İlham Əliyev siyasəti və dövlətçilik üçün əbədiyyət formulu
Prezident İlham Əliyev dünən kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında Azərbaycanın artıq dünyada orta güc kimi tanındığını bildirib və əlavə edib ki, bu məqam bir çox ölkələrin şirkətlərinin müxtəlif sahələrdə respublikamızla əməkdaşlığına stimul yaradır: “Biz, əlbəttə ki, bütün şirkətlərə, o cümlədən xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq. Ancaq, eyni zamanda, biz xarici şirkətləri bizə lazım olan sahələrə cəlb etməliyik. Ona görə burada səsləndirəcəyim rəqəmlər həm yerli, həm xarici investorlara bir mesajdır”.
Tam əminliklə vurğulamaq olar ki, Prezident İlham Əliyevin müşavirədə üzərində dayandığı məqamlar Azərbaycanın beynəlxalq işgüzar mühitə həm də orta güc ampluasındakı mesajıdır. Məlum olduğu kimi, siyasi və beynəlxalq münasibətlərdə “orta güc” (ingiliscə middle power) supergüc və ya böyük dövlət olmayan, amma beynəlxalq siyasətə müəyyən təsir göstərə bilən ölkələr üçün işlədilən anlayışdır. Belə dövlətlər, bir qayda olaraq, regional və ya qlobal məsələlərdə aktiv diplomatik rol oynayır, iqtisadi və ya hərbi baxımdan sabit sayılır, həmçinin beynəlxalq təşkilatlarda fəal vasitəçilik gerçəkləşdirir, əksər hallarda sülhpərvər mövqe tuturlar. Onu da bildirək ki, orta güc statusuna malik ölkələrin göstərdikləri təsir aktiv diplomatiyaya və konkret əməkdaşlıq konturlarına söykənir. Bu isə həmin ölkələrə regional liderlik statusu qazandırır.
Bəli, sadaladığımız parametrlər Azərbaycanın orta güc anlayışına uyğunluğunu göstərir. Ölkəmizi bu mənada ön plana çıxaran başlıca amil isə nüfuzdur. O nüfuz ki, Prezident İlham Əliyev şəxsiyyətindəki erudik təfəkkürdən, iti zəkadan, dərin intellektdən, hadisə və proseslərə məxsusi yanaşma tərzindən qaynaqlanır. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanın orta güc olaraq regional lider statusu məhz dövlətimizin başçısının xarakterindəki prinsipiallığın və qətiyyətin, dönməz iradənin nəticəsidir. Bəs respublikamız orta güc kimi necə formalaşıb? Suala cavab verərkən, bir çox cəhətlərə diqqət yetirmək mümkündür. Amma ümumi şəkildə bir neçə məqamın üzərində dayanaq.
Müstəqillik illərində başlıca fəaliyyəti dövlət quruculuğu, enerji siyasəti, regional təhlükəsizlik və diplomatik aktivlik üzərində qurulmuş Azərbaycanda 1990-cı illərin əvvəllərində siyasi və iqtisadi böhran yaşanmasına baxmayaraq, daxili sabitliyin və dövlət institutlarının möhkəmləndirilməsinə başlanıldı. Ulu öndər Heydər Əliyevin böyük siyasi səriştəsinin nəticəsi kimi meydana çıxan bu proses güclü mərkəzi idarəetmə və təhlükəsizlik siyasətinə əsaslandı ki, bu, gələcək üçün etibarlı baza idi. Yəni, faktiki olaraq, Ulu öndər məhz həmin bazanı formalaşdırdı.
İkinci məqam kimi, bilavasitə enerji siyasətindən söz açaq. Neft və qaz ehtiyatları Azərbaycanın beynəlxalq əhəmiyyətini artırsa da, bu ehtiyatlardan səmərəli istifadə, eləcə də onların beynəlxalq bazarlara çıxarılması amili müstəsna əhəmiyyət daşıyırdı. Nəzərə alaq ki, sərvət heç də bütün xalqlara xoşbəxtlik gətirmir. Əksinə, təbii sərvətlərin bəzən xalqlar və dövlətlər üçün əsl bəlaya çevrildiyini görürük. Məsələyə mövcud prizmadan yanaşsaq, deyə bilərik ki, Azərbaycan dövlətinin orta güc statusuna yiyələnməsindəki başlıca cəhət onun həm də risklərin qarşısını alınmasındakı və idarə olunmasındakı bacarığı və məharətidir.
Mahiyyət etibarilə, Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi, bütövlükdə, hazırda Avropanın enerji təhlükəsizliyindəki aparıcı rol ölkəmizin iqtisadi və siyasi çəkisini yüksəltdi. Ən başlıcası isə bu çəkini şərtləndirən məqamların sayı artmaqdadır. Nəzərə alaq ki, hazırda Azərbaycan yalnız enerji ixracatçısı deyil, həm də regional strateji tərəfdaş kimi tanınır ki, mövcud amil də orta güc anlayışı baxımından önə çəkilə bilər.
Əvvəldə vurğuladığımız kimi, orta güc ampluasında həm də sülhpərvərlik missiyası var. Bunun üçün isə balanslaşdırılmış xarici siyasət mütləqdir. Yəni balanslaşdırılmış siyasət o qədər ciddi səmimiyyət motivlərinə əsaslanmalıdır ki, o dərəcədə ölçülü-biçili olmalıdır ki, heç bir məqam şübhə doğurmasın. Bu baxımdan ölkəmiz dünya üçün, sözün əsl mənasında, nümunədir. Baxın, günümüzün Azərbaycanı balans siyasətini müxtəlif güc mərkəzləri arasında, özü də çox uğurlu çəkildə aparır. Belə bir siyasətdə dəyişilməz kazus isə milli maraq və mənafelərə əsaslanmaqdır. Bu əsaslanma dəqiq olmalı və son dərəcə müfəssəl izahını tapmalıdır və tapır da. Əks halda, obrazlı desək, ətraf qurdluqdan düşənləri yeməyə hazır olanlarla doludur.
Azərbaycanın orta güc statusunun möhkəmlənməsi özünü daha çox İkinci Qarabağ müharibəsindən sonra göstərdi. O müharibədə ki, ölkəmiz təkcə Ermənistana və dünya erməniliyinə deyil, onların bütün havadarlarına qarşı mübarizə apardı. Nəinki mübarizə apardı, eyni zamanda, zəfər qazandı. Zəfər isə tamamilə yeni reallıq formalaşdırdı. Elə bir reallıq ki, bu gün artıq regional düzən kimi oturuşmaqdadır. Tam əminliklə deyə bilərik ki, İkinci Qarabağ müharibəsindəki qələbəmiz Azərbaycanı Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutları, Xəzər regionu tranzit layihələri üzrə regional bağlantı mərkəzi mövqeyini gücləndirdi.
Orta güc ampluasına “yumşaq güc” alətlərindən səmərəli istifadə məharəti də xasdır. Bu gün Azərbaycan dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərinə ev sahibliyini gerçəkləşdirir, Vətənimiz çoxsaylı forumların və enerji sammitlərinin düzənləndiyi məkandır, bu baxımdan bənzərsiz və təkrarsız nümunədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məkanın gələcəkdə daha böyük uğurlara imza atacağı, orta güc olaraq özünü daha fərqli mövqelərdə göstərəcəyi isə şübhəsizdir. Həm də ona görə şübhəsizdir ki, Azərbaycanın keçdiyi yol gələcək üçün etibarlı bazadır. Müstəqil dövlətçilik üçün əbədi təminat bazası.
Ə.CAHANGİROĞLU
XQ

