Şovinistlərə və diletantlara istinad?

post-img

75 yaşlı Qusmanın vəzifədən azad edilməsi qəribə görünməyə bilərdi, amma...

Bütün sahələrə total nəzarət, “cızığından” çıxanları ciddi cəzalandırmaq. Bu, Rusiyada nəinki hakim siyasətə əks mövqe tutanlara, hətta neytral qalanlara belə tətbiq edilən neobolşevik metodunun mahiyyətidir. Ukrayna ərazisində “xüsusi hərbi əməliyyatlara” başlayandan bəri yazılı və elektron mediası, sosial şəbəkəsi şovinizm ideologiyasına köklənmiş Rusiyada sərbəst düşüncəyə yer yoxdur. Media platformalarında ölkənin siyasi-ideolji cəbhəsinin “parlaq nümayəndələrinin” dilindən opponentlərinə münasibətdə aşağılayıcı rəftar, təhqir, hansısa dövlətin, yaxud xalqın ünvanına jarqonlar düşmür. Onlar etiraz edib neqativ atmosferə dözməyərək ölkədən gedən blogerlərə, sənətçilərə “fərari”, “Vətən xaini” damğası vururlar. Özü də heç bir tərəddüdsüz.

Məlum olduğu kimi, həmyerlimiz Mixail Qusman Rusiyanın baş naziri Mixail Mişustinin əmri ilə TASS İnformasiya Agentliyinin baş redaktorunun birinci müavini vəzifəsindən azad olundu. Şübhəsiz, onunla bağlı qərarın səbəbi III Şuşa Qlobal Media Forumunda iştirakı və ən başlıcası, ukraynalı jurnalist Dmitri Qordonun “cavabını verə bilməməsidir”. Görünür, Rusiya rəhbərliyi yaşlı və alicənab Qusmandan ukraynalı həmkarı ilə qol güləşdirməsini gözləyirmişlər. Axı söz güləşdirmək mümkünsüzdür. Çünki Rusiyanın davranışı işğalçılıqdır və Qordonun da bildirdiyi bu idi.

O da məlumdur ki, Bakıda anadan olan Mixail Qusman bütün karyerası boyu Rusiya–Azərbaycan münasibətlərinin inkişafına töhfə verib, ikitərəfli əlaqələrdə müəyyən gərginliyin və anlaşılmazlığın yarandığı məqamlarda informasiya sahəsində təxribatların qarşısını almağa çalışıb, həmkarlarını təmkinli davranmağa, obyektivliyə çağırıb. O, sağlam və peşəkar jurnalist mövqeyi ilə Bakı və Moskva arasında, bir növ, körpü rolunu oynayıb. Buna görə Azərbaycanda olduğu kimi, Rusiyada da böyük nüfuz və hörmət sahibidir.

Yeddi ay əvvəl 75 illik yubileyini qeyd edən cənab Qusmanın Azərbaycana və azərbaycanlılara səmimi və təmannasız sevgisini hamı, o cümlədən jurnalist həmkarları çox yaxşı bilir. Yəni, bu, heç bir halda dramatikləşdirilməli hal olmamalı idi. Amma məşhur həmyerlimizin vəzifədən uzaqlaşdırılmasının rəsmi səbəbinin açıqlanmaması fonunda onunla bağlı qərarın verilməsində III Şuşa Qlobal Media Forumunda iştirak məsələsi ön plana çıxarılır. Sanki kimlərsə cənab Qusmanın cəzalandırıldığı ritorikasının təbliğatına girişiblər. Əlbəttə ki, belələri jurnalistlə bərabər ölkəmizi də cəzalandırdıqları təsəvvürünü formalaşdırırlar. Kənardan bu mənzərə çox rəzil görünür. Rusiya–Azərbaycan münasibətlərinin normallaşmasında önəmli statusa və rola malik nüfuzlu şəxs vəzifəsindən uzaqlaşdırılır, ölkənin rəsmiləri isə əllərinə düşən hər fürsətdə ikitərəfli münasibətlərin tezliklə əvvəlki axarına düşəcəyinə əminliklərini bildirirlər. Görəsən, bu cür addımlarla hansı pozitiv dəyişikliyə ümid bəsləyirlər? Bunu necə düşünək? Düşünək ki, müsbət ruhlu bəyanatlar verənlərlə özlərini bolşevizmin ardıcılları qiyafəsində göstərən neoleninlər ayrı-ayrı adamlardır?

Mixail Qusman o şəxslərdəndir ki, istənilən vaxt Azərbaycana gələ, buradakı yerliləri və həmkarları ilə rahat görüşə bilir. Onu doğma vətənində nəinki məsləkdaşları, hətta Prezident İlham Əliyev böyük məmnuniyyətlə qəbul edir, şəxsinə iltifat göstərir. Məhz bu cür yüksək statusa malik, iki ölkə arasında “canlı körpü”nü itirmək kimə lazımdır? Rusiyada obyektiv və neytral mövqedə dayananlara nifrət və qəzəb bu qədərmi güclüdür?

P.S. “TASS İnformasiya Agentliyindəki işimdən ayrılmağımla bağlı indi ərtaflı danışmaq istəmirəm. Təxminən bir həftədən sonra məsələ ilə əlaqədar ictimaiyyətə geniş açıqlama verəcəyəm”. Bu sözləri Azərbaycan mediasına açıqlamasında Mixail Qusman deyib.

Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq

– Bu gün Rusiyada şovinist əhval-ruhiyyə o həddə çatıb ki, bu dalğa Kreml isteblişmentini hansısa məcburi hərəkətlərə sövq edir. Bəzi deputatlar, Telegram kanalları, blogerlər Azərbaycana qarşı, az qala, hərbi əməliyyatlara başlamaq çağırışı səsləndirirlər. Hətta “Oreşnik”lə “Bakını vuranlar”, hərbi donanmanı Xəzərin mərkəzinə gətirib hədə-qorxu gələnlər diqqətdən yayınmır. Görünür, Qusmanın Şuşa Forumunda iştirak və çıxış etməsi belələrinin şəstinə toxunub. Kreml isə onların qəzəbi fonunda Qusmanı qurban verməkdən çəkinməyib.

Halbuki Mixail Qusman hazırda Rusiya mediasında ən təcrübəli, ən peşəkar jurnalistlərdən biridir. Mən onu əlli ildən çoxdur tanıyıram və aramızda səmimi münasibət var. Ola bilsin, Kreml indi onu işdən çıxarmaqla, daxildəki millətçi qüvvələrə xoş görünməyi bacardı. Peşəkarları kənarlaşdırıb iyrənc solovyovların, simonyanların ümidinə qalmaq istəyirlərsə, nə deyə bilərik?

Mixail Qusman heç nə itirmədi. 75 yaşı var idi. Hətta mümkündür ki, özü vəzifədən getmək istəyirdi. Amma aşkar anti-Azərbaycan ritorikası fonunda işdən uzaqlaşdırılması yaxşı olmadı. Əlbəttə, anlasalar, bu, Rusiyanın özü üçün də pisdir. Deməli, ölkədə heç bir dəyər, qədirbilənlik qalmayıb. Digər tərəfdən, Rusiyanın düşdüyü ağır durum var. Güman etmirəm ki, cənab Qusman belə bir durumda komandanı tək qoymaq istəyərdi. Amma onu da düşünürəm ki, indiki durumda bakılı Mixail Qusman uzun illər xidmət etdiyi, amma mövqeyi ilə razılaşmadığı komandadan böyük məmnuniyyətlə ayrılır, heyfslənmir. O komandadan ki, üzvlərinin çoxu beynəlxalq sanksiyalar altındadır.

İmran BƏDİRXANLI
XQ



Siyasət