Lider–dövlət–xalq

post-img

II MƏQALƏ

Xalq: Azərbaycan dövlətçiliyinin qaynağı

Azərbaycan dövlətçiliyi ənənəsi ilə az-çox tanışlığı olan hər kəs üçün Prezident İlham Əliyevin M.Qusmanın sualına cavabında ilk tezisinin çox dərin anlamı olduğunun fərqinə varır. “Xalqa yalan danışmamaq, ona doğruları söyləmək və vəd etmək” əsrlərin sınağından gələn çox anlamlı mövqedir. Azərbaycan dövlətinin lideri hər bir halda xalqa arxalanmalı, ona xidmət etməli və onunla dürüst davranmalıdır. Azərbaycan dövlətçilik ənənəsində belə bir qızıl qayda var: “Bəy o kəsdir ki, qövmünə ədalətlidir!”. Burada “bəy” hökmdar, rəhbər, lider, başçı mənasında işlədilir. Yəni Azərbaycanda həqiqi Bəy mütləq ədalətli olmalıdır.

Azərbaycan törəsində, xalqın dünyagörüşündə və ayrıca siyasi şüurunda “ədalət”in anlamı doğruluq, dürüstlük, qanuna sayğı, xalqın həyat tərzinə uymaq (“palaza bürün elnən sürün”) kimi mühüm sosial-psixoloji və mədəni anlamlarla sıx bağlıdır. Buna görədir ki, Azərbaycan dövlətçilik ənənəsində lider həmişə xalqdan güc almış, onun iradəsini ifadə etmişdir. Əsrlər boyu çoxlu sayda dövlətlər qurmaq potensialı da buradan qaynaqlanır.

Nəhayət, müasir müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında yazılır ki, “Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə aşağıdakı niyyətlərini bəyan edir:

- Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq...”.

Müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü qorumağın mənbəyi Konstitusiyanın 1-ci maddəsində açılır. Orada yazılmışdır: “I. Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

II. Azərbaycan xalqı Azərbaycan Respublikası ərazisində və ondan kənarda yaşayan, Azərbaycan dövlətinə və onun qanunlarına tabe sayılan Azərbaycan Respublikası vətəndaşlarından ibarətdir; bu isə beynəlxalq hüquqla müəyyənləşdirilmiş normaları istisna etmir”.

Bundan sonra isə hakimiyyətin mənbəyinin xalq olmasının hüquqi aspekti ifadə edilmişdir. Konstitusiyanın 2-ci maddəsində vurğulanmışdır: “I. Sərbəst və müstəqil öz müqəddəratını həll etmək və öz idarəetmə formasını müəyyən etmək Azərbaycan xalqının suveren hüququdur.

II. Azərbaycan xalqı öz suveren hüququnu bilavasitə ümumxalq səsverməsi - referendum və ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, gizli və şəxsi səsvermə yolu ilə seçilmiş nümayəndələri vasitəsilə həyata keçirir”.

Konstitusiyanın 9-ci maddəsində lider-dövlət-xalq qarşılıqlı münasibətləri üçün prinsipial konstitusion və hüquqi anlamı olan bir prinsip yer almışdır. Orada yazılmışdır: “II. Azərbaycan Respublikasının Prezidenti Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir”.

Beləliklə, baxdığımız aspektdə ümumi mənzərə aydındır: Azərbaycanda dövlətçiliyin mənbəyi xalqdır, dövlət qurmaq xalqın suveren hüququnun əsas anlamıdır və dövlət başçısı (lider) bu prosesdə başlıca rol oynamalıdır. Yəni xalqın və dövlətin suverenliyini, ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etməlidir.

Bu fikirlərin işığında Prezident İlham Əliyevin III Şuşa Qlobal Forumunda verilən suala cavabının çox mühüm bir aspekti önə çıxmış olur.

Xalqın etimadı

Səhv etmiriksə, müasir müstəqil Azərbaycan dövlətçiliyi tarixində ilk dəfədir ki, “xalqın etimadı” və “dövlətçilikdə varisliyin təmini” anlayışları siyasi-nəzəri və kommunikativ aspektlərin qarşılıqlı əlaqəsində gündəmə gətirilir. Burada məntiqi bağlılıq göründüyü kimi sadə deyildir. Əgər situasiyaya ciddi siyasi-nəzəri və elmi prizmada yanaşsaq, qəbul etməliyik ki, “xalqın etimadı”nın bazasında “xalqın etibarı”nı qazanmaq durur. Eyni zamanda, xalqın etibarından xalqın etimadına keçid ayrıca idraki, siyasi və kommunikativ çalarlı mürəkkəb prosesdir. Buradan Prezident İlham Əliyevin yanaşmasının başlıca prinsipi yaranır: xalqın etimadı olmadan gerçəklikdə dövlətçilikdə varisliyi təmin etmək mümkün deyildir.

Belə alınır ki, Şuşada faktiki olaraq Prezident İlham Əliyev tarixi bir tezis irəli sürmüşdür: xalqın etibarından onun etimad göstərməsinə keçid əsasında dövlətçilikdə varisliyi təmin etmək! Bu prosesin motivəedici və istiqamətverici prinsipi isə xalqa doğruları söyləməkdən, onunla səmimi davranmaqdan ibarətdir! Niyə məhz doğruları söyləmək?

Görünür, burada bütövlükdə insan cəmiyyətinin özünüyaratması və mövcud olmasının tarixi təcrübədə formalaşmış və yazılmamış qanunları istiqamətverici rol oynayır. İnsan təbiəti elədir ki, yalnız etibar etdiyi, inandığı insanlarla birgə addımlamağa üstünlük verir. Buradan “ailə”, “qonşu”, “tayfa”, “xalq”, “qövm”, “cəmiyyət”, “millət” kimi birgəyaşam formalarının meydana gəlməsi və dayanıqlı olması məsələsi qarşıya çıxır. Həmin prosesdə insan yanındakından tutmuş toplumun “ən uzaq üzvünə qədər münasibətlərdə etibarı əsas götürür. “Dost” anlayışının mənasında da bu məqam həlledici rol oynayır. Əsl dost yalnız etibarlı adam sayılır.

Etibarlılığın psixoloji duyumu buna görə də insanlararası münasibətlərdə

həlledici rol oynayır. Söhbət kollektiv birgəyaşamdan gedəndə bu anlayış daha mürəkkəb məna çalarları alır. Lakin hər bir halda etibarlı olmaq davamlı, qarşılıqlı sayğılı və dayanıqlı münasibətlərin təməlini təşkil edir.

Deməli, fərdlərin və ümumi halda xalqın etibarını qazanmaq çox əhəmiyyətli prosesdir. Ancaq dövlətçilikdə bu, kifayətedici deyildir. Çünki dövlət idarəetməsi sosial-psixoloji anlamda etibardan daha yüksək hüquqi, sosial, kollektivçi mənası olan “etimadı” ehtiva etməlidir. Etimad artıq toplumun konkret bir şəxsə (liderə, başçıya) öz taleyini və təhlükəsizliyini hüquqi kontekstdə etibar etməsi deməkdir. Bu anlamda etimad fərdin ailəsini, yaxınlarını, tayfanı, xalqı və bütövlükdə milləti əhatə etməlidir.

Cəmiyyətin etimadını qazanmağın mənbəyində fərdi etibarlılıq dayanır, lakin dövlətçilik kontekstində onun əyaniləşməsi (yəni səlahiyyətverici hüquqi status alması) ayrıca sosial-psixoloji və siyasi prosesdir. Onun predmetləşməsi (yəni substantivliklə funksional aspektin vəhdətinin yaranması) liderlik fəaliyyətində özünü tapır.

Bununla İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda irəli sürdüyü vacib tezisin bir aspektdə anlamının belə fəlsəfi və siyasi-nəzəri olaraq nə dərəcədə dərin və əhatəli olduğu qənaətinə gələ bilərik.

Dövlətçilikdə varisliyin təmini

Yuxarıdakı fəlsəfi fikirlərdən İlham Əliyevin tezisinin digər olduqca əhəmiyyətli aspektinə məntiqi keçid etmək mümkündür. Lakin sözün həqiqi mənasında etibarın etimada transformasiyası və onların vəhdətdə dövlətçilikdə varisliyi təminetmədə geniş aspektli funksiyasının elmi dərki dərin tədqiqat tələb edir.

