Samux rayonunda görkəmli alim, akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Samux Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatı və Samux Mərkəzi Rayon Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilən tədbir iştirakçıların Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarəti ilə başlayıb. Abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin xatirəsinə ehtiram ifadə olunub.
Daha sonra tədbir Samux Rayon Heydər Əliyev Mərkəzində davam etdirilib. Konfransda Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Samux rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacıbədəlli, Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, idarə, müəssisə və təşkilat rəhbərləri, səhiyyə işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın, həmçinin Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca akademik Zərifə Əliyevanın ömür yoluna və zəngin elmi fəaliyyətinə həsr edilmiş qısametrajlı sənədli film nümayiş etdirilib.
Konfransda çıxış edən Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Bildirib ki, Zərifə xanım Əliyevanın elmi irsi yalnız yaşadığı dövr üçün deyil, bu gün də böyük əhəmiyyət daşıyır. Onun oftalmologiya sahəsində apardığı tədqiqatlar, yaratdığı elmi məktəb və yetişdirdiyi kadrlar Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayıb.
Qeyd olunub ki, Zərifə xanım Əliyeva dərin elmi biliyi, yüksək mənəvi keyfiyyətləri, sadəliyi və insanlara qayğıkeş münasibəti ilə təkcə böyük alim kimi deyil, həm də əsl ziyalı, nəcib insan kimi yaddaşlarda yaşayır. Onun mənalı ömür yolu, peşəsinə və insanlara olan sevgisi bugünkü səhiyyə işçiləri üçün də örnəkdir.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxışında akademik Zərifə Əliyevanın həm elm, həm də ailə dəyərləri baxımından nümunəvi şəxsiyyət olduğunu bildirib. O qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım Əliyeva sədaqəti, ziyalılığı və mənəvi bütövlüyü ilə xalqımızın yaddaşında xüsusi yer tutur.
Samux rayon Mərkəzi Xəstəxanasının direktoru Loğman Hacıbədəlli isə akademik Zərifə Əliyevanın oftalmologiyanın müxtəlif istiqamətləri üzrə apardığı elmi araşdırmalardan, fundamental əsərlərindən və Azərbaycan tibb elminə verdiyi töhfələrdən bəhs edib. Bildirib ki, onun fəaliyyəti nəticəsində ölkəmizdə oftalmologiya elmi yeni inkişaf mərhələsinə qədəm qoyub, göz xəstəliklərinin öyrənilməsi və müalicəsi sahəsində mühüm nailiyyətlər əldə olunub.
Tədbirdə çıxış edən həkim Səadət Əkbərova akademik Zərifə Əliyeva ilə bağlı xatirələrini bölüşüb. O bildirib ki, Zərifə xanımı yaxından görmək və onunla ünsiyyətdə olmaq həyatında unudulmaz iz buraxıb. Səadət Əkbərova qeyd edib ki, Zərifə xanım Əliyeva yüksək peşəkarlığı, sadəliyi, səmimiyyəti və insanlara xüsusi diqqəti ilə hər kəsin dərin hörmətini qazanmış nadir şəxsiyyət idi.
Konfransın sonunda Samux rayonunda səhiyyə sahəsində səmərəli fəaliyyəti ilə fərqlənən bir qrup səhiyyə işçisi Samux Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla təltif olunub.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri





