İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndə heyəti “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən tikinti, bərpa-quruculuq layihələrinin icrası ilə yaxından tanış olub.
Sözügedən səfər çərçivəsində yaşayış məntəqələrinə və aidiyyəti layihələrə baxış zamanı İqtisadiyyat, Rəqəmsal İnkişaf və Nəqliyyat, Kənd Təsərrüfatı, Elm və Təhsil, Səhiyyə nazirlikləri, müvafiq bərpa, tikinti və idarəetmə xidmətləri, həmçinin 20-dən çox icraçı qurumun əməkdaşları ilə işgüzar müzakirələr aparılıb.
Keçirilən görüşlərdə bildirilib ki, dövlətimizin başçısının rəhbərliyi ilə azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığı, müvafiq Dövlət Proqramı çərçivəsində müasir infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıdışı və rahat məskunlaşması üçün yeni yaşayış məntəqələrinin inşası sürətlə davam etdirilir. Eyni zamanda, 2025-ci ilin birinci yarısınadək 15 min nəfərdən çox əhalinin doğma yurd-yuvalarına köçürülməsinin gerçəkləşdirilməsi, ümumilikdə, azad edilmiş ərazilərdə yaşayan əhalinin 50 min nəfəri keçməsi Qarabağın sürətlə məskunlaşmasının bariz ifadəsi kimi dəyərləndirilir.
Görüşlərdə 2025-ci ilin birinci yarısına olan məlumata əsaslanılaraq Dövlət Proqramı çərçivəsində bir sıra mühüm layihələrin icra edildiyi, habelə 1 ali, 14 ümumtəhsil və 6 məktəbəqədər təhsil müəssisəsinin istifadəyə verildiyi, 19 səhiyyə obyektinin, o cümlədən 2 xəstəxana, 6 ailə sağlamlıq mərkəzi, 5 həkim məntəqəsi, 4 modul tipli xəstəxana və 1 poliklinikanın fəaliyyətə başladığı, bütün bunlarla yanaşı, uzunluğu 300 kilometrdən artıq avtomobil yolunun tikintisinin yekunlaşdırıldığı da diqqətə çatdırılıb.
Maliyyə Nazirliyinin müvafiq məlumatına əsasən, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə cari ilin ilk 6 ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında illik nəzərdə tutulmuş vəsaitin 38,8 faizi həcmində və yaxud 1 milyard 552,4 milyon manat istifadə olunub.
Həmin vəsaitin 1 milyard 353,6 milyon manatı infrastruktur təyinatlı, 182 milyon manatı təhsil, səhiyyə, mədəniyyət və idmanyönümlü sosial təyinatlı layihələrin maliyyələşdirilməsinə, 16,8 milyon manatı isə ərazilərin minalardan təmizlənməsi tədbirləri üzrə xərclərə yönəldilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli sərəncamı ilə sözügedən Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən həyata keçirilir.