Erməni separatizminin Belçika “sifəti”

post-img

Bu ölkənin “insan hüquqları və sülhün qayğısını çəkən qətnaməsinə Milli Məclis layiqli cavab verdi

Belçika parlamentinin Nümayəndələr Palatası qərəzliyi, siyasi riyakarlığı və insan hüquqlarına qayğı və sülhə dəstək adı altında Cənubi Qafqazın daxili işlərinə qarışmaq istəyini açıq şəkildə nümayiş etdirən anti-Azərbaycan qətnaməsi qəbul edib.

Təəccüblü deyil ki, “sənədin” həmmüəllifi Ermənistana sədaqətini və Azərbaycana qarşı antipatiyasını heç vaxt gizlətməyən, ölkəmizi bütün ağlasığmaz günahlarda ittiham etməyi sevən bədnam Mişel de Meqdedir.  O da gizli deyil ki, Belçika parlamentinin bu qətnaməsi hüquqi qüvvəyə malik sənəd, yəni, sadəcə, bir kağız parçası deyil, mahiyyət etibarilə təhrif olunmuş siyasi proklomasiyadır. Məqsəd bəllidir: ictimaiyyətdə Azərbaycanın “cəzalandırıla biləcəyi” təsəvvürünü  yaratmaq. Amma qətnaməyə səs verən belçikalı parlamentarilər bu cür təxribatçı bəyanatların Aİ-nin regionda sülhü qorumaq səylərini nüfuzdan saldığını heç düşünmürlər də.

Bədnam qətnamədə əsas vurğu onun üzərinədir ki, Azərbaycanın qondarma, separatçı “artsax” rejiminə qarşı keçirdiyi qanuni antiterror əməliyyatı “hücum” kimi qiymətləndirilir, bu addımın beynəlxalq hüquqa zidd olduğu iddia edilir. Amma həqiqət ayrı şeyi deyir. Azərbaycanın həmin ərazidə özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini, bu zaman mülki əhaliyə və mülki obyektlərə heç bir zərər toxunmadığı faktını BMT-nin bölgəyə göndərdiyi faktaraşdırıcı missiya da təsdiqlədi. Yəni, Azərbaycan 2020-ci ilin sentyabrında birgünlük antiterror tədbirini həyata keçirərkən BMT Nizamnaməsinə, eləcə də beynəlxalq hüququn norma və prinsiplərinə tam riayət edib.

Azərbaycan Milli Məclisi Belçika Nümayəndələr Palatasının birtərəfli və qərəzli qətnaməsinə kəskin etirazını bildirib, o sənəddə ölkəmizə qarşı irəli sürülən əsassız ittihamları qətiyyətlə rədd edib. Yoxlanılmamış, yanlış və birtərəfli məlumatlar üzərində qurulan bu sənədin müəlliflərinin son dövrlər Cənubi Qafqaz regionunda təşəkkül tapmış siyasi, hüquqi və humanitar şəraiti görməzdən gəldikləri, beynəlxalq hüquq prinsiplərinə və normalarına etinasızlıq göstərdikləri, hər bir parlamentin rəhbər tutmalı olduğu ədalət və obyektivlik meyarlarını saya salmadıqları qeyd olunduğu MM-in məlumatında Belçikanın qanunverici orqanının qəbul etdiyi qətnamədə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etmək kimi qanuni və suveren hüququ, əslində, inkar edildiyi vurğulanır: “Belçika parlamenti üzvlərinin Azərbaycanı “müharibə cinayətlərində” və “insan hüquqlarının pozuntularında” ittiham etmək cəhdləri əsassızdır və siyasi motivlərlə bağlıdır. Qətnamədə Azərbaycan torpaqlarının rmənistan silahlı qüvvələri tərəfindən 30 il ərzində işğal altında saxlanılmasının, bu dövrdə dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş çoxsaylı cinayətlərin, soyqırımı aktlarının, etnik təmizləmə nəticəsində 750 min azərbaycanlının öz vətənində didərgin salınmasının, şəhər və kəndlərimizin dağıdılmasının, milli, mədəni, dini və tarixi mirasımızın talan və təhqir edilməsinin üzərindən sükutla keçilib. Əvəzində isə öz torpağında sülhü və ədaləti bərqərar etməyə çalışan Azərbaycan haqsız hücumlara məruz qoyulub”.

Milli Məclisin məlumatında deyilir ki, qətnamədə rmənistandan kütləvi surətdə deportasiya edilmiş və ya zorla qovulmuş yüz minlərlə azərbaycanlının dinc yolla ata-baba torpaqlarına qayıtmaq hüququnu nəzərdə tutan “Qərbi Azərbaycan” anlayışı ilə bağlı təxribatçı və yanlış təfsirə yol verilib: “Bu anlayış tarixi yaddaşına sadiq olan xalqımızın haqq-ədalət istəyini ifadə edir və beynəlxalq hüquqa tam uyğundur”.

Məlimatda birmənalı şəkildə bildirilir ki, bəyan edilmiş məqsədlərə zidd olan bu sənəd bölgədə sülhyaratma səylərinə heç də kömək göstərmir: “Sülh gündəliyinin irəli aparılması üçün ciddi addımların atıldığı indiki şəraitdə Belçika, İsveçrə kimi ölkələrin parlamentlərində, Avropa Parlamentində erməni diasporu ilə əlaqəsi olan qüvvələr sülh prosesini pozmağa, regionda yeni gərginlik ocağı yaratmağa çalışırlar”.

                                                                      *

Əslində, bu ermənipərəst qətnamə təkcə Belçika və ümumilikdə Avropa ictimaiyyətinin qulağına davamlı olaraq yeridilən dezinformasiya deyil. Bu sənədin bir niyyət, cəhd olduğunu bir kənara qoysaq belə, Bakı ilə İrəvan arasında sülhün bərqərar olması səylərinə arxadan vurulan zərbə sayıla bilər. Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi hələ imzalanmayıb və bu, o, deməkdir ki, tərəflərdən birinin “şərtlərinin pozulması” kimi iddia, ən azı, absurddur. Burada Belçika Nümayəndələr Palatasının təmsil etdiyi “hörmətli məclisə” xatırladırıq ki, İrəvan hələ də sülh müqaviləsinin imzalanması üçün əsas şərti yerinə yetirməyib –Ermənistan konstitusiyasına heç bir düzəliş edilməyib. Axı, bu, çox vacib məqamdır: hayların baş qanununun preambulasında Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiaları var.

Bundan əlavə, Belçika parlamentinin təxribatçı qətnaməsi beynəlxalq hüququn elementar prinsiplərini şübhə altına alır, çünki o, rmənistan qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadan, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini təxminən otuz il ərzində işğal altında saxlayan Ermənistan olduğuna məhəl qoymur. Bununla belə, Belçika parlamentinin obyektivlik prinsiplərini pozan açıq-aşkar qərəzli və təxribat xarakterli qətnamələr qəbul etməsi ilk dəfə deyil. İkinci Qarabağ Müharibəsindən dərhal sonra belçikalı deputatlar faktiki olaraq qondarma “DQR”in – qeyri-qanuni qurumun “müstəqilliyinin” tanınmasını tələb edən sənəd qəbul etmişdilər. Yəni, heç bir dövlət, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayan separatçı qurumu “tanıdılar”. Hüquqi nöqteyi-nəzərdən Belçika o zaman faktiki olaraq separatizmi dəstəklədi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Pərvanə əliyeva XQ-yə açıqlamasında Belçika parlamentinin bundan əvvəl də Azərbaycan əleyhinə cəfəng ittihamlarla dolu, ölkəmizin ərazi bütövlüyü və suverenliyini təhdid edən qətnamə layihələri müzakirə etdiyinə diqqəti çəkdi: “Əslində, belçikalı deputatlar öz ölkələrinin problemlərini, hakimiyyətin fəaliyyət və ya fəaliyyətsizliyini müzakirə etsələr, daha doğru olar. Bölgəmizdən xeyli uzaqda yerləşən xarici ölkə Azərbaycanın daxili işlərinə qarışmaqla öz daxilində baş verən siyasi böhranları gizlətməyə çalışır. Azərbaycan daim qlobal və regional məsələlərə ədalət prizmasından yanaşıb. Belçika deputatları ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri cinayətlərə göz yumurlar. Qərbi Azərbaycandan qovulan soydaşlarımız XX əsrdə dörd dəfə böyük deportasiyaya məruz qalıb və bu deportasiyalar yaddaşımızda acı izlər buraxıb. İşğal illərində Azərbaycan torpaqlarına 1,5 milyon mina basdırılıb, bu isə ölkə ərazisinin 13 faizini təşkil edir. rmənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə mənfi təsir göstərir. Bütün bunlar 1 milyona yaxın keçmiş qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını çətinləşdirir”.

Millət vəkili onu da əlavə etdi ki, Belçika Krallığında növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiyanın bu ilin fevralında imzaladığı koalisiya sazişində Azərbaycana və azərbaycanlılara qarşı qərəzli və ayrı-seçkilik xarakterli müddəalar yer alır: “Sazişdə “Dağlıq Qarabağ” kimi ifadələrdən istifadə etməklə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. 1908-1960-cı illərdə Afrikanın Konqo, Ruanda, Burundi kimi ölkələri Belçikanın irqçi və müstəmləkəçi siyasətinin qurbanı olub. Bu siyasət yerli xalqların dilini, dinini, mədəniyyətini, irqini yer üzündən silməyə yönəlmişdi. Kolonial dövrün acı irsi Afrika ölkələrində hələ də davam edir. Həmin xalqlar Belçika hökumətindən maddi və mənəvi təzminat tələb edirlər. Belçika parlamentarilərinə ölkələrinin müstəmləkə keçmişi və fərqli irqdən olan şəxslərin və onların ailələrinin məruz qaldıqları dərin iztirabları aradan qaldırmaq üçün təşəbbüslərlə çıxış etməyi tövsiyə edərdim.”

                                                                                                 *

Qətnamədə rəsmi Brüssel Ermənistanı danışıqlara açıq, “sülhsevər tərəf” kimi göstərərək, mahiyyət etibarilə anlayışları tam tərsinə təsnifatlandırır. Axı ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan tamhüquqlu sülh sazişinin imzalanmasına ilk çağırış edən Azərbaycandır. Ermənistan isə “açıqlıq” ritorikasına baxmayaraq, bugünədək sülhə gətirib çıxara biləcək konkret addımlardan hər mənada yayınıb. Qəti şübhə yoxdur ki, bu cür qətnamələrin qəbulu Avropada, xüsusən də Belçika və Fransada zəhərli kök salmış erməni diasporunun “barmağı” olmadan mümkün deyil. Dünyadakı erməni lobbi və diaspora təşkilatları hay maraqlarını yeritmək üçün humanitar və insan haqları mövzularından sui-istifadə edərək müxtəlif ölkələrin parlamentarilərinə şirnikləndirici təkliflər verir, bu alınmayanda isə təzyiq və şantaj kampaniyaları işə düşür. Bu mənada Belçika nə birinci, nə də sonuncu presedentdir...

Yeri gəlmişkən, yazının əvvəlində adını çəkdiyimiz Mişel de Meqde bir sıra digər belçikalı deputatlar kimi erməni təşkilatlarının nümayəndələri ilə açıq şəkildə əlaqə saxlayır, onların forum və tədbirlərində teztez alovlu çıxışlar edirlər. Erməni diasporu sülh prosesinə zərər vurmaqla yanaşı, həm də rmənistanın özündə revanşist əhval-ruhiyyəni təşviq edir, revanşist siyasətçilər hələ də İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılacağına ümid bəsləyirlər.

Yeri gəlmişkən, yazının əvvəlində adını çəkdiyimiz Mişel de Meqde bir sıra digər belçikalı deputatlar kimi erməni təşkilatlarının nümayəndələri ilə açıq şəkildə əlaqə saxlayır, onların forum və tədbirlərində tez-tez alovlu çıxışlar edirlər. Erməni diasporu sülh prosesinə zərər vurmaqla yanaşı, həm də Ermənistanın özündə revanşist əhval-ruhiyyəni təşviq edir, revanşist siyasətçilər hələ də İkinci Qarabağ müharibəsinin nəticələrinə yenidən baxılacağına ümid bəsləyirlər.

İmran BƏDİRXANLI

XQ

Siyasət