Azərbaycan xurmasının bazarı genişlənir

post-img

Ölkənin xurma bağlarında yığılan məhsulun soyuducu anbarlara qəbuluna başlanılacaq. Bu barədə “Azərbaycan Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Qadir Yusifov məlumat verib. O bildirib ki, bu il bağlarda məhsuldarlıq yüksək olsa da, Azərbaycan xurmasının əsas ixrac bazarı sayılan Rusiyada satışın kəskin azalması müşahidə olunur. Hətta qonşu ölkənin bazarlarında xurmanın qiyməti əvvəlki illə müqayisədə 30-40 faiz aşağıdır. Birlik sədri bunun əsas səbəbini bu ölkədə alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirib.

Hazırda Azərbaycanın xurma ixracatçılarının daha çox Türkiyə bazarına maraq göstərdiklərini vurğulayan birlik rəhbərinin sözlərinə görə, iki ölkə arasında əldə olunmuş yeni ticarət razılaşması azərbaycanlı fermerlər üçün əlverişli imkanlar yaradıb. Qadir Yusifov deyib ki, mövcud razılaşmaya əsasən gömrük rüsumundan azad olunmaqla ticarəti nəzərdə tutulan 15 adda məhsulun siyahısına əvvəllər xurma daxil edilməmişdi. Lakin onun İqtisadiyyat Nazirliyinə ünvanladığı müraciətdən sonra Azərbaycan tərəfinin məsələyə müdaxiləsi müvafiq orqanlarla birgə işi nəticəsində xurma da həmin siyahıya salınıb. Nəticədə, Azərbaycan xurması hazırda Türkiyəyə əlavə dəyər vergisi ödənilmədən ixrac olunur. Bu isə həm məhsulun rəqabət qabiliyyətini artırır, həm də ixracatçılar üçün yeni bazar imkanları yaradır.

Bununla belə, xurma ixracının yalnız Türkiyə bazarları ilə məhdudlaşmadığını söyləyən birlik sədrinin dediyinə görə, hazırda məhsul Ukrayna və Belarus bazarlarına da göndərilir. Bununla yanaşı, ərəb və bəzi Avropa ölkələrinə də xurma ixracı nəzərdə tutulur. Bu isə o deməkdir ki, yaxın illərdə Azərbaycan xurmasının ixrac coğrafiyası daha da genişlənəcək.

Qeyd edək ki, Azərbaycanda xurma 20-dən çox rayonda, o cümlədən Göyçay, Ağdaş, Tərtər və Zaqatalada yetişdirilir. Göyçay və Ağdaş rayonları isə ölkənin “xurma paytaxtları” sayılır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-sentyabr aylarında ölkəmizdən 34,1 milyon dollar həcmində 47 min 726 ton xurma ixrac edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsi ilə 5 milyon dollar və ya 17,1 faiz, miqdar ifadəsi ilə isə 6 min 136 ton və ya 14,7 faiz çoxdur.

Bir məqamı da qeyd edək ki, cari ilin 9 ayında ümumi ixracın 0,18 faizi, qeyri-neft sektoru üzrə ixracın isə 1,29 faizi məhz xurmanın payına düşüb. Ötən ilin eyni dövründə isə xurmanın ümumi ixracdakı payı 0,15 faiz olub. Xatırladaq ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan 29,1 milyon dollar dəyərində 41 min 590 ton xurma ixrac olunub. Yeri gəlmişkən, cari ilin 9 ayının nəticələrinə əsasən, Azərbaycanın ixrac etdiyi xurmanın 1 kiloqramının orta ixrac qiyməti 1 manat 22 qəpik təşkil edib. Ötən ilin eyni dövründə isə bu rəqəm 1 manat 19 qəpik olub. Bu da illik müqayisədə 2,5 faiz bahalaşma deməkdir.

 

İqtisadiyyat