Bu gün 115 yaşlı Azərbaycan futbolunda əlamətdar gündür. Dövlət televiziyamızda Azərbaycan dilində ilk reportaj 69 il əvvəl məhz bu gün, 1957-ci il aprelin 11-də efirə getmişdir. Həmin reportajla tarix yazan isə təkcə futbolumuzda yox, bütün idmanımızda, mətbuatımızda tanınıb, məşhurlaşmış telejurnalist, 1935-ci ilin mülayim may axşamında İçərişəhərdə anadan olub, taleyin hökmü ilə milli futbolumuzun 100 illik yubileyinin qeyd olunduğu 2011-ci ildə 76 yaşında əbədiyyətə qovuşmuş, respublikamızda futbol oyunlarının televiziyada Azərbaycan dilində ilk şərhçisi, Əməkdar jurnalist Valid Sənani olmuşdur. Hörmət və ehtiramla yad edirik.
Digər mərhum həmkarım, daha bir Əməkdar jurnalist, o zaman bir çox il ərzində Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində V.Sənani ilə çiyin-çiyinə çalışmış və təbii ki, onu daha yaxından tanımış Abas Əzimovun Azərbaycan futbolunun bir əsrlik yubileyi münasibətilə 2011-ci ildə nəşr etdirdiyi “Xatirələr işığında” kitabında dost və həmkarı haqqında geniş bir yazı da var. Görək, müəllif maraqlı məlumatlarla zəngin olan məqalədə Valid müəllim haqqında nələri qələmə alıb.
A.Əzimov yazıya “Danışır və göstərir Bakı” sərlövhəsi ilə başlayıb, qeydlərini bundan sonra oxuyacağınız sətrlərlə davam etdirmişdir. Məqaləni kiçik ixtisarla təqdim edirik:
“Mikrofon və kameralarımız Lenin adına Respublika stadionundadır”.
– Bu sözlərlə ilk dəfə efirə çıxan biz jurnalistlərin sevimli dostu Valid Sənani idi. Bu, 1957-ci il aprelin 11-də olmuşdu.
Vaxtilə Valid bu barədə mənə belə demişdi: “O illərdə futbol reportajlarını rus dilində “Neftyanik”in (onda komanda belə adlanırdı–O.B.) keçmiş oyunçusu Aleksandr Qnezdov aparırdı. Bir dəfə Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsi sədrinin müavini Ənvər Əlibəyli (Allah ona rəhmət eləsin) məni yanına çağırıb dedi: Sən futbol reportajı apara bilərsən? Mən bir az tərəddüddən sonra razılığımı bildirdim.
Bundan bir neçə gün sonra Ənvər müəllim məni özü ilə respublika stadioununa apardı. Həmin gün burada Azərbaycan çempionatının növbəti turunun oyunu keçirilirdi. Yaxşı yadımdadır, Suraxanının “Kompressor” və Bakının OİK komandaları görüşürdülər. Ənvər müəllim məni sınaq məqsədilə stadiona gətirmişdi. O vaxt stadionda reportaj aparmaq üçün elə bir şərait yox idi. Bir yer tapıb oturdum. Çox həyəcanlı idim. Bilirdim ki, reportaj efirə getməyəcək. Buna baxmayaraq, həyəcanlı idim. Oyunun birinci hissəsindən sonra fasilədə operatorlar məni təbrik etməyə başladılar. “Çox yaxşı idi” dedilər. Mən təəccübləndim. Siz haradan bilirsiniz? Dedilər ki, reportaj birbaşa translyasiya olunur. Görüşün ikinci hissəsini də şərh etdikdən və oyun başa çatdıqdan sonra Ənvər müəllim mənə yaxınlaşıb təbrik etdi: “Hazırlaş, bundan sonra “Neftyanik”in oyunlarını sən şərh edəcəksən”.
Valid 1957-ci ildən Azərbaycan radiosunun “Xəbərlər” baş redaksiyasında redaktor vəzifəsində işləməyə başlamışdı. Burada baş redaktor vəzifəsinədək yüksəlmişdi. O, jurnalistika fakültəsində təhsil almasa da (1957-ci ildə Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsini bitirmişdi), özünü istedadlı, peşəkar jurnalist kimi tanıtmışdı. “Xəbərlər” baş redaksiyasının keçmiş baş redaktoru Hacı Hacıyev (Allah ona rəhmət eləsin) deyərdi: “Valid növbədə olanda mən arxayınam ki, hər şey yaxşı olacaq”.
Məni jurnalistikaya cəlb edən də Valid olmuşdu. Tez-tez məni yarışlara göndərər, oradan xəbər gətirməyi tapşırardı. Validi müəllimim hesab edirəm. Jurnalist kimi yetişməyimdə onun böyük əməyi olmuşdur.
Həmkarım idmanı çox sevirdi. O, 1959, 1963 və 1967-ci illərdə jurnalist dostu Altay Zahidovla Moskvada keçirilən SSRİ xalqlarının spartakiadalarında olmuş, oradan operativ şəkildə Azərbaycanın idman ictimaiyyəti üçün reportajlar hazırlamışdı. 1963 və 1967-ci illərdə mən də Moskvada onlarla birlikdə çalışmışam.
Valid Sənani idman növlərindən ən çox futbolu sevərdi. “Neftyanik”in Bakıdakı oyunlarını hər dəfə izləyərdi. Bir çox futbolçu ilə dostluq edərdi. O, 1957-ci ildən sevimli komandasının oyunlarını həm televiziya, həm də radio ilə şərh etməyə başlamışdı. “Neftyanik”in 100-dən çox görüşündən reportaj aparıb. Təkcə Bakıdan deyil, Moskva, Kiyev, Tbilisi, Rostov, İrəvan və başqa şəhərlərdən də oyunları şərh edirdi.
Valid Radio və Televiziya Verilişləri Komitəsində işləyərkən idarəyə yeni gəlmiş diktor Ofeliya xanımı görmüş və onu sevmişdi. Onlar bir oğul və bir qız böyüdüb boya-başa çatdırmışlar. Hazırda onların da öz ailələri var.
Valid Sənani 1989-cu ildə Azərbaycanın Əməkdar jurnalisti fəxri adına layiq görülüb. Bundan iki il sonra isə Azərbaycan Jurnalistlər Birliyinin sədr müavini seçilib və ömrünün axırınadək bu vəzifədə çalışıb.
Unudulmaz həmkarım çox yaxşı dost, səmimi insan idi. Heç kəsin xətrinə dəyməzdi. Ruhu şad olsun”.
Yazını təqdim etdi:
Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

