Zəfər Günü Özbəkistanda qeyd olunub

post-img

Azərbaycanın Özbəkistandakı səfirliyi bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə  “Wyndham Tashkent” otelində Zəfər Günü münasibətilə qəbul keçirib.

Qəbulda Özbəkistan xarici işlər nazirinin müavini Babur Usmanov, dövlət strukturlarının və beynəlxalq təşkilatların nümayəndələri, səfirlər, elm, mədəniyyət və incəsənət xadimləri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Əvvəl iştirakçılar Zəfər Günü ilə bağlı foyedə təşkil olunan fotosərgiyə baxıblar.

Azərbaycanın və Özbəkistanın Dövlət himnləri səsləndikdən sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev salona toplaşanları Zəfər Günü münasibətilə təbrik edib, müstəqillik əldə etdikdən sonra ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını bildirib.

H.Quliyev deyib: “Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad etdi. İndi azad olunan torpaqlarda bərpa-yenidənqurma işləri aparılır”.

Diplomat bildirib ki, biz tarixin bir səhifəni çevirdik, torpaqlarımızı azad etdik və Ermənistanla sülh şəraitində yaşamağa hazırıq. Səfir qeyd edib ki, oktyabrın 6-7-də Azərbaycanın Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının növbəti Sammiti keçirildi. Bu Sammit Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dövlətləri Təşkilatı bizim ailəmizdir” sözlərinin doğruluğunu bir daha sübut etdi.

H.Quliyev Özbəkistanın Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyi, bu məsələdə prinsipial mövqe tutduğu üçün Özbəkistan Prezidentinə və özbək xalqına minnətdarlığını bildirib. Qeyd etmək lazımdır ki, qələbənin 5 iliyi münasibəti ilə Azərbaycanı ilk təbrik edən də Şavkat Mirziyoyev olub.

Qeyd edək ki, tədbir zamanı Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərləri, Ermənistanın Azərbaycana təcavüzü, azad olunan ərazilərində həyata keçirilən geniş quruculuq işlərinə dair videomaterial nümayiş etdirilib.

Sonra iştirakçılar Zəfər Günü münasibətilə Azərbaycan milli yeməklərinə qonaq ediliblər.

Qulu Kəngərli
XQ-nin Türküstan üzrə xüsusi müxbiri
Daşkənd









Sosial həyat