətçilik fəlsəfəsinin, idarəetmə sisteminin və milli vizionun qlobal təsdiqidir. Azərbaycanın uğur tablosu – yalnız keçmişin deyil, həm də gələcəyin diplomatik xəritəsidir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru