Araşdırma,rəqəmsallaşma,innovasiya: Kitabxana 5.0 erası rəsmən başladı!

post-img

Bir neçə gün öncə Türkiyə Prezident Millət Kitabxanasının ev sahibliyi ilə keçirilən ANKOSLink 2025 Beynəlxalq Konfransı müasir kitabxana və informasiya idarəçiliyi sahəsində ən aktual trendlərin müzakirə olunduğu nüfuzlu platforma kimi yadda qaldı.

Bu il “Kitabxana 5.0 və İnsan Mərkəzli Rəqəmsal Transformasiya” mövzusu altında təşkil olunan tədbir iştirakçılara kitabxana xidmətlərinin innovativ inkişaf tendensiyaları, süni intellektdən istifadənin perspektivləri və rəqəmsal məzmunun saxlanması üzrə qabaqcıl yanaşmalarla tanış olmaq imkanı yaratdı.

Konfrans boyu müxtəlif istiqamətləri əhatə edən panel sessiyalar keçirildi. Bu sessiyalarda kitabxanalarda süni intellekt texnologiyalarının tətbiqi, rəqəmsal resursların qorunması və davamlı saxlanması, akademik biliklərin yenilənməsi və yeni tələblərə uyğun transformasiya edilməsi kimi mövzular geniş şəkildə müzakirə olundu. Eyni zamanda informasiya bərabərliyi, peşəkar mühitdə yaranan çağırışlar və onların həlli ilə bağlı aktual yanaşmalar iştirakçılar tərəfindən dəyərləndirildi.

Konfransın rəsmi bağlanış mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən gerçəkləşdirildi. Prezident çıxışında Türkiyənin minillərə söykənən elm və kitab mədəniyyətini vurğulayaraq, tarix boyunca bilik və kitabxanaların sivilizasiya inkişafının əsas dayaqlarından biri olduğunu qeyd etdi. O, Əməvilərdən Osmanlılara qədər kitab və alimə göstərilən yüksək dəyərin elmi tərəqqini təşviq etdiyini, müasir dövrdə isə bu ənənənin yeni məzmunla davam etdirildiyini bildirdi.

Mərasimdə ANKOS prezidenti İsmayıl Çetinkaya və Prezident Kitabxanaları müdiri Ayhan Tuğlu tərəfindən Sultan Əbdülməcidin 11 mart 1845-ci il tarixli tarixi sənədinin dövlət başçısına təqdim edilməsi konfransın simvolik məqamlarından biri oldu və kitabxana irsinin nəsillərarası davamlılığını vurğuladı.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy çıxışında “Kitabxana 5.0” modelinin mərkəzində bilik istehsalı, paylaşımı və insanların xidmətə yönəldilmiş yanaşmasının dayandığını qeyd edərək, Türkiyənin kitabxana sistemində aparılan rəqəmsal yenilənmələrin strateji əhəmiyyətini qeyd etdi.

ANKOSLink 2025 Konfransı ölkənin və dünya kitabxana mütəxəssislərinin təcrübə mübadiləsi aparması, yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və kitabxana xidmətlərinin gələcək inkişaf xəritəsinin formalaşdırılması üçün əhəmiyyətli platforma rolunu oynadı.

Azərbaycan tərəfdən Prezident Kitabxanası, BDU, UNEC, ADU, ATU, Xəzər Universiteti, Təhsil Agentliyi, Azərbaycan Nəşriyyatı və digər təşkilatların nümayəndələri konfransda iştirak edərək müzakirələrdə fəal təmsil olundu.

Bakı Xoreoqrafiya Akademiyasının Kitabxana-İnformasiya Mərkəzinin müdiri İradə Ağayeva da tədbirdə iştirak edərək müasir kitabxana tendensiyaları, informasiya xidmətlərinin keyfiyyətinin artırılması və beynəlxalq əməkdaşlıq imkanları barədə müzakirələrdə aktiv şəkildə yer aldı.

Konfransda iştirak Mərkəzin inkişaf strategiyası üçün yeni istiqamətlərin müəyyənləşməsinə, beynəlxalq təcrübənin öyrənilməsinə və müasir kitabxana xidmətlərinin tətbiqi sahəsində əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verdi.

Əbülfəz Babazadə

kulturoloq-yaponşünas,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

















Mədəniyyət