Çin, Aİ və ABŞ bu beynəlxalq nəqliyyat marşrutunu yaxından dəstəkləyir
Dünyada və regionda baş verən geosiyasi hadisələrlə əlaqədar Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur. Bu amil adıçəkilən dəhlizin önəmini artırmaqla yanaşı, geniş bir regionda yerləşən ölkələr arasında əməkdaşlığın daha da inkişafı baxımından unikal imkanlar təqdim edir. Yaxud Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrində respublikamızın rolu getdikcə artır.
Azərbaycan Qərblə Şərq yolunun üzərində yerləşdiyindən dünyanın ən böyük iqtisadiyyata malik olan tərəfləri–Çinlə Avropa arasında əlaqənin qurulması kimi vacib layihədə başlıca rollardan birini oynayır. Respublikamız bu istiqamətdə qlobal və regional miqyasda mövcud vəziyyətlə (Qırmızı və Qara dənizlərdə, Süveyş kanalında mövcud böhranlı şərait) əlaqədar Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən keçməklə Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrut sayılır.
Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşrutdur. Xatırladaq ki, bu dəhliz 2014-cü ildən fəaliyyət göstərir və Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və daha sonra Türkiyə, həmçinin Avropa ölkələrinə qədər uzanır.
Xatırladaq ki, 2024-cü ildə Orta Dəhliz ilə yükdaşımaların həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb. 2025-ci ildə onun 5,2 milyon tona qədər artacağı gözlənilir ki, bunun da 4,2 milyon tonu marşrutda iştirak edən ölkələrdən keçəcək. Bu həcmin 2,5 milyon tonu quru yük (96 min TEU ekvivalenti), 1,7 milyon tonu isə neft olacaq. Marşrutun ötürücülük qabiliyyəti 2027-ci ilə qədər ildə 10 milyon tona çata bilər ki, bu da Azərbaycanın tranzit potensialının genişləndirilməsi və infrastruktura əlavə investisiyaların cəlb edilməsi üçün davamlı zəmin yaradacaq.
Özbəkistan Nəqliyyat Nazirliyinin layihəsi çərçivəsində hazırlanan və Azərbaycan mediasında da artıq yayılan analitik hesabatda Orta Dəhlizin Azərbaycanın Avrasiya logistikasında əsas həlqə kimi əhəmiyyəti xüsusi qeyd edilir. Sənəddə respublikamızın bu marşrutdakı rolu müasir nəqliyyat infrastrukturuna, Xəzər dənizi sahilində yerləşən dəniz limanlarına və eyni zamanda, adı çəkilən dəhlizin əsas iştirakçılarından olan Türkiyə və Gürcüstanla dayanıqlı əlaqələrə əsaslandığı bildirilir.
Hesabat müəllifləri tərəfindən Azərbaycan – Türkiyə tandeminə xüsusi diqqət yetirilir və bu iki ölkənin geosiyasi və geoiqtisadi layihələrdə hər zaman koordinasiyalı şəkildə çıxış etdiyi vurğulanır. Bu əməkdaşlıq Rusiya və İrana qarşı tətbiq edilən sanksiyalar fonunda Qərbin, xüsusilə Avropa İttifaqının (Aİ) və ABŞ-ın Mərkəzi Asiya ilə əlaqələri gücləndirmək cəhdlərini dəstəkləyən amil kimi qiymətləndirilir.
Azərbaycanın müstəqillik əldə etdiyi vaxtdan bəri beynəlxalq nəqliyyat habına çevrilmək məqsədilə ardıcıl şəkildə nəqliyyat infrastrukturunun inkişafına yönələn siyasət apardığı vurğulanır. Bu kontekstdə həm Orta Dəhlizin, həm də Şimal-Cənub marşrutunun ölkə üçün strateji önəm daşıdığı xatırladılır.
Hesabatda vurğulanır ki, Azərbaycan Orta Dəhlizə təkcə infrastrukturun inkişafı məqsədilə deyil, həm də gələcək iqtisadiyyatın bir parçası, eyni zamanda, yerli məhsulların ixracı üçün mühüm kanal kimi yanaşır. Bu baxımdan, 2024-cü ilin noyabrında Bakı-Sian dəmir yolu marşrutu ilə yüklərin göndərilməsi mühüm nümunədir.
Sənəddə bildirilir ki, Orta Dəhliz Qazaxıstan üçün də geosiyasi vasitə kimi mühüm önəm daşıyır. Sözügedən marşrutun bu ölkənin qlobal təchizat zəncirlərinə inteqrasiyasına, Avropa İttifaqı (Aİ) və Türkiyə ilə əlaqələrin gücləndirilməsinə, eyni zamanda, “Bir kəmər, bir yol” təşəbbüsündəki rolunun artmasına kömək edir. Marşrutun genişlənməsi Astanaya öz xarici iqtisadi əlaqələrini şaxələndirməyə və Türk dünyası, Avropa, eləcə də Asiya-Sakit okean regionu ölkələri ilə əməkdaşlığı gücləndirməyə əlverişli şərait yaradır. Bundan başqa, Orta Dəhliz çərçivəsində infrastrukturun modernləşdirilməsi regiondaxili əlaqələrin inkişafına və Mərkəzi Asiya ölkələrinin nəqliyyat imkanlarının yaxşılaşdırılmasına mühüm töhfə verir.
Hesabatda əlavə olaraq qeyd olunur ki, həm ABŞ, həm də Aİ Orta Dəhlizi Rusiyadan keçən ənənəvi marşrutlara alternativ kimi nəzərdən keçirir və onun inkişafını strateji prioritet kimi dəyərləndirir. Çin isə Ukrayna münaqişəsi fonunda Orta Dəhlizə geosiyasi riskləri azaldan, daha sabit və dayanıqlı tranzit marşrutu kimi maraq göstərir.
Sənəddə daha sonra deyilir ki, qlobal qeyri-müəyyənliklər şəraitində Orta Dəhliz həm Pekin üçün “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində, həm də Moskva üçün daha təhlükəsiz və səmərəli marşrutdur. Çin və Rusiya arasındakı tərəfdaşlıq Avrasiya nəqliyyat arxitekturasının modernləşdirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsinə xidmət edə bilər.
Hesabatda Tacikistanın maraqları da xüsusi qeyd olunur. Düşənbə Orta Dəhlizi qiymətli metallar, tekstil və tikinti materiallarının ixracı yolu ilə Avropa bazarlarına çıxış imkanı kimi görür. Müəlliflər bildirirlər ki, Tacikistan bu marşrut ətrafında artan fəallıq fonunda Bakı ilə əməkdaşlığı strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib.
Onu da qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çindən göndərilən yüklərin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə, ümumilikdə, cəmi 18 günə baş verir.
Məhəmməd ƏLİYEV,
Azərbaycan Dövlət İqtisad Universiteti biznes və logistika kafedrasının müdiri, dosent
Orta Dəhliz çərçivəsində irimiqyaslı infrastruktur layihələrinə beynəlxalq maliyyə qurumlarının da marağı artır. Dünya Bankı (DB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Asiya İnkişaf Bankı (AİB) və digər qurumlar dəhlizin inkişafına dair layihələri dəstəkləyir. Bu, bir tərəfdən bölgəyə xarici investisiya axınını sürətləndirir, digər tərəfdən iştirakçı ölkələrin nəqliyyat və logistika imkanlarını dünya standartlarına uyğunlaşdırır.
Orta Dəhlizin rəqəmsallaşdırılması istiqamətində atılan addımlar da xüsusi qeyd olunmalıdır. “Bir pəncərə” prinsipinin tətbiqi, elektron sənəd dövriyyəsinin genişlənməsi və gömrük əməliyyatlarının avtomatlaşdırılması tranzit proseslərinin səmərəliliyini əhəmiyyətli dərəcədə artırır. Bu, həm də korrupsiya risklərini azaldır və yükdaşımalarda şəffaflığın təmin olunmasına xidmət edir.
Orta Dəhliz Rusiya üzərindən keçən Şimal marşrutundan fərqli olaraq daha dayanıqlı və şaxələndirilən tranzit imkanı təklif edir ki, bu da geosiyasi münaqişələr və sanksiyalarla bağlı risklərin azalmasına əlverişli şərait yaradır. Yalnız nəqliyyat funksiyası ilə kifayətlənməyən bu dəhliz, eyni zamanda, regional iqtisadi artım və inteqrasiyanın güclü katalizatoruna çevrilərək, infrastrukturun, sənayenin inkişafını və yeni iş yerlərinin yaradılmasını stimullaşdırır.
Sözügedən dəhlizin inkişafı ilə bağlı gözləntilərə AYİB-in proqnozlarında da yer verilir. Bankın hesablamalarına görə, Mərkəzi Transxəzər marşrutu üzrə konteyner daşımalarının həcmi 2022-ci ildəki 18 min TEU-dan 2040-cı ildə 130 min TEU-ya çatacaq. Əgər böyük infrastruktur layihələri həyata keçirilərsə, bu rəqəm 865 min TEU-ya qədər yüksələ bilər ki, bu da mövcud göstəricidən 48 dəfə çoxdur. DB isə 2030-cu ilə qədər yükdaşımaların 3 dəfə artaraq ildə 11 milyon tona çatacağını proqnozlaşdırır.
AYİB-nin hesabatına əsasən, Orta Dəhlizin inkişafına töhfə verən mühüm amillər sırasında nəqliyyat sənədlərinin rəqəmsallaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, sistemlərin qarşılıqlı uyğunluğunun artırılması və dövlət – özəl tərəfdaşlığının genişləndirilməsi qeyd olunub. Bundan əlavə, sənəddə “Astana” Beynəlxalq Maliyyə Mərkəzində qeydiyyatdan keçmiş şirkətlərin Orta Dəhlizin təşviqində oynadığı fəal rola da toxunulub. Belə ki, Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəmir yolu şirkətlərini birləşdirən “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin Çin və Avropa arasında multimodal daşımaların rəqəmsallaşdırılması və optimallaşdırılması üzərində müvafiq layihə reallaşdırdığı bildirilib.
Bütün bunlar deməyə əsas verir ki, son illərdə Avrasiya məkanında nəqliyyat-logistika infrastrukturunun inkişafında baş verən dönüş nöqtələrindən biri Orta Dəhlizin aktuallaşması və geosiyasi əhəmiyyətinin artması ilə bağlıdır. Bu dəhliz Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyə ərazilərindən keçən strateji multimodal marşrut olmaqla, həm regional, həm də qlobal ticarət münasibətlərində mühüm rol oynayır.