Bu, filosoflar, politoloqlar, sosioloqlar, psixoloqlar, dövlətşünaslar, kulturoloqlar qarşısında böyük bir məsuliyyətli vəzifə qoyur. Çünki dövlətçilikdə varislik yalnız sosial, siyasi, psixoloji və məntiqi xarakterli proses deyildir, onun əsas tərəfi idarəetmədir. Məhz siyasi idarəetmədə varisliklə yeniliyi (və ya müasirliyi) vəhdətdə təmin etmək strateji vəzifədir. Dövlətçilikdə varislik, maraqlıdır ki, bu iki aspektin qarşılıqlı əlaqəsində aktuallaşır və əyaniləşir. Deməli, dövlətçilikdə varislikdə daima yenilik elementi (müasirlik ruhu və parametrləri) mütləq olmalıdır. Ancaq elə olmalıdır ki, tarixi ənənə ilə ziddiyyət təşkil etməsin. Zamanın axarı dövlətçiliyin axırını gətirməsin.

Aydındır ki, bu yanaşma prizmasında dövlətçilikdə varisliyi təminetmə sırf yaradıcı proses kimi görünür. Lider yüksək səviyyədə kreativ (konkret siyasi, sosial, ictimai, geosiyasi və s. istiqamətlərdə müsbət nəticə verən) fəaliyyətə qabil olmalıdır. Lider bu mənada daim ənənə ilə müasirliyin “ortaq psixoloji, siyasi, sosial, idaretmə, xilasetmə və quruculuq sahəsində” fəaliyyət göstərməlidir.

Bəs bu fəaliyyətin özünütəsdiqi harada baş verir? Yəni siyasi lider dövlətçilikdə varisliyi davam etdirdiyini hansı üsulla cəmiyyətə və dünyaya çatdırır? Problemin bu cəhəti bir neçə baxımdan əhəmiyyətlidir. Hər şeydən öncə, liderin verdiyi sözlə əməli arasında fəlsəfi və elmi müqayisə aparmaq şansı yaranır.

Burada dövlət başçısının son Şuşa tezisinin çox mühüm üç aspektinə nəzər salmaq lazım gəlir. Bunun üçün Prezidentin III Şuşa Qlobal Media Forumunda ifadə etdiyi bir fikrə baxaq. İlham Əliyev həmin fikirdə real olaraq 3 istiqaməti vahid məntiqi müstəvidə dövlətçilikdə varislik kontekstində ifadə etmişdir.

Prezident demişdir: “Düşünürəm ki, bu, yəqin ki, əsas prinsiplərdən biridir: ilk növbədə öz xalqıma həqiqəti söyləmək. İnternet və sosial şəbəkələr dövründə yaşadığımız üçün burada dediyiniz hər şey dərhal bütün dünyada rezonans doğurur”. Bu, birinci aspekt.

Ondan ikinci aspekt məntiqi olaraq alınır. Dövlət başçısı davam etmişdir: “Düşünürəm ki, bu, mənim Prezident vəzifəsində əldə etdiyim çoxillik əvəzsiz təcrübə ilə bağlıdır və onu başqa cür əldə etmək mümkün deyil. Həm də belə etibarlı münasibətlərin qurulduğu, etimad göstərə biləcəyiniz zaman”.

Nəhayət, üçüncü aspektdə vurğulanan məqamların siyasi-nəzəri mənası açıqlanır: “Güvənmək razılaşmaq demək deyil, etimad göstərmək nədənsə müəyyən dərəcədə narazı olmaq və ya müsbət gündəmdən başqa bir şeyə sahib olmaq demək deyil. Güvənmək, sadəcə olaraq inanmaq deməkdir ki, əgər bir insan bunu deyibsə, deməli belə olacaq”.

Bu ümumi siyasi-nəzəri xarakterli fikirləri dövlətçilikdə varislik aspektində vahid baxış bucağı altına gətirsək, belə bir məntiqi (idraki, koqnitiv) mənzərə alınır: etibar, etimad və idaretmənin təsdiqi liderin təcrübəsində ifadə olunur.

Hər hansı liderin fəaliyyətinə düzgün qiymət vermək istəyən mütləq onun fəaliyyət təcrübəsini araşdırmalıdır. Həmin kontekstdə dövlətçilikdə varisliklə milli ideya və suverenliyin təmininin siyasi təcrübə ilə dərin daxili bağlantısı üzərində də düşünmək olar. Bu baxımdan Azərbaycan Prezidentinin siyasi liderlik fəaliyyəti dövlət başçılığı ilə vəhdətdə sözün həqiqi mənasında unikal və çox faydalıdır. Problemin bu tərəfi üzərində geniş dayanmaq lazımdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət