Qarabağ və Şərqi Zəngəzurda yaylaq mövsümü

post-img

Azərbaycanda qoyunçuluq və arıçılıq təsərrüfatlarını işğaldan azad edilmiş ərazilərdə yerləşən yaylaqlara aparmaq istəyən fermerlərin qeydiyyatına başlanılır. Qeydiyyat prosesi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə (eagro.az) həyata keçirilir. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Qurumdan verilən məlumata əsasən, təsərrüfatlarını azad olunuş ərazilərdəki yaylaqlara aparmaq istəyən, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarından, yaxud İmişli, Beyləqan, Ağdaş, Yevlax, Mingəçevir, Ucar, Zərdab və Samux rayonlarından birində qeydiyyatda olan fermerlər eagro.az portalına öz təsərrüfatları haqqında məlumatları daxil edərək aprelin 13-də saat 10:00-dan etibarən qeydiyyatdan keçə bilərlər.

Bildirilib ki, fermerlərə yaylaq sahəsi portal vasitəsilə seçdiyi ərazi üzrə ayrılacaq. 2026-cı il yaylaq mövsümü dövründə arıçılıq təsərrüfatlarının Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd, Füzuli, Laçın və Kəlbəcər rayonları ərazisinə, qoyunçuluq təsərrüfatlarının isə Laçın və Kəlbəcər yaylaqlarına köçürülməsinə icazə verilir. Fermerlərin köç portalına daxil etdikləri məlumatların tələblərə uyğunluğu yoxlandıqdan sonra təsdiq ediləcək. təsərrüfat sahiblərinə portalda qeydiyyat zamanı göstərdikləri mobil nömrəyə köç tarixinə dair SMS bildirişi göndəriləcək.

Köç prosesində iştirak etmək istəyən fermerlərin öz təsərrüfatlarındakı iribuynuzlu və xırdabuynuzlu heyvanları identifikasiya etməsi və identifikasiya ilə bağlı məlumatları Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə daxil etməsi tövsiyə olunur.

XQ

İqtisadiyyat